İctimai nəqliyyat təhlükəsizlik, keyfiyyət baxımında dünya standartlarına çatdırılacaq

0
265

“Son 3 ildə orta və iritutumlu 300-dən artıq müasir avtobus alınaraq, Bakı şəhərinin marşrut şəbəkəsində istismara buraxılıb. Bu istiqamətdə işlərin davamı kimi, Prezident İlham Əliyevin  avqustun 8-də “Bakı şəhərində avtobus parkının yenilənməsi haqqında” imzaladığı Sərəncama əsasən, Bakı Nəqliyyat Agentliyinə 300 ədəd sərnişin avtobusunun alınması məqsədilə 47 milyon 924 min manat ayrılıb.

Son dövrlər şəhər nəqliyyatında müvafiq tədbirlər həyata keçirilir. Belə ki, yeni avtobuslar alınır, kart sistemi tətbiqi edilir, yol infrastrukturu yenilənir. Bu mənada Prezident İlham Əliyevin avtobus parkının yenilənməsi ilə bağlı müvafiq Sərəncamı olduqca əhəmiyyətlidir”. Bu fikirləri “İki sahil”ə açıqlamasında nəqliyyat üzrə ekspert Ərşad Hüseynov bildirib. O qeyd edib ki, əsas məqsəd Bakı şəhərinin ictimai nəqliyyatında göstərilən xidmətlərin həm təhlükəsizlik, həm də keyfiyyət nöqteyi-nəzərindən dünya standartlarına çatdırılmasıdır: “Bakı Nəqliyyat Agentliyi dəfələrlə bəyan edib ki, hazırda paytaxtın avtobus parkı müasir standartlara tam cavab vermir. Şübhəsiz, Sərəncamın imzalanması bu zərurətdən irəli gəlib. Belə ki, bu gün bir sıra marşrutlarda köhnə, sınıq-salxaq, təhlükəsizlik normalarına cavab verməyən avtobuslardan istifadə edilir. Xüsusən ətraf kənd və qəsəbələr istiqamətlərində hərəkət edən avtobuslar texniki baxımdan daha çox köhnəldiyindən tələblərə, ümumiyyətlə, cavab vermir. Həmin avtobusların, demək olar ki, 50 faizinin istismar müddəti başa çatıb. Odur ki, bəzən heç son dayanacağa çata bilmirlər. Doğrudur, bəzi sahibkarlar tərəfindən avtobuslar əsaslı təmir edilərək yenidən xətlərə buraxılırlar. Buna baxmayaraq, necə deyərlər, köhnə elə köhnədir. Onlarda yay aylarında sərnişinlərin rahatlığına xidmət edən kondisionerlər də yoxdur. Mən hələ kameraları demirəm. Odur ki,  məişət və  ya qida qırıntılarının belə avtobusların salonlarına atılması, oturacaqlarının yazılması, cızılması adi hala çevrilib. Amma müasir tələblərə cavab verən “BakuBus”n avtobuslarında belə şeylər etmək mümkün deyil. Bir sözlə, həmin avtobuslardakı kameralar sərnişin məsuliyyətini də artırır”.

Həmsöhbətimiz qeyd edib ki, ödəniş sisteminin köhnə qayda ilə həyata keçirilməsi müəyyən problemlərin yaranmasına səbəb olur: “Üstəlik, sosial məsuliyyətlərini unudan bəzi sürücülər sərnişinlərin həyatını təhlükə qarşısında qoyaraq “plan doldurmaq” xatirinə bir-biri ilə sürət yarışına çıxırlar. Bu da bəzən qəzalara yol açır. Yeni alınacaq 300 avtobus nəqliyyat sektorundakı bu kimi problemlərin həllində əhəmiyyətli rol oynayacaq.

Yeri gəlmişkən, bir müddət əvvəl Bakı Nəqliyyat Agentliyi avtonəqliyyat vasitələri parkının yenilənməsi məqsədilə kompleks tədbirlər planı da hazırlamışdı. Şübhəsiz, dövlət başçısının Bakı şəhərində avtobus parkının yenilənməsi haqqında Sərəncamı Bakı Nəqliyyat Agentliyinin avtobus parkının yenilənməsi ilə bağlı başladığı işləri daha da sürətləndirəcək. Fikrimcə,  sərnişinlərin rahatlığı və təhlükəsizliyi baxımından müəyyən edilən tələblərə cavab verən müasir və komfortlu avtobusların alınıb gətirilməsi və marşrut xətləri üzrə istismara verilməsi prosesi bununla yekunlaşmayacaq. Bu, bütün marşrut şəbəkəsi üzrə avtobuslar yenilənədək davam etdiriləcək”.

Ekspert daha sonra deyib: “Dövlət başçısının Bakı şəhərində avtobus parkının yenilənməsi haqqında sərəncamı bu sahənin daha da yaxşılaşdırılması istiqamətində göstərilən diqqətin parlaq ifadəsi olmaqla yanaşı, həm də şəhərimizin müasirləşməsinə, sosial infrastrukturun təkmilləşdirilməsinə öz töhfəsini verəcək. Bir də unutmayaq ki, həyata keçirilən bu kimi tədbirlərin hər biri, hər şeydən əvvəl, ölkəmizin vətəndaşlarının rifah halının, həyat səviyyəsinin yüksəlməsinə xidmət edir. Bu həm də dövlətin öz vətəndaşının qayğısına qalması deməkdir”.

Qvami Məhəbbətoğlu, “İki sahil”