Hindistanın ölkəmizdəki səfiri Mingəçevirdə səfərdə olub

0
324


Hindistanın Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri cənab Bavitlunq Vanlalvavna fevralın 6-da Mingəçevir şəhərində səfərdə olub. Qonağı şəhər İcra Hakimiyyətində İcra Haklimiyyətinin başçısı İlham İsmayılov qəbul edib. Səmimi və dostluq şəraitində baş tutan görüşdə icra başçısı şəhərimiz haqqında məlumat verib.

Qeyd olunub ki, Azərbaycanın dördüncü şəhəri kimi tanınan Mingəçevirdə 106 mindən çox yerli əhali və 20 mindən artıq məcburi köçkün məskunlaşmışdır. 1948-ci ildə şəhər statusu alan Mingəçevir ötən ilin noyabr ayında 71 illiyini qeyd etdi. Bu gün Mingəçevirdə bir sıra sənaye müəssisələri, ali və orta ixisas, texniki peşə təhsilli məktəbləri fəaliyyət göstərir. Şəhər regionda turizm obyektləri ilə də seçilir. Şəhəri iki hissəyə bölən Kür çayının sağ və sol sahillərində bir sıra istirahət mərkəzləri, parklar istifadəyə verilmişdir. Mingəçevirdə iki nəhəng elektrik stansiyası – Azərbaycan İstilik Elektrik Stansiyası və Su Elektrik Stansiyası fəaliyyətdədir. Bu stansiyalar vasitəsi ilə Azərbaycanın 40 faizə qədər enerjiyə olan tələbatı ödənilir. Eyni zamanda şəhərimizdə böyük su anbarı mövcuddur ki, bunun vasitəsi ilə respublikamızın 24 rayonuna su verilişi ilə təmin olunur.

Daha sonra İcra hakimiyyətinin başçısı hörmətli qonağa Hindistanda olduğundan və burada aldığı təəssüratlar barədə məlumat verib. Qonağa şəhərimizdə xoş istirahət arzulayıb və yaxından tanışlığı tövsiyə edib.


Hindistanın Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri cənab Bavitlunq Vanlalvavna Mingəçevirdə ilk dəfə olduğunu bildirib və səmimi qarşılanması üçün minnətdarlıq edib. Bildirib ki, şəhər öz coğrafi mövqeyinə və gözəlliyinə görə diqqəti cəlb edir. Şəhərlə-Hindistanın hər hansı bir şəhərinin qardaşlaşması məsələsinin vacibliyini diqqətə çatdırıb. Eyni zamanda hindistanlı iş adamlarının Mingəçevirdə fəaliyyətə cəlb olunması barədə fikirlərini bölüşüb. Gələcəkdə birgə əməkdaşlığın baş tuta biləcəyinə əminliyini vurğulayıb.
Görüş zamanı qonaq şəhər İcra Hakimiyyəti başçısına suvenir hədiyyə edib.
Qonaq Heydər Əliyev Mərkəziniə, Gənclər Evini, Mingəçevir Sənaye Parkının nəzdində fəaliyyət göstərən “Mingəçevir Tekstil” MMC-ni, Mingəçevir Su Elektirik Stansiyasını və Mingəçevir İstilik Elektirik Stansiyasını da ziyarət edib.

Esmira Hidayətova, Mingəçevir.