İcra başçısı: ”Hər bir təklifi nəzərə almağa hazırıq”

567

Bu gün Mingəçevir Az.Dres qəsəbəsindəki A.Şaiq, Naxçıvan küçələrində yaradılmış səliqə-səhmana və ərazidə görülən işlərə ictimai baxış keçirilib. Qeyd edək ki, adı çəkilən ünvanda  binaların giriş hissəsi  təmir olunub, bloklara seyf qapılar qoyulub, həyətlərdə olan oturacaqlar rənglənib, işıqlanma sistemi çəkilib, parklarda, bağlarda abadlıq işləri görülüb.

Görülən işlərlə yaxından tanış olan şəhəri İcra Hakimiyyətinin başçısı İlham İsmayılov bildirib ki, Prezident İlham Əliyevin tapşırıq və tövsiyələrinə uyğun olaraq Mingəçevirdə abadlıq-quruculuq işləri davam edir: ”Kür çayının sağ və sol sahillərində, Energetik qəsəbəsində, eləcə də digər  yaşayış massivlərində görülən işlərimiz mərhələli şəkildə aparılır. Mən özüm şəxsən şəhərin hər bir  ərazisini gəzirəm, harada problem olduğunu yaxşı bilirəm. Biz işlərimizi planauyğun həyata keçiririk. Yeri gəlmişkən qeyd edim ki, bu il qəsəbədə 6 binanın dam örtüyü, fasadı, bloku icra hakimiyyətinin sifarişi ilə əsaslı tikinti şöbəsi tərəfindən  aparılacaq, 6 bina isə Mənzil Kommunal  Təsərrüfatı Kombinatı tərəfindən yenidən qurulacaq.

 Bu işlər paralel şəkildə Tərəvəzçilik qəsəbəsində, Sağ sahildə, Mingəçevir kəndində, Bağlar massivində  də aparılacaq. Biz hər bir təklifi nəzərə almağa hazırıq və təkrarən deyirəm bu işləri mərhələli şəkildə həyata keçiririk. Məqsədimiz şəhər sakinlərinin rahatlığını təmin etməkdir”.

Məhəllə sakinlər görülən işləri yüksək dəyərləndiriblər. Onlar Mingəçevirin yeni inkişaf dövrünə qədəm qoyduqlarını vurğulayıblar. Sakinlər, həmçinin mövcud problemləri də dilə gətiriblər. Belə ki,  binaların zirzəmilərində kanalizasiya  xətlərində yaranan nasazlıqdan, Naxçıvan küçəsindəki   dayanacaq yerindəki problemlərdən söz açıblar.

İcra Hakimiyyətinin başçısı görüşdə iştirak edən sakinləri maraqlandıran bir sıra digər suallara da konkret cavablar verib.

Esmira Hidayətova, Mingəçevir