“İcarə pulunu çıxara bilmirik”

527
Son vaxtlar Rusiyaya tətbiq edilən iqtisadi sanksiyalarla əlaqədar olaraq, bu ölkədə vəziyyətin ağırlaşması ölkəmizə də təsirsiz ötüşməyib. Belə ki, bir çox soydaşlarımız xərci-borcunu ödəmədiyi üçün geriyə – Azərbaycana qayıdıblar. İkincisi, bu ölkədən Azərbaycana göndərilən pulların həcmi azalıb, üçüncüsü, rubl dəyərdən düşdüyü üçün bu ölkə ilə bağlantısı olan ailələr sıxıntı ilə üzləşiblər. Bundan başqa, dünya bazarında neftin qiymətinin ucuzlaşması da öz təsirini göstərib.
Mövcud vəziyyət ticarət mərkəzlərində çalışan soydaşlarımızı çətin duruma salıb. Məsələn, ölkəmizin ən böyük ticarət mərkəzləri olan “Binə” və “Sədərək”də çalışan satıcılar bir neçə ay əvvəllə müqayisədə alış-verişin 2-3 dəfə zəiflədiyini, ona görə də icarə haqlarını belə ödəməkdə çətinlik çəkdiklərini vurğulayırlar. Bazarda çalışan satıcı Bəkir Quliyev (ad-soyad şərtidir) ayda ümumilikdə 2650 manat icarə haqqı ödədiyini dedi: “Bundan başqa, hər ay 240 manat vergi, 100 manat işıq pulu keçirirəm. Rüb ərzində 350 manat DSMF-yə verirəm. Mühafizəçiyə isə 10 manat ödəyirəm. Bunu ona görə deyirəm ki, vəziyyətimiz aydın olsun. Hər ay 3115 manat mən təkcə sadaladığım ödənişləri qazanmalıyam. Başqa satıcılarda isə bu məbləğ bir qədər çox, bəzilərində isə bir qədər az ola bilər. Gərək hər gün mən ən azı 110 manat qazanam ki, bu xərclərimi çıxara bilim. Əvvəllər vəziyyət bir qədər yaxşı idi, alıcılar var idi, satıb qazanırdıq. Amma indi çox çıxılmaz vəziyyətdəyik. Satıcıların əksəriyyəti, o cümlədən mən, demək olar ki, mayadan yeyirik. Mayası olmayanlar isə işlərini dayandırıb, bazarı tərk edirlər”.

“Binə”də icarə haqları aşağı salınıb, amma…

“Binə” ticarət mərkəzi, sıra 2-də ayaqqabı satışı ilə məşğul olan İftixar Ömərov dedi ki, 1 ay bundan əvvəl bazarın rəhbəri Kəbirə Məmmədova vəziyyəti nəzərə alıb, icarə haqlarında endirim edib: “Bizim sırada icarə haqqı 200 manat aşağı salındı, elə sıralar var ki, endirim 500 manat olub. Buna görə Kəbirə xanıma təşəkkür edirəm. Hər halda bu, satıcılara dəstəkdir. Amma, zənnimcə, vəziyyətin tam düzəlməsinə hələ çox var. Çünki Dağıstandan “Binə”yə gələn alıcıların yoxa çıxması vəziyyətə çox pis təsir edib”.

Satıcıların bildirdiklərinə görə, Rusiyadakı vəziyyətlə əlaqədar olaraq, Dağıstan və Çeçenistandan “Binə” və “Sədərək”ə gələn ticarətçilərin ayağı kəsilib: “Onlar hər ay bizdən xeyli alış-veriş edirdilər. Çoxusu nisyə alıb aparır, satandan sonra gətirib pulunu ödəyirdi. Ancaq son vaxtlar daha gəlmirlər. Burada çox az adam tapılar ki, Dağıstandan olan ticarətçilər onlara boclu olmasınlar. Kimisinə 5 min borcludurlar, kimisinə 80 min. Dağıstandan olan tacirlərin daha gəlməmələri bir yana, borclarını da qaytarmırlar. Tapa bilmirik ki, borcumuzu tələb edək”.

Əvvəllər gündəlik 700-1000 manat arası alver edirdilərsə…

“Binə”də çalışan satıcılardan onu da öyrəndik ki, əgər onlar əvvəllər gündəlik 700-1000 manat arası alver edirdilərsə, indi 150-200 manat alış-veriş olur: “Əvvəl gündəlik, heç olmasa, ümumi alverdən 50 manat xeyrimiz olurdu. İndi günə 20-30 manat ya qazanırıq, ya qazanmırıq. Bu qazancla isə nə aylıq ödənişləri edə bilərsən, nə də ailə saxlaya bilərsən. Vəziyyətimiz, həqiqətən, çox ağırdır. Yaxşı olardı ki, dövlət səviyyəsində bizə hansısa güzəştlər edilsin”.

Satıcılar vəziyyətlə əlaqədar bazarda qiymətlərin xeyli ucuzlaşdığını bildirdilər: “Amma buna baxmayaraq, alıcıların sayı azdır. Bazarda endirimlərin sayı çoxalıb, lakin bir faydası yoxdur”.

Bəlli olduğu kimi, “Binə” və “Sədərək”də çalışan satıcılar malı buraya əsasən Çindən və Türkiyədən gətirirlər. Amma satıcılar bildirirlər ki, hər iki ölkədə bizdəki vəziyyətdən xəbərdar olduqlarından nisyə mal vermirlər: “Buradakı satıcıların bəziləri isə borclarını ödəmək və yenidən mal almaq üçün ya maşınlarını satırlar, ya da evlərini. Başqa yolları qalmayıb. Bu imkanı olmayanlar isə, ümumiyyətlə, bazarı tərk edirlər. Bu gedişlə yəqin ki, işini dayandıranların sayı daha da artacaq”.

 “Ticarət mərkəzlərində həftədə 1 gün istirahət elan edilsin”

Satıcılardan onu da öyrəndik ki, bölgələrdən gəlib topdansatış üçün alış-veriş edənlərin də sayı minimuma enib: “Mövcud vəziyyət bölgələrdə də alıcıların sayını minimuma endirib. Daha əvvəlki kimi alış-verişə gələnlər yoxdur. Borcu olanların bəziləri isə satdıqları malın pulunu ödəyə bilmirlər”.

Sonda satıcılar iş rejiminin ağırlığından da şikayət etdilər: “Səhər saat 6-da gəlirik, axşam 18-dək işləyirik. Dünyanın bir çox ölkələrində ticarət mərkəzlərində bir və ya iki gün fasilə olur. Fasilə-istirahət olan günlərin müqabilində ticarətçilərdən icarə haqqı alınmır. Amma bizdə fasiləsiz – həftənin 7 günü ticarət mərkəzləri işləyir. “Binə” və “Sədərək”də də elədir. İşlədin-işləmədin, hər günün icarə haqqı səndən tutulur. Satıcıların da problemləri var, başqa işləri var, həftənin orta günlərindən birində bizə, heç olmasa, bir gün tətil versəydilər, biz də istirahət edərdik. Hər günün icarə haqqı tutulur deyə satıcı məcburdur ki, işləsin. Bu isə çox ağırdır. Xahiş edirik, bu məsələni də ictimailəşdirin, bəlkə, bir xeyri dəydi”.

Nicat İntiqam