“I İstək Debat Forumu” yekunlaşdırıldı

567

İstək liseyinin və Mingəçevir Regional Debat Mərkəzinin təşkilatçılığı, Mingəçevir Gənclər Evinin ev sahibliyi ilə həyata keçirilən “I İstək Debat Forumu” uğurla yekunlaşıb.

Forumda 7 komanda olmaqla 21 natiq öz bacarıqlarını nümayiş etdiriblər. Uğurlu çıxışı ilə fərqlənən Xalqlar Dostluğu İstək liseyi və Mingəçevir İstək liseyi komandaları finala vəsiqə qazanıb. Final mərhələsinin nəticəsində Mingəçevir İstək liseyini təmsil edən komanda “I İstək Debat Forumu”nun qalibi olub.

Forumun bağlanış və mükafatlandırlma mərasimində İstək liseyinin və Milli Debat Proqramının nümayəndələri çıxış ediblər. Liseyin Sosial Fəaliyyətlər üzrə Koordinatoru Elnur Əzizov belə tədbirlərin şagirdlərin fərdi inkişafındakı rolundan və şagirdlərin yarışlarda qazandıqları uğurlardan söhbət açıb. Daha sonra çıxış edən Milli Debat Proqramının Regional Mərkəzlər üzrə Meneceri Etiram Sadıqzadə tədbir iştirakçılarına Milli Debat Proqramının fəaliyyətindən, əsas məqsədlərindən danışıb. Eləcə də Milli Debat Proqramının və Mingəçevir Regional Debat Mərkəzinin qarşıda duran fəaliyyətini qısaca şərh edib.

Mingəçevir İstək liseyinin layihə rəhbəri Fəqan Əhmədov belə turnirlərin şagirdlər üçün əhəmiyyətli olduğunu vurğulayıb və bu kimi debatların keçirilməsinin gənclərin natiqlik qabiliyyətinin inkişafına müsbət təsir etdiyini diqqətə çatdırıb.

Forumda qalib komandaya kubok, medal, ən yaxşı 10 natiq və bütün iştirakçılara sertifikat təqdim olunub.

Qeyd edək ki, debat interaktiv və müxtəlif əks tərəflərin təmsilçilərindən ibarət müzakirə metodudur. Bir sıra formatlarda təşkil olunan debat təlimləri və raundları vasitəsilə məntiqi davamlılıq, araşdırma bacarığı, auditoriyaya emosional müraciət, inandırma qabiliyyəti gənclərə öyrədilir. Bu, gənclərin təhsil proqramı və bir intellektual komanda oyunudur.

Tədbirin sonunda İstək liseyi və Mingəçevir Regional Debat Mərkəzinin təşkilatçılığı ilə keçirilən “I İstək Debat Forumu” nun təşkil edilməsində göstərdiyi informasiya dəstəyinə görə Esmira Hidayətova təşəkkürnamə ilə təltif olunub.

Esmira Hidayətova, Mingəçevir