Hökumətdən güzəşt gözləyirlər

490

Devalvasiyanın çətin duruma, daha doğrusu, çıxılmaz vəziyyətə saldığı insanlar arasında dollarla krediti olanlar kifayət qədərdir. Məbləğ yüksək olduğundan dollarla ev, maşın alanların vəziyyəti isə çox ağırdır. Bu günlərdə jurnalist Fərahim Qasımovun sosial şəbəkədə paylaşdığı bir status bu baxımdan diqqət çəkirdi: “Kreditlə 19 min 500 dollara maşın almışdım. Birinci devalvasiyada üstünə 2300 dollar gəldi. 5900 dollar borcum qalmışdı, sevinmişdim. İndi 9145 AZN ödəməliyəm ki, krediti tam bağlayım. Nə başınızı ağrıdım, 30 min manatlıq maşın sürmək bir başqa “zövqdür”…

“Artıq iş-işdən keçmişdi”

Diqqətli oxucuların xatirində olar, bu il fevralın 21-də manatın məzənnəsinin devalvasiyası ilə bağlı verilən ilk qərardan sonra Bakı şəhər sakini Kərim Novruzov redaksiyamıza müraciət edərək, çıxılmaz duruma düşdüyünü demişdi. Bugünlərdə K. Novruzov yenidən qəzetimizə müraciət edib və ikinci devalvasiyanın onun kimilərini dəhşətli hala saldığını bildirib. Vəziyyəti elə onun öz dilindən eşidək: “2014-cü ildə Bakı şəhəri, Həsən bəy Zərdabi prospekti 3166 məhəllə ünvanında tikilən 16 mərtəbəli A yaşayış binasının 1-ci blokunda 3-cü mərtəbədəki 2 saylı mənzilin dəyərinin 26,87 faizini ilkin olaraq ödəyərək, tikintini aparan “FEBA” firması ilə alğı-satqı müqaviləsi imzaladım. Firmadan mənə bildirdilər ki, biz Bank VTB (Azərbaycan) ilə işləyirik və sənədlərini təqdim edirsən, qalan pulu – 80 min 840 manatı həmin bank ödəyir. Razılaşdım və 1 ay sonra həmin bankdan (Bank VTB, “Əcəmi” filialı) məni çağırıb, “İpoteka krediti müqaviləsi”nə imza atmağımı istədilər. Müqaviləyə imza atanda gördüm ki, kredit dollarla verilib – 105 min dollar. Əslində mən kreditin dollarla veriləcəyini bilmirdim, amma artıq iş-işdən keçmişdi”.

“Devalvasiya mənə 80 min 233 manat ziyan vurdu”

Kərim Novruzov anlaşmaya uyğun olaraq, hər ay banka 1543 dollar, köhnə məzənnə ilə 1215 manat kredit ödəyirmiş: “Mən şirkətdən evi manatla aldım – 1 kvadratını 1190 manata. Şərt belə idi ki, ilkin olaraq evin dəyərinin 25 faizini ödəyirsən, qalanını bankın verdiyi ipoteka krediti ilə – 10 illik (hər ili 12 faizdən olmaqla) bankdan götürürsən. Amma bank krediti dollarla verdi və mən iş-işdən keçdiyi üçün bir söz deyə bilmədim. Həmin mənzili ala bilmək üçün ilkin olaraq isə 36 min 800 dollar ilkin ödəniş etmişdim”.

Müsahibimiz dedi ki, birinci devalvasiyadan sonra da kreditini ödəməyə davam edib: “Əvvəl dolları manatla hesablayıb, 1215 manat ödəyirdim, daha sonra devalvasiya oldu və mən hər ay 1635 manat ödəməyə başladım. Sonuncu devalvasiyadan sonra isə hər ay 2391 manat ödəməliyəm – 1543 dolların müqabilində”.

Müsahibimiz dedi ki, dollarla aldığı 92,9 kvadratmetrlik ev hər iki devalvasiya nəticəsində ona təxminən 4 dəfə baha başa gələcək: “Bundan sonra həmin evə görə 104 ay 1543 dollar kredit ödəməliyəm. Manata çevirəndə həmin məbləğ devalvasiya nəticəsində 248 min 731 manat edir. Halbuki bundan əvvəlki kursla 168 min 498 manat edirdi. Yəni sonuncu devalvasiya mənə 80 min 233 manat ziyan vurdu”.

Bu məbləğdə borcu kim ödəyə bilər?

Həmsöhbətimiz bundan öncəki devalvasiya zamanı ağır vəziyyətlə üzləşsələr də bankdan onlara hər hansı güzəşt edilmədiyini söylədi: “Həmin dövrdə çox müzakirələr getdi, güzəşt olunacağı, müddətin artırılacağı bildirildi, ancaq heç nə dəyişmədi, güzəşt edilmədi. Bu devalvasiyadan sonra da hər hansı güzəştin olacağına ümid etmirəm. Amma çox xahiş edərdik dövlət rəhbərliyindən ki, bizə yardım əli uzatsın. Mənim ev aldığım binadan 150-dən çox adam kreditlə mənzil götürüb. Onların hər biri çıxılmaz duruma düşüb. Belə ev mənim nəyimə lazımdır? Bu məbləğdə borcu kim ödəyə bilər? Onda belə çıxır ki, mənim ömrüm elə kredit ödəməklə keçməlidir. Qoy dövlətimiz görsün ki, həqiqətən, vəziyyətimiz acınacaqlıdır, bizə güzəşt edilsin. Xahiş edirik, əhalinin banklara dollarla olan borcunu dövlət əvvəlki məzənnə ilə hesablasın”.

“Xahiş edirik ki,bizə yardım əli uzadılsın”

Kərim Novruzov dedi ki, güzəşt olunmayacağı təqdirdə, kreditini ödəməkdən imtina edəcək: “Birincisi, ona görə ki, əvvəlki kimi qazanmaq imkanımız yoxdur. Mən ticarət sahəsində çalışıram, daha əvvəlki kimi alver olmur. Gəlirimiz azalıb. Payladığımız məhsulun pulunu mağazalar ödəyə bilmir. Bundan başqa, devalvasiya elə bir vəziyyət yaradıb ki, bir ev mənə 4 evin qiymətinə başa gələcək. Əlbəttə, bundan sonra hətta o pulu ödəyə bilsəm belə, evin ümumi qiyməti mənə sərf eləməyəcək. Ona görə də ya güzəşt olunmalıdır, ya da bizi qane edən əlavə nə isə bir variant düşünülməlidir. Bir daha deyirəm, ölkədə mənim vəziyyətimdə olan minlərlə, bəlkə də, 10 minlərlə insan var. Bizi də başa düşmək lazımdır. Biz anlayırıq ki, dünyada baş verən proseslərlə əlaqədar olaraq devalvasiya qaçılmaz idi. Ancaq bizə güzəşt olunmalıdır. Uzunmüddətli kredit borcu olanlar bu vəziyyətlə üzləşəcəklərini bilsəydilər, yəqin ki, heç vaxt bu krediti götürməzdilər. Bir daha xahiş edirik ki, bizə yardım əli uzadılsın”.

Banklara tövsiyə olunub ki…

Qeyd edək ki, bir neçə gün öncə Mərkəzi Bankda (MB) bank sektorunun nümayəndələri ilə iclas keçirilib. Kommersiya banklarından birinin rəhbərinin APA-ya verdiyi məlumata görə, görüşdə manatın devalvasiyaya uğramasından sonra bankların problemli aktivlərinin kəskin artması və bank sektorundakı konsolidasiya prosesi müzakirə olunub. Bildirilib ki, banklara dollarla krediti olan müştərilərə müvafiq yardımlar göstərmək tövsiyə olunur. Eyni zamanda qeyd olunub ki, MB banklara vəziyyətdən çıxmaqda yardım edəcək. Banklara dollarla krediti olan müştərilərin kreditlərinin restrukturizasiyasını – kreditlərin ödənilməsi müddətinin artırılmasını, faiz dərəcələrinin azaldılmasını tövsiyə edib. Qeyd olunub ki, bank sektorunda konsolidasiya prosesi sürətlənməlidir. Bununla yanaşı, banklar manatla olan məhsullarını bazara daha intensiv çıxarmalıdır. Banklara o da tövsiyə olunub ki, fərdi inkişaf proqramlarını hazırlasınlar.

“Güzəşt ediləcəyi günü səbirsizliklə gözləyirik…”

Hazırda rayonda yaşayan, adının çəkilməsini istəməyən bir xanım isə bizimlə söhbətində bankdan 2500 dollar kredit götürməsinin ona baha başa gəldiyini söylədi: “Krediti 48 ay müddətinə götürmüşdüm. İmkanım olmadığı üçün ayda 88 dollar, yəni 93 manat ödəyirdim. Lakin devalvasiyadan sonra bu məbləğ 138 manat oldu”.

Həmsöhbətimizin sözlərinə görə, sonuncu devalvasiyadan sonra manatla təxminən 50 faiz daha çox vəsait ödəməli olacaq: “Getdik banka, dedilər ki, əziyyət çəkməyin, heç bir güzəşt olunası deyil. Bildirdilər ki, gərək bankın rəhbərliyindən göstəriş ola – ondan sonra hər hansı güzəştdən söhbət gedə bilər. İndiki halda heç bir güzəşt yoxdur”.

Dollarla kredit götürən digər şəxslər kimi, müsahibimiz də güzəşt ediləcəyi günü səbirsizliklə gözləyir…

Nicat İntiqam