I sinfə şagird qəbulu qəbulu ilə bağlı nazir yeni əmr imzaladı

444

Təhsil naziri Mikayıl Cabbarov 2017/2018-ci dərs ili üçün I sinfə şagird qəbulunun elektron sistem vasitəsi ilə həyata keçirilməsi barədə əmr imzalayıb. Təhsil Nazirliyindən verilən məlumata görə, 2016/2017-ci dərs ilində Bakı şəhərinin ümumtəhsil məktəblərində, eləcə də Təhsil Nazirliyinin birbaşa tabeliyindəki lisey və gimnaziyalarda I sinfə şagird qəbulu Bakı Şəhəri üzrə Təhsil İdarəsi tərəfindən ərizələrin onlayn qeydiyyatı aparılmaqla elektron sistem vasitəsilə həyata keçirilib, həmin məktəblərdə I sinfə 44 min nəfərdən artıq uşaq qəbul edilib.

I sinfə qəbul üçün ərizələrin elektron qeydiyyatının bu prosesin düzgün tənzimlənməsinə, şagird sıxlığı ilə əlaqədar problemlərin vaxtında müəyyənləşdirilməsi və operativ həllinə zəmin yaratması və ictimaiyyət arasında rəğbətlə qarşılanması 2017/2018-ci dərs ilində də ərizələrin qəbulunun bu yolla aparılmasına etibarlı əsas verir.

Təhsil nazirinin yeni əmrinə əsasən, Bakı şəhərinin ümumtəhsil məktəblərində, eləcə də Təhsil Nazirliyinin bilavasitə tabeliyindəki lisey və gimnaziyalarda 2017/2018-ci dərs ili üçün I sinfə şagird qəbulu Bakı Şəhəri üzrə Təhsil İdarəsi tərəfindən ərizələrin onlayn qeydiyyatı aparılmaqla elektron sistem vasitəsilə həyata keçiriləcək.