“İctimai qınaqla biz çox şeyə nail ola bilərik”

528

Cəmiyyətlərdə mövcud problemlərin həlli yollarına fərqli yanaşmalar həmişə olub. Bu yanaşmaları müəyyən edən bir çox faktorlar var. Bu sahədə ictimai qınağın rolu həmişə müzakirə mövzusu olub. Tanınmışların ictimai qınaq və onunla nəyə nail oluna biləcəyi ilə əlaqəli fikirlərini öyrəndik.
1. İctimai qınaq necə olmalıdır? 2. İctimai qınaqla nəyə nail ola bilərik?
Professor Qulu Məhərrəmli:
1. İctimai qınağın müxtəlif formaları var. Amma onun ən yaxşı yollarından biri mediada, kütləvi çap məhsullarında, kütləvi yayımda, yəni ictimaiyyətin daha çox baxdığı məlumat mənbələrində qınaqdır. Yəni bu mənada ictimai əxlaq uyğun olmayan şeyi tənqid etməkdir. İctimai qınaq odur ki, bu adam bu hərəkəti yanlış edir və onun törətdiyi hərəkətin ictimai nəticəsi ağır sayılır, cəmiyyətə müəyyən mənəvi zərər vurur. Bu ictimai qınağın forması və özüdür.
2. İctimai qınaq ictimai nəzarətin bir formasıdır. Ümumi ictimai rəyin ifadə edilməsinin bir üsuludur. Bu, təsir formasıdır. İnsanları müəyyən yanlış əməllərdən çəkindirmək üsuludur. Bununla biz çox şeyə nail ola bilərik. Hansısa yanlışlığa yol vermiş insan ictimai qınaq nəticəsində bu və ya başqa hərəkətinə son verir, onu müəyyən dərəcədə korrektə edir. İctimai rəyin təsiri ilə geri çəkilir. Bu baxımdan çox önəmlidir.

Publisist Coşqun Eldaroğlu
1. İctimai qınaq cəmiyyətdə ayrı-ayrı fərdlərin etiraz formasıdır. İctimai qınaq daha çox məişət məsələlərinə olmamalıdır, ictimai məsələlərə olmalıdır. O məsələlər ki cəmiyyət üçün, ölkə üçün əhəmiyyətli ola bilər və yaxud da xətlər, istiqamətlər ola bilər. Tutaq ki, hansısa bir sosial ədalətsizlik olur və ya yuxarı eşalon sosial ədalətsizlik edir, buna etiraz formatı ictimai qınaqdır. İnsanların hər hansı şəkildə öz iradını bildirməsidir. Çünki çox dəyərlər var ki, bunlar bəşəri dəyərlərdir. Elə bir situasiya yaranıb ki, dəyərlər var, yəni bilinir ki onların mənəvi yükü var. Sadəcə olaraq, onları müdafiə eləmək lazımdır. Mən ictimai qınağa həm də bu dəyərlərin müdafiəsi kimi baxıram. Həmin dəyərlərə əl uzatmaq, onları tapdalamağa icazə verməməkdi.
İctimai qınaq müxtəlif formalarda ola bilər. Məsələn, hər hansı bir aksiya şəklində ola bilər. 8 Martda qadına şiddət əleyhinə keçirilən aksiya ictimai qınaqdır. Bu qınağı qadınlar göstərmişdilər. Bunu insanlar cəmiyyətdə olan hər hansı hadisəyə göstərə bilər. Başqa bir misal da Türkiyədə olan bir hadisədən deyim: Bir mağazadan suriyalı uşaq nə isə oğurlayır qaçır. Mağazanın sahibi də arxasınca qaçıb uşağı tutub, qaldırıb çırpır yerə. Ətrafda olan insanlar uşağı müdafiə eləməyə çalışırlar. Mən hətta istəyirəm ki, insanlar çox kiçik hadisələrdə də bu məsuliyyəti hiss eləsinlər. İctimai qınaq bizdə o qədər də formalaşmayıb. İctimai etirazlar yoxdur. Bizdə bu, məişət səviyyəsində edilir. Bütün məsələlərdə siyasi yük axtarırıq. Məsələn, məhəllədə bir qıza sataşırlarsa, biz də istəyirik ki, onun yanında özümüzü yaxşı göstərək. Ən yaxşı hal bu ola bilər. Biz etiraz formasını çox bəsit formada göstəririk. Amma ölkə üçün, cəmiyyət üçün əhəmiyyətli məsələlərdə də ictimai qınaq olmalıdır. Ölkə üçün, cəmiyyət üçün əhəmiyyətli məsələlərdə biz yoxuq.
2. Birinci sualda dəyərlərdən danışdım. İctimai qınaqla həmin dəyərlərin ayaq tutub yeriməsinə nail ola bilərik. Bu dəyərlər bir küncə sıxılıb oturub, ayaqlarını da yığıb sinəsinə. Bax belə bir oturma forması var. Postsovet ölkələrində ictimai qınaqla çox şeyə nail olublar. Biz çox kiçik məmurlardan belə çəkinirik. Məsələn, Ukraynada Mənzil İstismar Sahəsi (MİS) insanlardan, az qala, qorxur. MİS məhəlləyə gəlməyə çəkinir ki, insanlar çox şey tələb eləyəcəklər. MİS binanın pilləkənlərini təmizləyir, rəngləyir. Nə isə problem olanda həll edir. Bizim ölkədə isə arvadın əlinə süpürgəni veririk ki, get pilləkənləri süpür. Adam rüşvətlə, vicdansızlıqla, başqasının haqqını yeməklə qazandığı pula aldığı yekə maşından düşür, biz də ona salam veririk, hörmət nümayiş elətdiririk. Biz ən azı, baxışlarımızla onu qınaya bilərik. Adam anlayar ki, pis işlə məşğuldu, belə yaşamaq olmaz. Amma bizim rəğbətimizi gördükcə daha da həvəslənir.

Jurnalist Araşdırmaları Mərkəzi İctimai
Birliyinin sədri Seymur Verdizadə
1. Mən hesab edirəm ki, Azərbaycanda ictimai qınaq arzuladığımız səviyyədə deyil. Təəssüflər olsun ki, sovet dönəmində indikindən güclü idi. Bununla bağlı efirdə də öz çıxışlarımda danışmışam. Məsələn, biz görürük ki, qonşuda bir kişi öz körpə uşağını və həyat yoldaşını atıb gedib, özündən yaşca çox aşağı olan bir qadınla yaşayır. Övladlarına baxmır, ailəsinə baxmır və s. Bax bu cür adamları ancaq ictimai qınaq yolu ilə tərbiyə eləmək mümkündür. İctimai qınaq budur. Biz neyləyə bilərik? Hər hansı bir adamın bu tipli insana fiziki təsir göstərməyə əlində heç bir imkanı yoxdur. Bizim gücümüz ancaq ona çatır ki, həmin insana salam verməyək, övladımıza toy ediriksə, həmin adamı toya çağırmayaq, istənilən halda həmin adama üz göstərməməliyik. Məncə, ictimai qınaq bu cür olmalıdır. Belə insanları görəndə ən azı üzümüzü yana çevirməklə onun yanlış etdiyini bildirə bilərik. İnsanlar başa düşməlidirlər ki, onların cəmiyyətin ziyanına olan heç bir hərəkəti cavabsız qalmayacaq.
Məsələn, mən həmişə deyirəm ki, biz təkcə öz övladlarımızın yox, qonşunun uşaqlarının da tərbiyəli olmasına çalışmalıyıq. Həm də onun tərbiyəsi ilə məşğul olmalıyıq. Bizim övladımız nə qədər tərbiyəli olsa da, sabah məktəbdə, küçədə, ictimai nəqliyyatda tərbiyəsiz uşağın təsiri altına düşə bilər. Ona görə biz təkcə özümüzün yox, həm də qonşunun övladını da düşünməliyik. Ən yaxşı ictimai qınaq odur ki, biz cəmiyyətin yararına zidd hərəkət eləyən insanları cəmiyyətdən təcrid eləməliyik. O insanlar başa düşməlidirlər ki, namuslu, ləyaqətli insanlar arasında onlara yer yoxdur.
2. İctimai qınaq yüksək səviyyədə olsa, cəmiyyətdə fərdi məsuliyyətsizlik bu qədər çox olmaz. İnsanlar hərəkətlərinə, oturub-durmaqlarına diqqət eləyərlər. Məsələn, avtobus sürücüsü sərnişin dolu avtobusu yanacaqdoldurma məntəqəsinə sürür. Sərnişinlərdən heç kim ona etiraz eləmir. Amma ictimai qınaq olsa, avtobus sürücüsü bizim həyatımızı təhlükə altına atmağa cəsarət edə bilməz. Biz sərnişin kimi bir mövqedən çıxış eləsək, həyatımızın məsuliyyətsiz avtobus sürücüləri tərəfindən təhlükə altına atılmasının qarşısını ala bilərik.
Bilirsiniz ki, Azərbaycanda boşanmaların sayı dəhşətli dərəcədə artıb. Mən bu məsələni araşdırmışam, statistika göstərir ki, hər ay orta hesabla 1000 ailə dağılır. Bu ailələr dağılanda uşaqları başsız qalırlar. Dolayısilə elə uşaqlar da cəmiyyətin problemlərindən biri olur. İctimai qınaq güclü olsa, heç kim ailəsini atıb gedib, eyş-işrətlə məşğul olmaz.
Burada söhbət təkcə məişət müstəvisindən getmir. Yəni ictimai qınaq güclü olsa, jurnalist yalan yazmaz. İctimai qınaq güclü olsa, səsi olmayan müğənni musiqi zövqümüzü korlamaz. İctimai qınaq güclü olsa, avtobus sürücüsü həyatımızı təhlükəyə atmaz. İctimai qınaq güclü olsa, ana ana funksiyasını, ata da ata funksiyasını yerinə yetirər.

Pedaqoq Nazim Əkbərov
1. İctimai qınaq – yəni insan bir xəta eləyir, ətrafında olanlar ona öz rəyini bildirir. Mən belə anlayıram. Məsələn, İslam tarixində ictimai qınaq olub. Müharibəyə gedərkən üç nəfər gecikib, gəlib çata bilməyib və getməyib. Onlarla sonra heç kəs danışmayıb, bu olub ictimai qınaq.
Misal üçün deyim, sabah gedirik hamımız ağac əkməyə, bir-iki nəfər getmir, burada ictimai qınaq ola bilər. Amma deyək ki, bir nəfər siqaret çəkir, bu zərərlidir. Bu adama ictimai qınaq olsa, adam o cəmiyyətdən qaçar. Belə məsələlərə fərdi yanaşmaq lazımdır. İnsanların qəlbini qırmadan, başqalarının yanında kiçiltmədən, səhv edirsə, demək lazımdır.
2. İctimai qınağı daimi fəaliyyət göstərən mexanizm halına salarsansa, cəmiyyətdə stalinizm meydana gələr. Amma bunu hərdən bir, çox zəruri hallarda eləyərsənsə, onda faydalı olar. İctimai qınağı ancaq abıra bağlayarsansa, ancaq abır məsələlərində olarsa, bu mədəniyyətin qorunub saxlanılmasına gətirib çıxaracaq. Yox, ictimai qınaq elmə, təhsilə olarsa, düzgün olmaz. Məsələn, qız uşağı oxumaz, yaxşı deyil; çölə getmək olmaz, camaat nə deyər, sözləri ilə olarsa, bu cəmiyyətdə müsbət inkişaf ola bilməz.
Məsələn, vətəni müdafiə eləmək lazımdır, müharibə vaxtıdır. Hamı gedib canını verir, amma kimsə getmir, qaçır gizlənir. Burada ictimai qınaq olmalıdır. Ümumi vəzifələrdə onlardan yayınmağa çalışanları ictimai qınaqla saxlamaq olar. Yoxsa, fərdi məsələlərə bunu tətbiq etməyə başlasan, bu, faydalı olmaz. Ailədaxili problemi ictimailəşdirib həll yolu axtarmaq isə olmaz. Bunu səhv salmaq lazım deyil. Ümumxalq məsələsinə fərdi qiymət vermək doğru olmadığı kimi, fərdi məsələlərə də ümumxalq qiymət vermək doğru deyil.
Rasim Məmmədli