İctimai nəqliyyat: Özəl sektor özünü doğrulda bilirmi?

40

Son günlər sosial şəbəkələrdə və mediada Bakı şəhərində müntəzəm sərnişindaşıma fəaliyyəti göstərən bir sıra daşıyıcı şirkətlərin nəqliyyat vasitələrini satmaları ilə bağlı məlumatlar yayılıb. Şirkətlərdən birinin təmsilçisi  “Trend” informasiya agentliyinə 191 ədəd  avtobusun satılmasının nəzərdə tutulduğunu bildirib. Daşıyıcı şirkətlər bunu gediş haqqının az olması ilə əsaslandırırlar.

Daşıyıcı şirkətlərin qiymətlə bağlı narazılıqları yeni xəbər deyil. Hələ bir neçə ay əvvəl özəl daşıyıcı şirkətlər mövcud tariflərə yenidən baxılması və onlara dövlət dəstəyinin artırılması ilə bağlı Tarif (qiymət) Şurasının sədri, İqtisadiyyat naziri Mikayıl Cabbarova və Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizova müraciət ünvanlamışdılar. Lakin onların müraciətlərinə cavab olaraq bildirilmişdi ki, hazırda Bakıda ictimai nəqliyyatda gediş haqqının dəyişdirilməsi məsələsi Tarif (qiymət) Şurasında müzakirə olunmur.

Bakı Nəqliyyat Agentliyinin rəsmi saytındakı məlumata görə, hazırda paytaxtın marşrut şəbəkəsində 1915 avtobus mövcuddur. Bu, bir neçə ay əvvəllə müqayisədə Bakı şəhərindəki avtobusların sayının 99 ədəd və ya 5 faizə yaxın azalması deməkdir. Həmçinin şirkətlərin Tarif Şurasına sözügedən müraciətində vurğulanmışdı ki, parklarında olan təxminən 700-dən artıq avtobus sərnişinlərə xidmət göstərmir. Beləliklə, şirkətlər xəttə buraxmadıqları avtobusları satışa çıxarırlar. Bu, o deməkdir ki, paytaxtın marşrut şəbəkəsində mövcud olan aavtobusların 40 faizə yaxın hissəsi xətlərə buraxılmamaqla  süni sıxlığa şərait yaradılır.

Onsuz da avtobus parkı əsasən istismar müddətini başa vurmuş nəqliyyat vasitələrindən ibarət olan şirkətlərin onları xətdən ayıraraq satışa çıxarmaları vəziyyəti bir az da qəlizləşdirir. Havaların normadan isti keçməsi bir yana, koronavirus (COVID-19) infeksiyasının yenidən geniş vüsət almaqda olmasına baxmayaraq xətlərə az qala yarıbayarı az sayda avtobus buraxmaqla sərnişinləri sıx vəziyyətdə daşımağın heç bir bəraəti ola bilməz. Müasir dövrün standartlarından xeyli geri qalan, istismar müddətini başa vurmuş avtobuslarla xidmət müqabilində daha yüksək qiymət tələb etmək heç bir məntiqə və əxlaqa sığmır.

Hələ 2018-ci ildə ictimai nəqliyyatda 50 faizlik qiymət artımı olarkən bunun bu sahədə xidmətin keyfiyyətini artıracağı, özəl daşıyıcı şirkətlərin avtobus parklarını yeniləməyə və genişləndirməyə imkan verəcəyi xüsusi vurğulanırdı.

Bakı Nəqliyyat Agentliyinin 2020-ci ilin yekunlarına dair keçirdiyi mətbuat konfransında bildirilmişdi ki, 2015-ci ildən indiyədək 968 avtobus yenilənib ki, bunun da 724 ədədi dövlət vəsaiti hesabına alınıb. Başqa sözlə, ötən ili nəzərə almasaq, 2015-ci ildən bəri özəl şirkətlər tərəfindən cəmi 244 yeni avtobus alınıb. Paytaxtda ictimai nəqliyyatın (avtobuslarla müntəzəm sərnişindaşıma) 80 faizə qədərini özəl daşıyıcı şirkətlər icra etsələr də yenilənən avtobusların 25 faizi onlara aid olub.

Hərçənd ki, artıq ictimai nəqliyyatda sıxılmış təbii qazla (CNG) hərəkətə gətirilən avtobusların istismarı prioritet elan edilib. Bu istiqamətdə sahibkarla dəstək olmaq üçün belə nəqliyyat vasitələrinin idxalına güzəşt də tətbiq edilir. Söhbət həm də ondan gedir ki, 2020-ci ildən sıxılmış təbii qazla işləyən avtobusların idxalının bu ildən etibarən 5 il müddətinə əlavə dəyər vergisindən azad edilib.

Üstəlik belə avtobusların ölkədə də istehsal edilməsi imkanı var. “Gəncə Avtomobil Zavodu” İstehsalat Birliyinin Müşahidə Şurasının sədri Xanlar Fətiyev jurnalistlərə açıqlamalarının birində demişdi ki, 2016-ci ildə ilk dəfə olaraq müəssisədə eksperiment kimi CNG mühərrikli avtobus yığılıb. Belə avtobuslar həm ümumi qabaritinə, həm yanacaq sərfiyatına, həm də “Avro-5” ekoloji standartına cavab verdiyinə görə Bakı, Gəncə, Sumqayıt və digər şəhərlərdə istismar üçün əlverişlidir.

Amma ki, nə faydası var ki, bu sahədə “köhnə hamam, köhnə tas”dır. Bu yerdə ölkə başçısının Nazirlər Kabinetinin 2018-ci ilin doqquz ayının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında ictimai nəqliyyatla bağlı bildirdiyi iradları xatırlamamaq mümkün deyil. Belə ki, həmin vaxt Prezident İlham Əliyev bu sahədə özəl sektora bəslənən ümidlərin özünü doğrultmadığını vurğulamışdı: “Bu sahə, ümumiyyətlə, özəl sektorun ixtiyarına buraxılmışdı. Belə bir fikir var idi ki, onlar bunu yaxşı idarə edəcəklər, məsuliyyətlə. Amma biz nəyi görürük? Gedirlər sıradan çıxmış, sınıq-salxaq avtobusları gətirib salırlar bizim küçələrimizə. Həm insanlar, həm hava üçün təhlükədir, həm də ümumiyyətlə, heç bir normaya sığmır”.

Görünəni odur ki, ictimai nəqliyyatda xidmətin yaxşılaşdırılmasının yolu bu sahənin tam şəkildə dövlətin nəzarətinə keçməsindən keçir. Başqa sözlə, özəl sektor heç cür özünü doğrulda bilmir. Əks təqdirdə, özəl sektorun “nazı ilə çox oynamaq” lazım gələcək.

Ceyhun Piriyev, “İki sahil”