İctimai nəqliyyatda qiymət artımı zərurətdən irəli gəlib

0
289

Tarif Şurasının srağagün keçirilən iclasında ictimai nəqliyyatın yeni taarifləri müəyyən olunub. Şuranın qərarına əsasən, avqustun 1-dən etibarən metroda sərnişindaşıma xidmətinin tarifi bir gediş üçün qiymət 30 qəpik, şəhərdaxili avtobuslarda 30 qəpik, şəhərətrafı və qəsəbələrarası avtobus marşrutları üçün məsafədən asılı olaraq  30-90 qəpik, müntəzəm şəhərlərarası avtobus marşrutları üzrə 1 kilometr üçün 2,4 qəpik müəyyən edilib.

Məlumata görə, sərnişindaşıma tariflərinə yenidən baxılması Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi, “Bakı Metropoliteni” QSC, Bakı Nəqliyyat Agentliyi vasitəsilə “BakuBus” MMC və sərnişindaşıma xidmətlərini həyata keçirən bir sıra subyektlərin müraciəti əsasında baş tutub. Bu da səbəbsiz deyil. Məsələn, “BakI Metropoliteni” QSC-nin mətbuat xidməti və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Bəxtiyar Məmmədov bildirib ki, metroda bir sərnişinin daşınması 47 qəpiyə başa gəlir: “Bu tarif dəyişikliyindən sonra da arada 17 qəpiklik bir fərq olacaq. Bu qiymətə yalnız istismar xərcləri daxildir: metro tikintisi – stansiyaların, tunellərin tikintisi, xətlərin inşası. Bura yeni qatarların alınması, mövcud qatarların əsaslı təmiri, modernləşdirilməsi, mövcud stansiyaların və infrastrukturun yenidən qurulması və əsaslı təmiri, bunların heç biri 47 qəpiyə daxil deyil”.

Qeyd edək ki, müntəzəm avtobus marşrutları üzrə sərnişindaşıma xidmətlərinin tariflərinin yuxarı hədləri sonuncu dəfə 2007-ci ilin 6 yanvar tarixində, metroda sərnişindaşıma xidmətinin tarifi isə 2011-ci ilin 24 noyabr tarixində təsdiq edilib. Təbii ki, ötən bu müddətdə ictimai nəqliyyat və metro infrastrukturu müasir standartlara uyğun yenidən formalaşdırılıb və əhalinin istifadəsinə verilib.

Qiymət artımına münasibət bildirən Milli Məclisin deputatı Azər Badamov qeyd edib ki, yeni tariflər cari ilin 1 avqust tarixindən qüvvəyə minəcək: “Bizim ictimai nəqliyyatda xidmətlər, demək olar ki, MDB və region ölkələri ilə müqayisədə ən aşağı həddədir.  Hətta tarif dəyişikliyindən sonra da  aşağı olaraq qalacaq”.

O daha sonra xatırladıb ki,  hazırda metro ilə sərnişindaşıma xidmətinin tarifi Rusiyada 0,80-1,50 manat, Qazaxıstanda 0,20-0,40 manat, Belarusda 0,48-0,56 manat, Gürcüstanda 0,35 manat, Türkiyədə 0,44-1,75 manat, avtobusla müntəzəm şəhərdaxili sərnişindaşıma xidmətinin tarifi Rusiyada 0,80-1,50 manat, Qazaxıstanda 0,20-0,45 manat, Belarusda 0,44-0,52 manat, Gürcüstanda 0,35 manat, Türkiyədə 0,91 manat, müntəzəm şəhərlərarası avtobus marşrutları üzrə tarif isə Rusiyada 5,2-9,2 qəpik/km, Gürcüstanda 4,2-7,5 qəpik/km, Türkiyədə 4,9-8,0 qəpik/km təşkil edir.

Milli Məclisin deputatı bildirib ki, sərnişindaşıma xərcləri aşağı olanda sahibkarın əldə etdiyi gəlir istifadə olunan yanacağın və zəruri ehtiyat hissələrinin pulunu ancaq ödəyir. Bu prosesdə digər problemlər də özünü göstərir. Odur ki, bu sahədə meydana çıxan belə problemləri həll etmək üçün dövlət məcbur olur ki, hər il büdcədən əlavə pullar xərcləsin, dotasiya hesabına bu məsələni həll etsin: “Unutmayaq ki, hər il ictimai nəqliyyatın müasirləşdirilməsi, yenilənməsi məqsədilə dövlət büdcəsindən maliyyə vəsaiti ayrılır. Gediş haqlarının aşağı olması  ictimai nəqliyyatda xidmətlərin müasirləşdirilməsində çətinlik yaradır. Bu həm də bu sahəyə dövlət büdcəsindən dotasiyanın da artmasına gətirib çıxarır. Belə bir vəziyyət isə davam edə bilməz.  Halbuki dünyanın hər yerində xidmət sahələri həm xidmət göstərir, həm də gəlir götürür. Amma bizdə daim dövlətin himayəsindədir. Buna görə də düşünürəm ki, ictimai nəqliyyatda qiymət artımı zərurətdən irəli gəlib”.

Azər Badamov qiymət artımından əldə olunan əlavə vəsaitin yeni metrostansiyaların tikintisini sürətləndirəcəyinə vəsilə olacağını, həm də daha müasir avtobusların alınmasına sərf ediləcəyini bildirib: “Bu, ictimai nəqliyyatda xidmətin daha da müasirləşdirilməsinə, nəqliyyat infrastrukturunun təkmilləşdirilməsi istiqamətində tədbirlərin sürətləndirilməsinə də öz töhfəsini verəcək. Bir sözlə, bu addım ictimai nəqliyyatda vətəndaşlara göstərilən xidmətlərin səviyyəsinin yüksəlməsinə xidmət edəcək. Bu addım həm də dövlət büdcəsini bu kimi qayğılardan xilas edəcək və əhalinin sosial rifah halının daha da yaxşılaşdırılması məqsədilə həyata keçiriləcək layihələrin reallaşdırılmasını daha da sürətləndirəcək”.

Qvami Məhəbbətoğlu,

“İki sahil”