Hindistan ABŞ-la hərbi əməkdaşlığa başladı

0
409

Son illərdə beynəlxalq aləmdə baş verən hadişələr dünyanın aparıcı dövlətlərini özlərinin ənənəvi siyasətinə yenidən baxmağa, hərbi, iqtisadi, siyasi strategiyalarını dəyişdirməyə məcbur etməkdədir. Bu müstəvidə də günümüzdə dünənki düşmənlərin hərbi-strateji müttəfiqlərə çevrilməsi prosesi getməkdədir. Bunu son illərdə Hindistanla ABŞ arasında həm iqtisadi, siyasi, həm də hərbi-strateji əməkdaşlığın ildən-ilə genişləndirilməsi yönündə atılan addımlar da bir daha sübut etməkdədir. Belə ki, ötən gün Hindistan rəsmi şəkildə bəyan edib ki, ABŞ hərbçiləri ölkənin hərbi bazalarından istifadə edə bilərlər. Bu isə o deməkdir ki, Hindistan ABŞ-ın simasında özünün yeni hərbi müttəfiqini görməyə başlayıb. Hər halda Hindistan özünün təhlükəsizliyində mühüm rol oynayan hərbi-strateji bazalarından Amerika hərbçilərinin istifadə etməsinə razılıq verməsi Dehli ilə Vaşinqton arasında hərbi-strateji əlaqələrin yeni mərhələyə qədəm qoyması kimi dəyərləndirilir.
Rusiya
İş orasındadır ki, Hindistan uzun illər Rusiyanın hərbi müttəfiqi kimi çıxış edirdi. Hələ ötən əsrin 50-60-cı illərində Rusiya Hindistanda sosializm qurmaq niyyətində idi və bu məqsədlə adıçəkilən ölkə ilə sıx iqtisadi, siyasi və hərbi əlaqələr qurmuşdu. Xüsusilə, Hindistan-Pakistan münaqişələri zamanı Rusiya Hindistanın, ABŞ isə Pakistanın müttəfiqi kimi çıxış edirdi. Üstəlik, uzun illər ABŞ Hindistana hərbi texnika satmaqdan imtina edir və bunu müxtəlif səbəblərlə, o cümlədən Pakistan amili ilə izah edirdi. Belə bir vəziyyətdə isə Hindistan Rusiyanın əsas hərbi, iqtisadi müttəfiqinə çevrildi. Düzdür, Hindistan ölkədə sosializm modeli qurmaqdan imtina etdi, əvəzində isə bölgədə Rusiyanın əsas müttəfiqlərindən biri və onun ən iri silah bazarı kimi qalmaqda davam etdi. Sovetlərin dağılmasından sonra ABŞ uğursuz şəkildə Hindistanın nüvə proqramının qarşısını almağa çalışdı. 2001-ci ildə Nyu-Yorkda baş verən terror olaylarından sonra Vaşinqton Pakistanla yanaşı, Hindistanla da əməkdaşlığa xüsusi diqqət ayırmağa başladı. Amma Hindistan-Amerika münasibətləri səmimi əməkdaşlıq səviyyəsinə qədər gedib çıxmadı. Moskvanın isə Dehli ilə xüsusi pozitiv münasibətləri davam etdi. Bu gün Rusiya ilə Hindistan siyasi, iqtisadi, hərbi sahədə sıx əməkdaşlıq edirlər. Rusiya Hindistanla ticarətdə Birləşmiş Ştatlarla rəqabət aparır. Hindistanın nəhəng şirkətləri isə artıq Rusiyanın enerji müəssisələrinə və Benqal körfəzindəki enerji layihələrinə iri sərmayələr yatırıblar. İki dövlət Cənub marşrutu üzrə əməkdaşlığı da genişləndirir ki, bu da Moskvada bütün Hind okeanı regionu ilə ticarəti artırmağa imkan yaradacaq. Hindistan ordusunun silah və döyüş kompleksinin 70 faizini Rusiya təmin edir. İki ölkə qanadlı raket, qırıcı-bombardmançı və nəqliyyat təyyarələrinin istehsalı sahəsində əməkdaşlıq edir. Rusiya dünyada iki dövlətdən biridir ki, hər il Hindistanda müdafiə nazirləri səviyyəsində toplantı keçirir. Ölkələr kosmik proqramlar və nüvə sahəsində sıx əməkdaşlıq edir və bu sektora 10 milyardlarla dollar vəsait yatırıblar. Lakin beynəlxalq aləmdə hadisələrin yeni müstəvidə inkişaf etməsi Hindistanı da ənənəvi siyasətinə yenidən baxmağa məcbur etdi.

Dehli üçün yeni müttəfiq
21-ci yüzilliyin əvvəllərindən başlayaraq, Qərbin israrla Hindistanla yaxınlşmağa cəhd etməsi, əvvəlcə, Dehlidə birmənalı qarşılanmadı. Bununla belə, Qərbin, həqiqətən də, İslam dünyası, o cümlədən Pakistanla münasibətində özünü göstərməkdə olan düşmənçilik və bunun qarşısıalınmaz prosesə çevrildiyini görən Hindistan rəhbərliyi nəhayət, hərəkətə keçdi.
Bu çərçivədə də Hindistan özü də Qərbə yönələn xarici siyasətində müəyyən dəyişikliklər etdi və başda ABŞ olmaqla onun müttəfiqləri olan xristian dünyası ilə yaxınlaşma strategiyasını önə çıxardı. Bununla belə, Hindistan Qərblə, o cümlədən ABŞ-la münasibətlərdə olduqca ehtiyatlı hərəkət edir. Məsələn, Hindistan Rusiya ilə tam şəkildə üzülüşmək, ona arxa çevirmək niyyətində olmadığını son illərdə dəfələrlə nümayiş etdirib. Bu müstəvidə də Hindistan Rusiyanın Krımı işğal etməsinə özünəməxsus şəkildə dəstək verərək, bununla Moskvanın Ukrayna ərazisinə olan qanuni maraqlarına hörmətlə yanasdığını nümayiş etdirdi. Bu isə Hindistanla daha sıx hərbi əlaqələr qurmaq niyyətində olan ABŞ üçün gözlənilməz zərbə oldu. Buna paralel olaraq, Hindistan Qərbin Krımla bağlı Rusiyaya qarşı tətbiq etdiyi sanksiyaları da dəstəkləmədi. Vaşinqton Hindistanın belə bir mövqeyindən narazı qalmasına baxmayaraq, Dehli ilə sıx münasibətlər qurmaq siyasətini daha da dərinləşdirmək, iki ölkə arasında hərbi, siyasi, iqtisadi əlaqələri daha da inkişaf etdirmək siyasətini israrla həyata keçirməkdə davam edir. Bu da təsadüfi deyil. Rusiyanı hər vasitə ilə Hindistandan sıxışdırıb çıxarmağa cəhd edən ABŞ adıçəkilən ölkəyə həm də Çünə və müsəlman dünyasına qarşı mübarizədə özünün əsas müttəfiqi kimi baxır. Bunu bir müddət əvvəl ABŞ-ın Sakit okeandakı hərbi dəniz donanmasının komandanı Harri Harrisin yeni təşəbbüslə çıxış etməsi də sübut edir. Belə ki, Harris bölgədə ABŞ, Yaponiya, Avstraliya və Hindistandan ibarət yeni hərbi-dəniz alyansı yaratmağı təklif edib. Bu hərbi dəniz alyansı Hindistanın da özünə düşmən hesab etdiyi Çinin bölgədəki hərbi gücüniə qarşı yaradılacaq. Bununla bağlı bir müddət əvvəl Dehlidə təhlükəsizlik məsələləri ilə bağlı konfransda çıxış edən Harris adıçəkilən 4 ölkənin birgə hərbi dəniz donanmasının yaradılmasının tərəflərin bölgədəki maraqlarının qorunmasında önəmli rol oynaya biləcəyini vurğulayıb. Bu məqsədlə o, Hind okeanında və Cənubi-Çin dənizində birgə hərbi patrul gəmilərinin keşik çəkməsini təklif edib. Öz növbəsində, ABŞ-ın Hindistandakı səfiri Riçard Varma da yaxın gələcəkdə Hind və Sakit okeanlarında ABŞ-Hindistan birgə patrul gəmilərinin fəaliyyət göstərəcəyinə ümid etdiyini, bildirib. Bununla bağlı “Nyu-York Tayms” qəzeti açıq şəkildə yazıb ki, ABŞ Hindistanı özünün hərbi-dəniz müttəfiqinə çevirmək və bu yolla Çinə qarşı yeni hərbi alyans qurmaq niyyətindədir. Hadisələrin gedişi göstərir ki, ABŞ, nəhayət, Hindistanı özünün hərbi müttəfiqi kimi görmək niyyətinə doğru bir addım ata bilib. Hər halda, Hindistanın ABŞ-a məxsus hərbi gəmilərin və təyyarələrin üzünə özünün hərbi bazalarının qapısını açması Vaşinqtonun böyük uğru hesab edilə bilər. Təbii ki, Hindistan-ABŞ hərbi yaxınlaşmasında ABŞ müdafiə naziri Eşton Karterin bir neçə gün əvvəl Dehliyə səfəri də böyük rol oynayıb. Hindistanın öz hərbi bazalarını ABŞ hərbçilərinin üzünə açması da Karterin hindistanlı həmkarı Manoxar Parrikarla görüşündən sonra baş verdi. İki ölkə müdafiə nazirləri həmçinin yaxın aylarda ABŞ və Hindistan arasında hərbi əməkdaşlıq barədə anlaşma imzalamaq barədə razılığa gəliblər. Məsələnin bu tərəfinə diqqəti cəlb edən “Wall Street Journal” bunu iki ölkə arasında hərbi sahədə irəliləyişə doğru atılan böyük addım hesab edir. Qəzet yazır ki, Hindistan 10 ildən artıq idi ki, ABŞ-la hərbi əməkdaşlıq barədə anlaşma imzalamaqdan mədəni şəkildə imtina edir və bunun üçün müxtəlif bəhanələr gətirirdi. Ancaq hadisələrin gedişi göstərir ki, artıq Dehli özünün tərəddüdlərinə son qoyaraq Vaşinqtonla hərbi sahədə yaxınlaşmaq yolu seçib. Təbii ki, Hindistanı belə addım atmağa vadar edən səbəblər var. Belə ki, hələ 2014-cü ildə Çinin hərbi sualtı qayıqları Şri-Lanka sahillərinə – Kolomboya yan alaraq orada lövbər saldı. Bunun ardınca Çin hərbi gəmiləri Pakistanın Qvadar və Banqladeşin Çittaqonq limanlarına yan alaraq orada tez-tez görünməyə başlayıblar. Bu isə Hindistanın ABŞ-la yaxınlaşmasında önəmli rol oynadı.
Əlbəttə, əksər hərbi ekspertlər Hindistanın ABŞ-ın hərbi müttəfiqinə çevriləcəyinə inanmırlar. Belə ki, Hindistan hərbi bloklara qoşulmama siyasəti yeridir . Bununla belə, Hindistanın Rusiyadan sonra ABŞ-dan ən çox silah alan ölkəyə çevrilməkdə olması Moskvanın yaxın gələcəkdə ən iri silah bazarını itirəcəyini göstərir. Üstəlik, Hindistan Rusiyanın düşməni olan və ABŞ tərəfindən dəstəklənən Ukrayna ilə də hərbi sahədə əməkdaşlığı genişləndirmək üçün addımlar atmaqdadır. Belə ki, Hindistanda keçirilən “Defexpo India -2016” Silah və Texnika Sərgisində Ukrayna ilə Hindistan arasında hərbi-texniki əməkdaşlıq barədə ciddi anlaşmalar imzalanıb. Bu müstəvidə də “Defexpo India-2016” Silah və Texnika Sərgisində Ukrayna ilə Hindistan arasında çoxfunksiyalı nəqliyyat təyyarəsinin yaradılması ilə bağlı razılaşma əldə edilib. Ümumilikdə isə, silah və texnika sahəsində əməkdaşlıqla bağlı 15 bəyannamə imzalanıb.
Ekspertlər hesab edirlər ki, Hindistanla Ukrayna arasında ümumi dəyəri 5,3 milyard dollar olan və 15 illik müddəti əhatə edən birgə çoxfunksiyalı nəqliyyat təyyarəsi istehsalı Rusiyanın iqtisadi maraqları ilə yanaşı, siyasi maraqlarına da zərbə vuracaq. Çünki Hindistan Ukrayna ilə birgə istehsal edəcəyi çoxfunksiyalı nəqliyyat təyyarələrindən əsasən hərbidə istifadə etmək istəyir. Elə buna görə də Ukrayna nümayəndə heyəti əsas danışıqları Hindistanın Müdafiə Nazirliyi və Silahlı Qüvvələrin təmsilçiləri ilə aparıblar.
Böyük dövlətlərin Hindistanla əlaqələrinə yenidən baxdığı br zamanda Rusiya ənənəvi tərəfdaşını itirir. Özü də bu dəfə şimal qonşumuza iqtisadi zərbəni ABŞ, Avropa Birliyi və Çin kimi böyük dövlətlər deyil, Moskvanın dövlət belə hesab etmədiyi Ukrayna vurur.
Moskvada isə ehtiyat edirlər ki, bu, ilk və son olmaya bilər. Yəni Hindistan bu günə kimi Rusiya ilə silah və hərbi texnika sahəsində olan əməkdaşlığını bundan sonra Ukrayna ilə davam etdirər. Bu isə Rusiya üçün yalnız iqtisadi deyil, həm də böyük siyasi məğlubiyyət olardı. Beləliklə, Hindistanın xarici siyasətində əmələ gələn dəyişiklik və adıçəkilən ölkənin Qərblə, o cümlədən Ukrayna ilə yaxınlaşma cəhdləri Rusiya üçün beynəlxalq aləmdə daha bir təcrid olunmaya yol açmaqdadır. Rusiyanın Hindistan kimi müttəfiqini və onun simasında silah bazarını itirməməsi üçün hansı addımlar atacağını isə yaxın gələcək göstərəcək.

Əziz Mustafa