Mingəçevir şəhər İcra Hakimiyyətinin
başçısı İlham İsmayılovun növbəti səyyar görüşü Az.Dres qəsəbəsinin F.Əzimov, C.Əliyev,
Y.Mansurov binalarının sakinləri ilə
olub. Görüş qəsəbədə yerləşən 4 saylı məktəbin akt
zalında keçirilib.
Şəhər İcra Hakimiyyətinin başçısı
İlham İsmayılov sakinləri salamladıqdan sonra ölkədə həyata keçirilən
sosial-iqtisadi tədbirlər haqqında ətraflı məlumat verib. Bildirib ki, cənab Prezident
İlham Əliyevin tapşırıqlarına müvafiq olaraq regionların hər yerində
abadlıq-quruculuq işləri aparılır, məktəblərin, xəstəxanaların bərpası və yenidən
qurulması həyata keçirilir.
Şəhər rəhbəri qeyd edib ki, bu işlər bizim də şəhərdə öz axarı ilə aparılır: “Bütün bunlar sizlərin rahat yaşaması üçün atılan addımlardır. Biz yaxşı biliri ki, sakinləri ən əsas narahat edən problemlər məşğulluq, binaların istilik sistemi və suvarma suyu ilə bağlıdır. Bütün bu problemlər öz həllini tapacaq. Mingəçevirin bütün məhəllələrində yenidənqurma işləri həyata keçiriləcək. Mərhələ-mərhələ həyata keçirilən bu tədbirlər demək olar ki, şəhərimizin bütün ərazilərini əhatə edəcək. Qəsəbədə yeni qazanxana da tikiləcək”.

Görüşdə iştirak edən sakinlər çıxışlarında şəhərdə aparılan abadlıq və quruculuq işlərinə görə ölkə rəhbərinə, eləcə də şəhər İcra Hakimiyyəti başçısına minnətdarlıqlarını bildiriblər. Məmnunluq hissi ilə qeyd ediblər ki, yaradılan şəraitdən və onlara göstərilən diqqət və qayğıdan razıdırlar. Onlar bu qəbildən olan işlərin ardıcıl olaraq davam etdirilməsini xahiş ediblər.

Eyni zamanda qəsəbə sakinləri nasaz kanalizasiya xətlərindən söz açıblar. Sakinlər İstilik sisteminin yenidən qurulmasının, binaların zirzəmilərində dezinfeksiya işlərinin vaxtlı-vaxtında yerinə yetirilməsinin, yarımçıq tikililərin yaratdığı təhlükələrin aradan qaldırılmasının vacibliyini vurğulayıblar.
Şəhər İcra Hakimiyyətinin başçısı İlham İsmayılov qaldırılan problemlərin həlli istiqamətində idarə, müəssisə, təşkilat rəhbərlərinə tapşırıqlarını verib.
Esmira Hidayətova, Mingəçevir