İctimai qınağın zəifləməsi məsuliyyətsizliyi artırır

0
398

Yəqin ki, bir çoxlarınız piyada keçidi ola-ola yolu birbaşa keçən, izləmə kamerası olmadığı halda işıqforun qırmızı işığına məhəl qoymayan, siqaret çəkmək qadağan olunmuş yerdə siqarət çəkən və s. soydaşlarımızla qarşılaşmısınız. Bəs bu düşüncə tərzi nədən qaynaqlanır? Oxucular üçün maraqlı ola biləcəyini nəzərə alıb, bir çox insanların qanuna, məsləhətlərə biganə olmasının psixoloji və sosioloji səbəblərini araşdırmağa çalışdıq.

 “Əvvəllər ictimai qınaq daha güclü idi, nəinki indi”

Mövzumuzla bağlı suallarımızı cavablandıran Psixologiya və Konsultasiya Mərkəzinin rəhbəri, psixoloq Elnur Rüstəmov bildirdi ki, sözügedən problem dünyanın hər yerində mövcuddur: “Həzzə meyilli olan insanlar var. Bu insanlar üçün daha çox həzz almaq önəmlidir. Ona görə də, həzzə meyilli olan insanlar bütün məsələlərə ancaq bu düşüncə ilə yanaşırlar. Sözügedən insanlar, cəmiyyət tərəfindən ümumi normaya çevrilmiş qaydaları, qanunları belə, pozmaqdan həzz alırlar”. Müsahibimizin sözlərinə görə, hazırda cəmiyyətimizdə ictimai qınağın zəyif olması bu cür halların daha çox baş verməsinə səbəb olur: “Əvvəllər ictimai qınaq daha güclü idi, nəinki indi. İnsalarımızda belə bir yanaşma var- mənə aid deyil, nə olur olsun. Misal üçün, bir yerdə siqaret çəkmək qadağandırsa, həmin obyektin sahibi də buna nəzarət etməlidir və s. İctimai qınaq isə, özünü başqalarının yerinə qoymaqdır, özünə məsləhət bilmədiyini başqalarına da məsləhət bilməməkdir. Əgər insanlarımızda ictimai şüur formalaşarsa, həkimin məsləhətinə də, cəmiyyətdəki qanun-qaydalara da hörmətlə yanaşar”. İctimai qınağın zəifləməsi haqqında da danışan müsahibimiz bildirdi ki, internet, texnologiyalar insanları bir-birilərinə biganələşdirir.

E. Rüstəmovun sözlərinə görə, evlərin əksəriyyətində yarımçıq qəbul edilən dərmanlar var: “Hətta həkimin məsləhət bildiyi dərmanları belə axıra qədər qəbul etmirik. Bütün bunlar da onu göstərir ki, insanlarımız arasında keyfiyyətli maariflənmə işləri aparılmalıdır.”

 “Bir çox problemlərin həllini vətəndaşların öhdəsinə buraxmaq özünü doğrultmur”

Sosioloq Rəfail Həsənov isə bildirdi ki, siyasi, iqtisadi, ekoloji şüur və mədəniyyətdən danışdığımız kimi sağlamlıq mədəniyyəti və şüurundan da danışmalıyıq: “Sovet dövründə şəhər daxili avtobuslara bilet almaq vətəndaşın öz vicdanının öhdəsinə buraxılmışdı. Amma avtobusa çox sayda biletsiz insan minirdi. Bu da onu deməyə əsas verir ki, bu kimi bir çox problemlərin həllini vətəndaşların öhdəsinə buraxmaq özünü doğrultmur”. Müsahibimizin sözlərinə görə, qəbul edilən qanunların icrasına ciddi nəzarət mexanizmi olmalıdır: “Eyni zamanda da, qaydaları pozan insan kifayət qədər böyük məbləğdə cərimə olunmalıdır ki, bu, onlar üçün ciddi bir dərs olsun. Bütün Avropa ölkələrində sizin yuxarıda sadaladığınız problemlərin həlli ümumi bir qaydaya çevrilib. Qərb ölkələrində də qaydalara nəzarət olmasa və ya bir az zəifləsə, orada da qanunlara biganəlik yarana bilər”. R. Həsənovun sözlərinə görə, I Avropa Oyunları zamanı yollardakı xüsusi zolaqlara ciddi nəzarət oldunduğu üçün indi də sarı xətti keçməyə tərəddüd edən sürücülər var: “Bütün bunlar onu göstərir ki, qəbul edilən qanun və qaydaların icrasına ciddi nəzarət etməklə, arzuolunan nəticəni normaya çevirmək mümkündür. Bir neçə il bundan əvvəl Qazaxıstan Prezidenti küçəyə saqqız atmağı, tüpürməyi, eyni zamanda küçədə ucadan danışmağı qanunla qadağan etmişdi. Qəbul edilən qanun-qaydalar o vaxt işlək olur ki, onun icrasına nəzarət mexanizmi olsun”.

Elvin Əliyev

BIR CAVAB BURAXIN

Please enter your comment!
Please enter your name here