I Divizion klubları fasiləyə yollandı

559
I Divizionda 15 tur geridə qaldı. Premyer Liqadan fərqli olaraq birinci dəstədəki klublar “tam heyətlə” yoluna davam edir. 
I Divizionda 16 komanda Premyer Liqaya vəsiqə qazanmaq üçün  yarışır. Baxmayaraq ki, I Divizion klubları maliyyə cəhətdən Premyer Liqa klublarından çox geri qalır, birinci dəstədə çempionatı yarıda tərk edən olmayıb. Ən azı buna görə birinci dəstədə klublarını təbrik etmək olar. 2014/15 mövsümü , I Divizion çempionatı, indiyə qədər keçirilmiş birnci dəstə çempionatlarından bir neçə amilə görə fərqlənməktədir. Ən birncisi burada oyunlar daha baxımlı olur. İkincisi komandalarda səviyyə fərqi çox deyildir. Üçüncu fərq isə bu ilki birinci dəstə oyunlarında ilk yer uğrunda bir neçə klubun yarışmasıdır. Çempionatda 32 xalla 4-cü pillədə qərarlaşan “Qaradağ Lökbatan” lider “Neftçala”dan cəmi 6 xal geri qalır. Ancaq ötən illərdə birinci dəsdə keçirilən oyunlara nəzər salsaq görərik ki, burada hər zaman bir və ya iki “hegomon” klub olub.  Hal hazırda I Divizionda, birinci dövrə sona çatıb  və fasilə başlayıb. Fasilə 2015-ci ilin fevral ayının 20-nə qədər davam edəcəkdir. Bu müddətdə bəzi klublar heyətini gücləndirəcək bəziləri isə xaricdə təlim məşq toplanışı keçirəcəklər. Maliyyə cəhətdən çətinlik çəkən komandalar isə ölkədə toplanış keçəcəklər və ya sadəcə olaraq öz evlərində yeni ili qarşılayacaqlar. I Divizion klublarının fasilədən hansı şəkildə yaralanacaqlarını öyrənmək üçün komandaların baş məşqçiləri ilə əlaqə saxladıq.

 

“Antalyada bir neçə yoxlama oyunu keçirmək istəyirik”

Kamal Quliyev (“Neftçala”nın baş məşqçisi): “Bildiyiniz kimi ötən həftə biz “Mil-Muğan”ı evdə qəbul etdik və 3-0 hesabı ilə qalib gəldik. Bu oyunla da birinci dövrəni birinci yerdə tamamladıq. Hal-hazırda çempionatda fasilədir. Biz hələ ki, futbolçularımızı istirahətə buraxmamışıq. Dekabr ayının 22-nə qədər gündə bir dəfə olmaqla yüngül məşqlərimizi davam etdiririk. Oyunçuları istirahətə tez buraxmaq istəmirəm ona görə ki, çəkdiyimiz əziyyət boşa getməsin. Dekabırın 23-dən etibarən komandaya iki həftəlik istirahət verəcəm. Futbolçular ağır keçən birinci dövrədən sonra istirahət etsin və yeni ili öz ailələrinin yanında qarşılasınlar. Yenidən artıq təzə ilin yanvar ayının 6-sı və ya 7-si komandanı yenidən bir araya toplayacağıq. Bu fasilə müddətində mən bir baş məşqçi kimi boş durmayacam, yeni oyunçuları komandaya dəvət edib onları sınaqdan keçirəcəyəm. Əlbətdəki komandanı tərk edən futbolçularda olacaqdır. “Neftçala” komandası olaraq biz, təlim məşq toplanışı çərçivəsində fiziki hazırlığımızı Bakıda keçirmək istəyirik. Bakıda fiziki hazırlıq başa çatdıqdan sonra Türkiyəyə yollanmaq istəyirik. Türkiyənin Antalya şəhərində bir neçə yoxlama oyunu keçirmək istəyirik. Oraya sırf olaraq yoldaşlıq oyunları keçirmək üçün gedirik. Antalyada bir gündən bir oyunlar keçirəcəyik və sonda çempionatın başlamasına 10 gün qalmış vətənə geri dönəcəyik. Plan və proqramımız belədir”.

 

“Komandanın gələcəyini mən özüm də dəqiq bilmirəm”

Novruz Əzimov (“Lokomotiv”in baş məşqçisi): “Sizə əvvəlcə onu deyim ki, “Lokomotiv” klubunun bu mövsümdə iştirakı oyunlar başlamağını 3-4 gün qalmış bilindi. Yəni mən bu heyəti 3-4 günə, mürəkkəb bir şəraitdə topladım. “Lokomotiv” klubunun formalaşmasında əsas məqsədi öz yetrimələrimizin inkişafdan qalmaması idi. Bu futbolçular oyunsuz qalmasın, matç praktikasını itirməsinlər. Oyun keçirməyən futbolçu nə qədər məşq etsə də inkişaf edə bilməz. Futbolçu mütləq oyunlarda iştirak etməlidir. “Lokomotiv” klubu olaraq biz bu şəraiti uşaqlara təşkil etdik. Ancaq ümumi komanda haqqında onu demək istəyirəm ki, “Lokomotiv” birinci dəstədə qeyri stabil çıxış etdi. Baxmayarq ki, qısa müddətdə formalaşmışdı. Bunun da müxtəlif səbəbləri vardır, amma bu çox böyük mövzudur. Təlim məşq toplanışı barəsində bir söz deyə bilmərəm. Komandaya yeni futbolçuların cəlb edilməsi vəya göndərilməsi hal-hazırda gündəmdə deyil. Gələn ilin əvvəlinə qədər komanda bir araya toplanmayacaq. Ümumilikdə sizə onu deyim ki, komandanın gələcəyini mən özüm də dəqiq bilmirəm”.

 

“Düşünürəm ki, biz bu çempionatın sonuna qədər I Diviziona maraq qatacağıq və hər bir klub üçün güclü bir rəqib olacağıq”

Rüfət Quliyev (“Ağsu”nun baş məşqçisi): “İlk növbədə “Çempion” qəzetinə öz minnətdarlığımı bildirirəm ki, bizi daima diqqət mərkəzində saxlayırsanız. Belə hesab edirəm ki, “Ağsu”nun birinci dövrədəki çıxışını qənaət bəxş hesab etmək olar. Baxmayaraq ki, biz çempionata çox pis başladıq. Birinici dövrənin ilk üç oyunundan sonra cəmi 4 xalımız var idi. Ancaq biz futbolçuları toparlamağı bacardıq və birinci dövrədən sonra liderdən cəmi 3 xal geri qalırıq. Güman edirəm ki, çempionatın maraqlı hissəsi hələ qabaqdadır. Bizi qarşıda çox həyacanlı oyunlar gözləyir. Ona görə də bu oyunlara hazırlaşmamağa bizim heç bir ixtiyarımız yoxdur. Belə düşünürəm ki, biz bu çempionatın sonuna qədər I Diviziona maraq qatacağıq və hər bir klub üçün güclü bir rəqib olacağıq. Komandadan çox güman ki 1 vəya 2 futbolçu ayrılacaq. Əlbbətdə ki, yeni futbolçular da qəbul edəcəyik. Ancaq bu oyunçuların adlarını hələ ki, sizə açıqlaya bilmərəm çünki hələ dəqiq deyil. Onu deyim ki, komandaya cəlb olunacaq yeni futbolçular yerlilər olacaq, biz xaricdən futbolçu qəbul etmirik. Təlim məşq toplanışı çərçivəsində hazırlığımızın birinci mərhələsi Ağsuda olacaq. Toplanışın ikinci mərhələsi isə Bakıda olacaqdır. Böyük ehtimalla biz, hazırlığımızı ölkə daxilində keçəcəyik”.

“Bizim əsas problemimiz ehtiyyat oyunçular skamyasının azlığıdır”

Sahib Qocayev (“Energetik”in baş məşqçisi): “Əvvəlcə “Kəpəz”lə oyundan danışmaq istəyirəm. O, oyunda bizim komanda 1-0 hesabı ilə öndə idi. Ancaq bizim komanda əsas heyətdən iki futbolçu Kamran Lalayev və İsmət Əjdərli yox idi. Onu deyim ki, biz oyuna 3 xal üçün çıxmışdıq ancaq ikinci hissədə qapımızda top gördük və oyun 1-1 hesabı ilə yekunlaşdı. Bu oyunda mən öz futbolçularımdan tam razı qaldım. Dekabr ayının 23-də futbnolçularla icilasımız olacaq, bu toplantıdan sonra yanvarın 12-nə kimi futbolçulara istirahət verəcəyik. Yanvar ayının 12-dən etibarən məşqlərimizi bərpa edəcəyik. Onu da qeyd edim ki, bizim toplanışımız doğma Mingəçevirimizdə olacaqdır. Ehtimal var ki,  komandanı 1 vəya 2 futbolçu tərk etsin. Amma yenə də deyirəm bu hələ dəqiq bilinmir. Getmək istəyən futbolçu olduğu kimi gələmək istəyən futbolçuda var. Amma mən onların adlarını açıqlamaq istəmirəm. Birinci dəstədəki arxada qalan 15 turu dəyərləndirsəm deyə bilərəm ki, bu il daha yaxşı çıxış edirik. Baxmayaraq ki, biz autsayderlər sırasındayıq. Amma bu nəticə keçən ilkindən yaxşıdır. Ancaq bizim əsas problemimiz ehtiyyat oyunçular skamyasının azlığıdır. Əsas heyətin bir və ya iki futbolçusu zədələnsə onun yerinə oynaymağa oyunçu tapa bilmirəm. Komandanın kapitanı Pərviz Hüseynov xəstələndi və 4 oyunu buraxdı. Bunun üçün də komandaya yeni futbolçular dəvət etmək lazımdır. Ancaq maliyyə vəziyyətinə görə biz bunu edə bilmirik. Mingəçevirin yetişdirdiyi səviyyəli futbolçular  var ki, onlar  digər klublarda çıxış edirlər. Əgər maliyyə vəziyyətimiz yaxşı olsa mən onla elə bu gün Mingəçevirə gətirərəm. Ancaq hələ ki biz bu heyətlə kifayətlənməli oluruq”.

Xaliq Mustafayev (“Mil-Muğan”ın baş məşqçisi): “Hazırda futbolçuları istirahətə buraxmışıq. Mən bilirəm ki, çempionat gələn il fevral ayının 20-də başlayacaqdır. Ancaq təlim məşq toplanışları və yoldaşlıq oyunları haqda bir söz deyə bilməyəcəyəm. Bu haqda klub rəhbərliyi ilə görüşəndən sonra sizə məlumat verə bilərəm”.

 

“Biz daha üst pillələrdə qərarlaşmalıydıq, ancaq komandaya qarşı müxtəlif haqsızlıqlar edildi mən bunları açıqlamaq istəmirəm”

Adil Mahmudov (“Qaradağ Lökbatan”ın baş məşqçisi): “Əvvəlcə sizə öz təşəkkürümü bildirirəm ki, daima bizimlə maraqlanırsınız. O ki, qaldı bizim plan-proqramımıza, I Diviziondakı əksər klublar kimi biz də hal hazırda futbolçularımızı istirahətə buraxmışıq. Yaxın günlərdə futbolçular və rəhbərliklə toplantımız olacaq. Yalnız bu toplantıdan sonra bizim təlim məşq proqramımız bilinəcək. Hələ ki, heçnə bəlli deyil. Bizinci dövrəni “Qaradağ Lökbatan” 32 xalla dördüncü pillədə bitirdi. Mən sizə deyim ki, bu yer bizim yerimiz deyil. Biz daha üst pillələrdə qərarlaşmalıydıq. Ancaq komandaya qarşı müxtəlif haqsızlıqlar edildi mən bunları açıqlamaq istəmirəm”.

 

“Yaşı 20-ni adlamayan istedadlı futbolçuları komandamıza dəvət edirik”

Nadir Qasımov (“Şuşa”nın baş məşqçisi): “Hazırda sizdə qeyd etdiyiniz kimi I Divizionda, birinci dövrə sona çatıb. “Şuşa” komandası 28 xalla turnir cədvəlinin beşimci pilləsində qərarlaşıb. Mən komandanın oyunundan razıyam. Ancaq komandanın daha da yaxşı nəaliyyətlər qazanması üçün komndaya yeni futbolçular cəlb olunacaq və  “Şuşa”dan yeddi oyunçu ayrılacaqdır. Gedənlərin adları bəlli olsa da mən hələ ki, onları açıqlamaq istəmirəm. O ki, qaldı gələn futbolçulara “Çempion” qəzeti vasitəsi ilə onu elan etmək istəyirəm ki, “Şuşa” futbol klubu yeni futbolçuların seçiminə başlamışdır. Yaşı 20-ni adlamayan istedadlı futbolçuları komandamıza dəvət edirik”.

Əsgər Hüseynov