İcra başçısı daha 4 şəhid ailəsini ziyarət edib

108

Mingəçevir Şəhər İcra Hakimiyyətinin başçısı İlham İsmayılov şəhərin hüquq-mühafizə orqanlarının rəhbərləri və İcra Hakimiyyətinin rəsmi şəxsləri ilə birgə şəhid ailələrini ziyarətlərini davam etdirir.

İlkin olaraq şəhid Emil Əmirovun anası Xanımnaz İmanovanın yaşadığı evə baş çəkilib. İcra başçısı şəhidin ruhuna hörmət əlaməti olaraq mənzildə onun xatirəsinə yaradılmış güşəyə baxış keçirib, ruhuna rəhmət diləyib. Şəhər rəhbərinə məlumat verilib ki, şəhid anası Xanımnaz İmanova uşaq bağçasında işlə təmin olunub və mənzil şəraitinin yaxşılaşdırılması üçün növbəyə götürülüb.

İcra başçısı ölkə Prezidenti İlham Əliyevin hər zaman şəhid və qazı ailələrinə xüsusi diqqətlə yanaşdığını bildirib, həmçinin onun göstərişinə əsasən şəhid və qazi ailələrinin həyat şəraitinin daha da yaxşılaşdırılması üçün bundan sonra da genişmiqyaslı tədbirlərin görülüləcəyini vurğulayıb.  Bundan sonra şəhid anasına Emil Əmirovun Prezident İlham Əliyevin sərəncamı ilə təltif olunduğu “Suqovuşanın azad olunmasına görə” medalı təqdim olunub.

Şəhid Elman İbrahimovun anası Ümmü xanım qonaqların yaşadığı binanın girişində qarşılayıb. İlham İsmayılov hüquq-mühafizə orqanlarının rəhbərləri ilə birlikdə şəhidin ruhuna hörmət əlaməti olaraq onun adına tikilmiş bulağa baş çəkib, xatirə lövhəsinə baxış keçirib. İcra başçısı bulağın ətrafında yaşıllıq sahələrinin genişləndirilməsi, əlavə skamyaların qoyulması və gül-çiçəklə bəzədilməsi ilə bağlı yerindəcə əlaqədar təşkilar rəhbərlərinə göstəriş verib. Şəhid anası dövlət tərəfindən göstərilən diqqətdən məmnun olduğunu dilə gətirib və buna görə ilk növbədə Prezident cənab İlahm Əliyevə minnətdar olduğunu vurğulayıb.

Şəhid Atiq İbrahimovun valideyinləri ilə görüş şəhid atası Ariz İbrahimovun öz şəxsi vəsaiti hesabına abadlaşdırdığı parkda baş tutub. İcra başçısı şəhidin adına yaradılmış güşəyə baxıbı, ruhuna dualar oxuyub. Şəhid atasına gördüyü belə nəcib işlərə görə təşəkkürünü bildirən İlham İsmayılov onun oğlu Atiqin əziz xatirəsinin daim yaddaşlarda yaşayacağını vurğulayıb.

 

Şəhid Kənan Abdullayevin valideynləri adından İcra başçısı və digər rəsmi şəxsləri el ağsaqqalı Allahverdi Əliyev qarşılayıb. Çay süfrəsi arxasında keçən səmimi söhbət əsanasında şəhidin anası Azadə xanım oğlunun itikisinin onu çox sarsıtdığını, eyni zamanda onu heç bir halda bu yoldan döndərə bilməyəcəyini də qeyd edib. İcra başçısı isə şəhid anasına təskinlik verərək, Kənanın ölkəmizin azadlığı, firavanlığı, insanlarımızın sülh içində yaşaması, gələcək nəsillərin təhlükəsiz həyat sürməsi uğrunda canını fəda etməklə tarixə düşdüyünü bildirib. O, dövlətimizin şəhidlərin adlarının əbədiləşdirilməsi, onların qəhramanlıqlarının tarixə həkk olunması üçün bütün lazımi tədbirlər gördüyünü və prezident İlham Əliyevin bu məsələyə xüsusi həssaslıqla yanaşdığını diqqətə çatdırıb..

Esmira Hidayətova, Mingəçevir