“Hökumətlər yoxsulluq problemini gizlətməyə çalışırlar”

379

Nicat İntiqam, Rasim Məmmədli
Dünən Beynəlxalq Avrasiya Mətbuat Fondunun (BAMF) təşəbbüsü, “ADA” və İqtisad universitetlərinin birgə təşkilatçılığı ilə Bakıya səfər etmiş Nobel Sülh Mükafatı laureatı Məhəmməd Yunusun “Kasıbların bankiri” (The Banker to the Poor) kitabının Azərbaycan dilindəki versiyasının təqdimatı keçirilib. Bu kitab BAMF tərəfindən Azərbaycan dilinə tərcümə olunub. Fondun sədri Umud Mirzəyev bildirib ki, “Kasıbların bankiri” kitabının Azərbaycan dilinə tərcümə edilməsi və bu kitabın dünya şöhrətli müəllif Məhəmməd Yunusun şəxsi iştirakı ilə Bakıda təqdimatının keçirilməsi əlamətdar hadisədir. O deyib: “Kitabın tərcümə prosesi ilə yaxından məşğul olan insan kimi deyə bilərəm ki, bu nəşr istər yaradıcılıq, istərsə də peşəkarlıq baxımından yeganə vəsaitlərdən biridir ki, onu oxuyan hər kəs həyatında dəyişikliyə ehtiyac olduğunu hiss edəcək”.
Azərbaycan Milli Elmlər Akademiyasının vitse-prezidenti, akademik, Milli Məclisin deputatı İsa Həbibbəyli qeyd edib ki, artıq bir neçə ildir Azərbaycanda Nobel mükafatçıları ilə görüşün səmərəli ənənəsi mövcuddur. “Kasıbların bankiri” kitabı yoxsulluqdan xilas olmaqda, cəmiyyətin çətinlikdən aydınlığa doğru inkişafında insan amilinin maliyyə amilindən üstün olması fikrini formalaşdırır: “Dərin insanlıq sevgisi, özünəinam, maarifçilik, böyük ümidlər bu kitabdan çıxarılan əsas nəticələrdir”.
İsa Həbibbəyli deyib ki, Məhəmməd Yunusun cəmiyyətin inkişafında ən aşağı təbəqədən normal cəmiyyətə doğru inkişafda yoxsulların təhsil alması, ümumiyyətlə, təhsildə islahatlar və təhsilin inkişafı haqqında fikirləri ilə Azərbaycan reallıqları bir-birini tamamlayır və təsdiq eləyir. Azərbaycanda müasir inkişafın təməlində ictimai-siyasi sabitlik, yüksək idarəetmə, elm və maarifçilik dayanır. Bu baxımdan Məhəmməd Yunusla bizim fikirlərimiz, reallıqlarımız bir-birini tamamlayır”.
“Cənab Yunusu dünyada unikal edən dəyişikliyə inamıdır”
Əmək və Əhalinin Sosial Müdafiəsi nazirinin müavini Mətin Kərimli bildirib ki, Məhəmməd Yunusu nadir alimlərdən biri edən, ona Nobel qazandıran ən böyük üstünlük onun dəyişikliyə inamı olub: “Siz bankların kasıb insanlarla işləyə biləcəyinə, Banqladeş cəmiyyətinin aşağıdan dəyişə biləcəyinə inanmısınız. Azərbaycanı da bugünkü inkişaf səviyyəsinə gətirən həmin inamdır. 1990-cı illərdə çoxsaylı sınaqlardan keçən Azərbaycan bu gün dünya səviyyəli tədbirlərə ev sahibliyi edir. Kasıblıq və işsizlik dəfələrlə aşağı salınaraq, 5 faizdən də aşağı səviyyəyə endirilib”, – deyə nazir müavini qeyd edib.
Mətin Kərimli dörd il bundan əvvəl minlərlə azərbaycanlı gənc kimi xaricdə təhsil almaq üçün göndərildiyini də xatırladıb: “Məhz həmin vaxt mən Harvard Universitetinin auditoriyasında dünyanın müxtəlif ölkələrindən olan tələbə yoldaşlarımla Məhəmməd Yunusun qurduğu bankla bağlı müzakirələr aparırdıq. Həmin vaxt təsəvvür etməzdim ki, Azərbaycan hökumətinin nümayəndəsi kimi Məhəmməd Yunusun qarşısında çıxış edəcəyəm. Cənab Yunusu dünyada unikal edən, Nobelə layiq görülməsinə gətirib çıxaran onun dəyişikliyə olan inamı olub. O inanırdı ki, banklar kasıblarla işləyə bilər. O inanıb ki, Banqladeş kasıbları, Banqladeş cəmiyyəti onun verdiyi imkanlardan istifadə edərək, daha da inkişaf edə bilər. Bütün bu dəyişikliklər onun inamı nəticəsində baş verib. Siz dünyada milyonlarla insan üçün – Hindistandan Amerika Birləşmiş Ştatlarına qədər dünyanın müxtəlif ölkələrində insanlar üçün nümunə olmusunuz. Azərbaycanı da bugünkü inkişaf səviyyəsinə gətirən həmin inamdır”.
“Kasıbların bankiri”
Kitabın Azərbaycan dilinə tərcümə edilməsindən məmnunluğunu bildirən Məhəmməd Yunus Azərbaycanda yoxsulluğun azaldılması istiqamətində atılan addımları yüksək qiymətləndirib: “Kitabın Azərbaycan dilində tərcümə olunmasında zəhmət çəkən hər bir şəxsə təşəkkür edirəm. Əslində bu kitabı yazanda onun bu qədər maraqla qəbul ediləcəyini gözləmirdim. Lakin reaksiyalar məni də təəccübləndirdi. İnkişafı davamlı olan Azərbaycan cəmiyyətinin də “Kasıbların bankiri” kitabından yüksək səviyyədə yararlanacağına ümid edirəm. Biz bu kitabda bir çox vacib məqamlara toxunmuşuq. Hər birimiz yoxsulluğun sıfır səviyyəsinədək endirilməsini arzu edirik.
Bu tədbirdə divarlara mənim şəkillərim yapışdırılıb, haqqımda bir çox çıxışlar oldu və mən özümü bir az əcaib vəziyyətdə hiss edirəm. Mən heç təsəvvür edə bilməzdim ki, kitabım Azərbaycan dilinə tərcümə olunacaq. Bir fransız nəşrinin əməkdaşı mənə dedi ki, öz avtobioqrafiyamı yazmalıyam. 1995-ci ildən bu yana təkidlə bunu məndən xahiş etdilər. Getdiyim ölkələrdə gözləmədiyim halda həmin fransız nəşrinin rəsmisi qarşıma çıxıb məni inandırmağa çalışırdı ki, belə bir kitabın yazılmasına ehtiyac var. Sevinirəm ki, artıq bu kitab dünyada ən çox oxunanlar arasındadır”.
“Dünyadakı bank sistemi yanlışdır”
Məhəmməd Yunus öz təşəbbüslərindən də danışıb: “Biz hər birimiz yoxsulluğun sıfır səviyyəsini endirilməsini arzu edirik. Neçə illərdir mən deyirəm ki, biz yoxsulluğu sıfır səviyyəsinə endirməliyik. Mən öz bankımı açarkən yoxsul qadınlara, yoxsul təbəqəyə daha yaxın oldum, onların tələblərini öyrəndim. Bu təmaslar nəticəsində mən dünyada gedən proseslərə qarşı münasibətimi tamamilə dəyişdim. Həmin insanların mənim həyatıma gətirdiyi dəyişikliklər nəticəsində mən də digər insanların həyatına dəyişiklik gətirə bildim. Mən dünyadakı bank sisteminə qarşı fərqli fikir ortaya qoydum. Mən düşünürəm ki, dünyadakı bank sistemi yanlış bir sistemdir. Bu sistem yoxsul olan, kreditə ehtiyacı olan insanlara kredit verilməsinə imkan vermir. Bu da yoxsulluğun, işsizliyin əsas səbəblərindən biridir. Beləliklə, vəzifəmiz bank sistemini bütünlüklə yenidən qurmaqdır ki, bank xidmətlərindən, maliyyə xidmətlərindən heç kim təcrid olmasın.
Sözsüz ki, yoxsulluğu sıfır səviyyəsinə çatdırmaq böyük bir işdir, böyük bir nailiyyətdir. Lakin bu səviyyəni qoruyub saxlamaq daha böyük bir vəzifədir – yeri gəlmişkən, mən Azərbaycanı da bank sistemini dəyişdirməyə dəvət edirəm.
Bundan sonra isə mən biznes dünyasına nəzər yetirdim. İstənilən biznesin mahiyyəti fəaliyyət nəticəsində qazanc əldə etməkdir. İnsan qazanc əldə etmək üçün gündəlik çalışan robot deyil. Lakin hazırkı biznes dünyasında digərlərinə qarşı xüsusi məhəbbət, xüsusi sevgi mümkün deyil. Mən digərlərinə xidmət naminə bizneslər qurdum. Mən bu bizneslərin adını sosial biznes qoydum. İdeyaçısı mən olduğum bu bizneslər, sadəcə, gəlir naminə qurulmayıb, daha çox problemləri həll etməyə, fərdlərin problemlərinin öhdəsindən gəlməsinə kömək edən biznesdir. Bunu etsəniz, siz özünüz də görəcəksiniz ki, insanların gücü ilə, insanların yaradıcılıq qabiliyyəti ilə ətrafdakı bir çox problemləri həll etməyə nail olacaqsınız.
Hər bir şəxsə kiçik bir imkan yaradılsa, kiçik bir imkan verilsə, o, çox gözəl bir sahibkardır. Biz dünyanı dəyişmək istəyiriksə, gənclərimizi, sadəcə, olaraq iş axtarmağa deyil, sahibkar olmağa, bizneslə məşğul olmağa vadar etməliyik”.
“Heç kim kasıb olmasın, heç kim subsidiyalardan asılı olmasın, heç kim işsiz qalmasın”
Məhəmməd Yunus dünyadakı sosial müdafiə sistemi ilə də razı olmadığını bildirib: “Mən sosial müdafiə sisteminin mövcudluğunu da sual altında qoyuram. Hazırda mövcud olan sosial müdafiə sistemi çox gülməli şəkildə fəaliyyət göstərir. Biz ABŞ-da, ümumiyyətlə, heç bir sənədi, heç bir gəliri, imkanı olmayan xanımlara maliyyə ayırırıq. Eyni zamanda sosial müdafiə sistemindən asılı olan şəxslərə, qadınlara da kreditlər veririk. Ən maraqlısı odur ki, sosial müdafiə sistemindən asılı olan xanımlara kredit ayıranda daha çox problemlərlə üzləşirik. Mən qanunverici olsaydım, qanunun tamamilə əks tərzdə işləməsini təmin edərdim. Mən bu fikirdəyəm ki, dövlətlərin qurduğu sosial müdafiə sistemi və yaxud ayırdığı subsidiyalar insanları məhkum vəziyyətə salır. İnsan subsidiya alırsa, yalnız həmin şərtlər çərçivəsində yaşaya bilər”.
Hökumətlər öz tərəfindən iddia edirlər ki, yoxsulluğu aradan qaldırıblar, heç kim yoxsul deyil. Beləliklə, yoxsulluq problemini həll etmək əvəzinə, hökumətlər yoxsulluğu gizlətməyə çalışırlar”,-deyə Məhəmməd Yunus qeyd edib: “Hökumətlərin bu addımı heç də yoxsulluğun azaldılması demək deyil. Əslində sosial müdafiə sistemi və subsidiyalar insanları yaradıcılıqdan, sahibkarlıqla məşğul olmaqdan təcrid edir, uzaq salır. Təəssüf ki, subsidiyalardan, sosial müavinətlərdən asılılıq bir nəslə aid deyil, nəsildən-nəslə ötürülən bir prosesdir. Subsidiyalar nə qədər çox olacaqsa, yoxsulluğun qarşısını bir o qədər almaq mümkün olmayacaq, hökumətlər gizlətməklə kifayətlənəcəklər. Biz elə bir sistem qura bilərik ki, heç kim kasıb olmasın, heç kim subsidiyalardan asılı olmasın, heç kim işsiz qalmasın. Mən bu fikirləri uzun illər bir yerdə işlədiyim qadınlardan öyrənmişəm”.
Mərasimdə professor Məhəmməd Yunusa BAMF-ın ali mükafatı təqdim olunub.