Hüseyn Cavidin 140 illiyi qeyd ediləcək

59

Prezident İlham Əliyev “Hüseyn Cavidin 140 illiyinin qeyd edilməsi haqqında” Sərəncam imzalayıb.

Sərəncama əsasən, Mədəniyyət Nazirliyi Azərbaycan Milli Elmlər Akademiyası ilə birlikdə mütəfəkkir şair və dramaturq Hüseyn Cavidin 140 illiyinə dair tədbirlər planını hazırlayıb həyata keçirəcək.

Sərəncamda bildirilir ki, 2022-ci ildə Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, mütəfəkkir şair və dramaturq Hüseyn Cavidin (Hüseyn Abdulla oğlu Rasizadənin) anadan olmasının 140 ili tamam olur.

Hüseyn Cavid fəlsəfi müdrikliyin və bədii kamilliyin ahəngdar vəhdətini dolğun təcəssüm etdirən yaradıcılığı ilə Azərbaycan ədəbiyyatı tarixinə işıqlı səhifələr yazıb. O, bütün ədəbi fəaliyyəti boyu həqiqəti, insanpərvərliyi və gözəlliyi tərənnüm edib. Şərq poetik fikri zəminində yüksələn və dünya romantizm ənənələrindən uğurla bəhrələnən filosof-şair Azərbaycan poeziyasında fəlsəfi lirikanın dəyərli nümunələrini meydana gətirib. Qüdrətli sənətkar humanist ideallar uğrunda mübarizəyə səsləyən mənzum faciələri və tarixi dramları ilə Azərbaycan dramaturgiyasında yeni mərhələnin təməlini qoyub. Parlaq xarakterlərlə zəngin olub, bir neçə nəslin estetik zövqünü formalaşdıran və ölkəmizdə teatr mədəniyyətinə yeni nailiyyətlər qazandıran bu dramaturgiya milli teatr salnaməsində “Cavid teatrı” kimi özünəməxsus layiqli yer tutur. Cavid irsi Azərbaycan ədəbiyyatının qızıl fonduna həmişəlik daxil olub.

Hüseyn Cavid sovet rejiminin ən sərt təzyiqləri şəraitində belə, mənən sarsılmayaraq şəxsiyyətinin bütövlüyünü ləyaqətlə qoruyub. Ulu öndər Heydər Əliyevin şəxsi təşəbbüsü ilə Cavidin nəşinin 40 il öncə uzaq Sibirdən vətəninə gətirilməsi və məzarı üzərində məqbərənin ucaldılması adı sovet totalitarizminin günahsız qurbanlarının rəmzinə çevrilmiş sənətkarın və 1930-cu illərdə repressiyalara uğramış Azərbaycan ziyalılarının xatirəsinə ehtiramın ifadəsidir.