“İbrahim Uzuncanı qınamıram”

608
Bildiyiniz kimi, Premyer Liqanın 2-ci turunda “Neftçi” ilə oyundan sonra “Bakı”nın müdafiəçisi Elvin Əliyev baş məşqçi İbrahim Uzunca tərəfindən heyətdən kənarlaşdırılmışdı. Həmin vaxtdan bəri artıq ay yarım vaxt keçsə də, Əliyevlə bağlı qərar dəyişməyib. Təcrübəli futbolçu isə “Çempion” qəzetinə müsahibəsində ürəyini boşaltdı.
 

– Əvəzedicilərlə məşq etmək sənin kimi təcrübəli bir futbolçu üçün ağır deyil?

– Əlbəttə ağırdır. “Bakı” mənim doğma klubumdur, illərimi vermişəm. Hansısa bir əcnəbi məşqçi gəlib məni heyətdən kənarlaşdırıb. Bu mənim üçün çox çətindir, amma nə eləmək olar? İnsan gərək belə çətin vəziyyətlərdə güclü olmalıdır ki, döndüyü zaman özünü təsdiq edə bilsin. Şükür Allaha, biz də xarakterimizlə bilinən idmançıyıq. Belə hadisələr məni sındırmamalıdır. Düzdür, hərdən insanın ağlına gəlir ki, bu qədər müddət illərini ver, saçını ağart, sonda belə bir şey olsun. Futbolçuya cəza olar, bir oyunluq və ya müəyyən müddətlik. Yoxsa bu qədər müddət ikinci heyətə göndərmək hörmətsizlikdir. Klubdan uzaqlaşdırılmaq çox ağır cəzadır. Həyat davam edir, bu, mənim üçün mübarizədir, məşqlərimə davam edirəm. İndiyə qədər heç vaxt “sınmamışam”, bundan sonra da sınmayacağam.

– “Neftçi” ilə oyunun ilk hissəsində sarı vərəqə aldığın üçün dərhal əvəzləndin. Oyundan sonra isə baş məşqçi sənin xidmətində maraqlı olmadığını açıqladı. Səbəb meydançadakı oyunun idi, yoxsa bizim bilmədiyimiz başqa məsələ var?

– Çempionat yeni başlamışdı, çətin oyun idi. Bildiyiniz kimi, mən də zədədən təzə qayıtmışdım. Uzun müddət oynamamağın çətinliyi də var idi. Fiziki cəhətdən tam hazır deyildim. Həm də “Neftçi” Avrokubok oyunundan gəlmişdi, tam formada idi. Matçda da gördüyünüz kimi, yaxşı çıxış etmədim. Amma düşünürəm ki, yenə də mənə şans verib, heç olmasa birinci hissədən sonra əvəzləyə bilərdilər. Premyer Liqada 300-ə yaxın matçda forma geyinmiş futbolçuyam. Bu qədər keçirdiyim oyunlar arasında heç vaxt birinci hissədə əvəzlənməmişdim, çox az dəyişiklik olub. Olanda da ikinci hissənin son dəqiqələrində, bu da cəmi 10 oyun olar, ya olmaz. 25-ci dəqiqədə meydançadan çıxmağım mənə toxundu, amma qətiyyən heç nə demədim, sakitcə keçib əyləşdim. Sadəcə olaraq, oyundan sonra əsəbi idim, gərginlik yaşadıq. Pis vaxtımda dediyim bir kəlimə sözə görə məni baş məşqçi kənarlaşdırdı. Bilirəm ki, Uzunca elə bir insan deyil. Düşünürəm ki, kimlərinsə qızışdırması ilə bu qərarı verdi. Bizim həmişə münasibətimiz yüksək səviyyədə olub, ola bilər ki, məni istəməyənlərin sözlərini eşidərək, gərgin vaxtında verdiyi bir qərar olub. Yenə də İbrahim Uzuncanı qınamıram, çünki onu qızışdırdılar deyə belə bir addım atdı. Bu mənim üçün çox önəmli bir şeydir, çünki yeni forma yığmağa başlayırdım. Buna kim səbəb oldusa, onu Allaha tapşırıram. Ola bilər ki, mən belə də futbolu buraxam. Uzun müddət “Bakı”nın şərəfini qoruyandan sonra belə bir aqibətin olması insana pis təsir edir. Səhvsiz insan yoxdur, səhv etmək insana xas bir şeydir. Gərək bu səhvimi mənə izah edərdilər, müəyyən cəza verərdilər. Amma belə olmazdı. Klubun baş məşqçisi orada olan futbolçular üçün əhəmiyyətli bir böyükdür. Necə ki, ailədə övlad atası ilə mübahisə edir, sonda valideyn övladına səhvini sözlə başa salır. Mənim də səhvim var idisə, baş məşqçinin böyüklüyünü göstərməsini gözləyirdim. Böyüklər də bağışlamağı bacarmalıdırlar. Mən özümü yüksək tutmuram, sadəcə olaraq, deyirəm ki, biz də illərdir futbol oynayırıq. Onu da bilirəm ki, o məni “Bakı”ya qaytardı. Məncə, böyük qlobal problem deyildi, əfv etmək olardı, etmədi.

– Həmin vaxt “transfer pəncərəsi” hələ açıq idi. Niyə başqa komandaya keçmək barədə düşünmədin?

– Düşünmədim, çünki dedim ki, bu, mənim doğma komandamdır. Zədələrə görə xeyli müddət idi oynamırdım, istəyirdim öz klubumda oynayım. İnanın, heç ağlıma da gəlmədi ki, klubdan gedim. İndi də ağlımda belə bir şey yoxdur. Qarşımda məqsəd yenə də milliyə qayıtmaqdır. Bəlkə də, bu müsahibəni oxuyanlar düşünəcəklər ki, Elvin nə danışdığını bilmir. Amma mən əlimdən gələni edərək çalışıram ki, yaxşı formada olum. Hələlik “qara zolaq” deyilən bir yerdəyəm, inşallah, bu vəziyyətdən çıxaram.

– Bəs bu durum nə vaxta qədər belə davam edəcək? Baş məşqçi qərarını dəyişməsə, mövsümün sonuna qədər əvəzedicilərlə məşq edəcəksən?

– Edəcəyəm. Başqa cür anlaşılmasın, digər futbolçular üçün əvəzedicilərdə məşq etmək asan deyil. Mənim hazırda yüngül zədəm olduğu üçün iki gündür məşq etmirəm. Bu vaxta qədər heç vaxt məşq buraxmamışam. Zədədən çox əziyyət çəkdiyim üçün iki gündür məşq etmirəm, ehtiyatlanıram. Mənim üçün narahatlıq yoxdur, sadəcə olaraq, bu kluba xidmət etməyə davam etmək istəyirəm. Həvəsdən düşmək mənim ziyanımadır, heç bir faydası yoxdur.

– Qış fasiləsində elita klublarından təklif gəlsə, qərarın nə olacaq?

– Açığı, yenə də deyirəm, bu barədə heç düşünmürəm. Mən bu klubun çörəyini yemişəm. Allah Hafiz müəllimdən razı olsun. Əgər klubum məni heyətində görmək istəməsə və başqa təklif olarsa, gedərəm. Başqa klubun heyətində futbol həyatıma davam edərəm. Qətiyyən inciklik yoxdur. Hansısa şəxslərdən inciyə bilərəm, lakin klub mənim üçün həmişə doğmadır, belə də qalacaq.

– Bu yay “Araz Naxçıvan”a keçməyə çox yaxın idin və daha sonra Milinko Pantiçin ayrıldığını eşidib “Bakı”ya qayıtdın. Qərarından peşmansanmı?

– Qətiyyən peşman deyiləm. Yaxşı olardı ki, “Bakı”da qalardım, əvvəlki formanı yığaraq özümü göstərərdim. “Araz Naxçıvan”dan qayıtmağıma peşman deyiləm. Allah nə edirsə, yaxşılığa doğru edir. Hər işdə bir xeyir var.