Heyvan genini bitkiyə köçürüb “keyfiyyətli” məhsul alırlar, biz də “bəh-bəh”lə yeyirik

0
390

Azərbaycana gətirilən ərzaq məhsullarında genetik modifikasiya olunmuş orqanizmlərdən istifadə olunmamalıdır. Bu barədə dəyişikliklər Milli Məclisin Aqrar siyasət komitəsinin dünən keçirilən iclasında müzakirəyə çıxarılan “Ekoloji təmiz kənd təsərrüfatı haqqında” qanun layihəsində öz əksini tapıb. Qanunda göstərilib ki, Azərbaycana idxal edilən ekoloji təmiz kənd təsərrüfatı və ərzaq məhsullarının etiketi üzərində onların istehsalı prosesində genetik modifikasiya olunmuş orqanizmlərdən və onların törəmələrindən “istifadə edilməməsi haqqında məlumat” göstərilməlidir. Qanun layihəsi barədə məlumat verən komitə sədri Eldar İbrahimov deyib ki, qüvvədə olan maddəyə əsasən, ölkəmizə idxal edilən ekoloji təmiz kənd təsərrüfatı və ərzaq məhsullarının etiketi üzərində onların istehsalı prosesində genetik modifikasiya olunmuş orqanizmlərdən və onların törəmələrindən “istifadə haqqında məlumatlar” göstərilməli idi. Onun sözlərinə görə, qanuna edilən mövcud dəyişiklik əhalinin sağlamlığının qorunmasını təmin edən ekoloji təmiz kənd təsərrüfatı və ərzaq məhsullarının istehsalı, emalı, dövriyyəsi və idxalı ilə bağlı məsələlər daha da ciddiləşdiriləcək. Bəs genetik modifikasiya olunmuş orqanizmlər nələrdir? Onun hansı faydaları və ziyanları ola bilər? Bu suallara Fövqəladə Hallar Nazirliyinin (FHN) Fövqəladə Halların Xəbərdar Edilməsi Baş İdarəsinin məlumatları əsasında aydınlıq gətirməyə çalışacağıq. İdarənin açıqlamasına görə, genetik modifikasiya olunmuş orqanizmlərin (GMO) yaradılması, onların istehsalatda tətbiq edilməsi zərurəti dünyada əhalinin sayının çoxalması və bununla da ərzaq çatışmazlığının yaranma ehtimalının artması belə bitkilərin yaradılmasına əsas verib. Genetik modifikasiya olunmuş bitki növləri təbii yolla əldə edilmiş növlərdən fərqli olaraq, bir sıra xüsusiyyətlərə malikdir. Bunlar yüksək və stabil məhsuldarlıq, ziyanvericilərə qarşı yüksək davamlılıq, yüksək və aşağı dərəcəli hava şəraitinə dözümlü olmaq: “Bu növdə məhsulların istehsalında qeyri-üzvi gübrələrin, pestisidlərin və digər zəhərli maddələrin tətbiqi azalır, bu isə o deməkdir ki, ətraf mühitin bu maddələrlə çirklənməsinin qarşısı da alınır. Bu xüsusiyyətləri nəzərə alaraq, genetik modifikasiya olunmuş bitki növlərindən dünyada geniş istifadə olunur”.

 

Bu məhsulların əldə olunma prosesi

“Genetik modifikasiya olunmuş orqanizmlərin əldə edilməsi zamanı heyvan geninin bitkiyə və ya əksinə, bitki geninin bitkiyə, heyvan geninin heyvana köçürülməsi baş verir. Nəticədə yeni bir növ alınır. Bu zaman təkcə yaxın “qohum” olmayan bitkilərin genləri deyil, eləcə də heyvan orqanizmlərindən balıq, əqrəb, siçan, müxtəlif həşəratlardan və s. orqanizmlərdən təcrid olunmuş genlər də donor kimi istifadə olunur. Yeni alınmış bu növlərdə yüksək məhsuldarlıq, uzun müddət öz formasını qoruyub saxlamaq, spesifik aromatik iyə, dada malik olması və zərərvericilərə, əlverişsiz ətraf mühit amillərinə qarşı dözümlü olması və digər xüsusiyyətlərin olması məqsəd kimi qoyulur. Məsələn, şimal balıqlarının soyuğa davamlılıq xüsusiyyətini daşıyan geni pomidor və çiyələk bitkilərinə köçürülür. İlandan alınmış genin qarğıdalıya köçürülməsi ilə qarğıdalının ziyanvericilərə qarşı davamlılığı artır”,-deyə məlumatda qeyd olunur.

 

GMO niyə zərərlidir?

Bu qidaların insan orqanizminə zərərlərinə gəlincə, bir sıra dövlətlər belə məhsullara çox ehtiyatla yanaşaraq, tərkibində GMO olan məhsulların markalanmasına (məhsulun tərkibində GMO-nun faizinin göstərilməsinə) nail olublar. Yaradılmış xüsusi laboratoriyalarda məhsulun tərkibində olan GMO-nun faizi müəyyən edilir. İdarə qeyd edir ki, ilk dəfə olaraq, ingilis alimi Arpad Puştai genetik modifikasiya olunmuş məhsulların insan orqanizminə zərərli təsirini təcrübə yolu ilə sübut edib: “Təcrübələr zamanı siçovullara bir müddət transgen tərkibli məhsulların yedizdirilməsi nəticəsində heyvanların qanında leykositlərin miqdarı aşağı düşüb, qara ciyərin ölçüləri kiçilib, çəkiləri azalıb, onlarda aqressivlik yüksəlib. Bundan başqa, bir müddət keçdikdən sonra siçovullar hətta bir-birilərini yeməyə başlayıblar. Sınağa cəlb edilmiş heyvanlar arasında ölüm faizi də artıb”.

Qeyd edək ki, bəzi Avropa ölkələrində genetik modifikasiya olunmuş məhsulların əkilməsi qadağan edilib, yalnız bəzi bitkilərin ölkəyə idxalına icazə verilib. Bəzi araşdırmalar isə göstərir ki, bu cür məhsullarla qidalanan insanlarda piylənmə prosesi sürətlə gedir. “Çox yeməkdən kökələn şəxslər pəhriz, idman vasitəsilə arıqlaya bilirlər. Lakin genetik modifikasiya olunmuş məhsullarla qidalanan insanların piylənməsinin qarşısını almaq çox müşkül məsələdir. Genetik modifikasiya olunmuş məhsulların orqanizmə təsiri uzun illər davam edə bilər”.

Sonda qeyd edək ki, dünyanın bir çox ölkələrində təhlükəni nəzərə alaraq, genetik modifikasiya olunmuş məhsulların idxalına, istifadəsinə və becərilməsinə qadağa qoyulub. Məsələn, bir müddət əvvəl Çin Amerika Birləşmiş Ştatlarından genetik cəhətdən modifikasiya olunmuş qarğıdalı idxalına və onun öz ərazisində becərilməsinə qadağa qoyub. Bundan başqa, Rusiyada da oxşar qərar qəbul edildiyi bildirilir.

 

NİCAT İNTİQAM

BIR CAVAB BURAXIN

Please enter your comment!
Please enter your name here