İcra başçısı mətbuat nümayəndələrinin əməyini dəyərləndirdi

97

22 iyul – Milli Mətbuat Günü münasibətilə Mingəçevir şəhər İcra Hakimiyyətində jurnalistlərlə görüş keçirilib. Karantin qaydalarının tələblərini gözləməklə jurnalistlər qarşısında geniş çıxış edən Şəhər İcra Hakimiyyətinin başçısı İlham İsmayılov jurnalistlərə ən xoş, səmimi arzularını bildirib. O qeyd edib ki, Azərbaycan həqiqətlərinin dünyaya çatdırılmasında mətbuatın rolu və jurnalistlərin fəaliyyəti böyükdür. Hər zaman Azərbaycan həqiqətlərinin təbliği missiyasını uğurla həyata keçirən mətbuatımız 44 günlük Vətən müharibəsi zamanı da ölkəmizin düşmən təbliğatına qarşı informasiya mübarizəsinə töhfələrini verib.

İcra başçısı, həmçinin vurğulayıb ki, mətbuatın inkişafını şərtləndirən başlıca amil kimi ölkəmizdə yaradılmış demokratik mühit, söz və ifadə azadlığının təmin olunması, plüralizm və ən əsası mətbuata göstərilən dövlət qayğısıdır: “Ümummilli lider Heydər Əliyevin senzuranı ləğv etməsi mətbuatın inkişafını sürətləndirməklə yanaşı, bu sahənin sağlam təməllər üzərində dayanması, mətbuatın zəngin və şərəfli tarixinə layiq fəaliyyət göstərməsinə güclü stimul yaratdı. Ulu Öndərin mətbuata və mətbuat nümayəndələrinə göstərdiyi diqqət və qayğı Ümummilli Liderin layiqli varisi Prezident İlham Əliyev tərəfindən davam etdirilir”.

Görüşdə “Mingəçevir” qəzetinin baş redaktoru Mirsədi Daşdəmirov, Yeni Azərbaycan Partiyası Mingəçevir şəhər təşkilatının sədri Cavanşir Yusubov, “Mingəçevir İşıqları” qəzetinin müxbiri Yeganə Nəbiyeva, jurnalistlərdən İxtiyar Həsənli, Esmira Hidayətova və İnqilab Şirinbəyli çıxış edərək şəhərin sosia-iqtisadi inkişafı ilə bağlı bir sıra məqamlara toxunublar. Qeyd olunub ki, şəhərdə görülən abadlıq-quruculuq işləri, yaşıllaşdırma və sanitar-gigiyenik qaydalara riayət olunması daim nəzarətdə saxlanılır. Bu baxımdan əhalinin istirahət məskənlərində dincəlmələri üçün yaradılan şərait, şəhər rəhbərliyi, eləcə də aidiyyəti qurumlar tərəfindən mütəmadi olaraq nəzarətə götürülür. O cümlədən yaşıllıqlara qayğı, ağacların vaxtlı-vaxtında suvarılması, ardıcıl olaraq həyata keçirilir. Jurnalistlər Sahil parkında gəmilərin yarıtmaz fəaliyyətini, sahil boyunca məhəccərlərə diqqətsizlik göstərilməsini ürək ağrısı ilə vurğulayıblar.

Şəhər İcra Hakimiyyətinin başçısı İlham İsmayılov Milli Mətbuat Günündə belə aktual məsələlərin qaldırılmasını vacib hesab edərək hər bir mətbuat işçisinə, jurnalistə minnətdarlığını bildirib. Bu məsələlər üzərində diqqətlə araşdırmalar aparılmasının vacibliyini söyləyib. Eyni zamanda şəhərdə yaşıllıqlara göstərilən qayğının artırılması məqsədilə aparılan işlərdən bəhs edib. Suvarma sistemlərinin yenidən qurulmasını və bunun köklü şəkildə şəhərin yaşıllıq zolağına müsbət təsir edəcəyini vurğulayıb. Jurnalistlərdən daha operativ, daha obyektiv olmalarını arzu edən şəhər rəhbəri Azərbaycan İES-də, Sağ sahildə və eləcə də şəhərimizin digər ərazilərində görülən işlərin nəzarətdə saxlanılmasının vacibliyini vurğulayıb. Gələcəkdə görüləcək işlərdən bəhs edən icra başçısı bu istiqamətdə ciddi işlərə start verildiyini də sözlərinə əlavə edib.

Mətbuat Günü münasibətilə müşavirə zalına toplaşan jurnalistlərə bir daha təbrikini çatdıran şəhər İcra Hakimiyyətinin başçısı İlham İsmayılov onlara yeni yaradıcılıq uğurları arzulayıb və daim şəhər icra hakimiyyəti ilə birgə əməli fəaliyyət göstərmələrinin vacibliyini söyləyib.

Tədbir çərçivəsində şəhərin ictimai-siyasi həyatında fərqlənən jurnalistlərdən “Mingəçevir” qəzetinin müxbiri Mətanət Məmmədovaya və “Yeni Avaz” saytının müxbiri Esmira Hidaytovaya Mingəçevir şəhər İcra Hakimiyyətinin Fəxri fərmanı təqdim olunub.

 

Esmira Hidayətova, Mingəçevir