“Heyran olduğum olub, aşiq olduğum yox”

585

Sualları şair-publisist Cabir Albantürk cavablandırır:
– Sizə görə, həyatda ən asan və ən çətin şey nədir?
– Vətəndə və qürbətdə yaşamaq.
– Ucqar bir kənddə yaşamağa məcbur olsaydınız, dolanışığınızı necə çıxarardınız?
– Yaşamağa məcburam və bundan məmnunam… Fiziki cəhətdən sağlam, zəhmətkeş, işgüzar və qənaətcil adamlar üçün kənddə orta səviyyədə yaşamaq heç də çətin deyil.
– Keçdiyiniz ömür yoluna baxanda ən çox nəyə üzülür, nəyə sevinirsiniz?
– Qismətdən sayılsa da, gec ailə həyatı qurmağıma üzülmüş, övladımın dünyaya gəlməsinə və ilk kitabımın işıq üzü görməsinə sevinmişəm.
– Valideyn və müəllimlərdən başqa, özünüzü kimlərə borclu bilirsiniz?
– Bacı-qardaşa, arvad-uşağa, qohum-qonşuya və dostlara.
– Uğrunda hər şeydən keçə biləcəyiniz varlığın adı?
– Gec-tez dərgahına dönəcəyimiz Yaradan.
– Özünüzü hansı peşədə daha yaxşı ifadə edə bilərdiniz? İndiki işinizdən razısınızmı?
– Elm-təhsil sahəsində. Qismən…
– Üzr istəmək sizə ağır gəlmir ki?
– Baxır kimdən üzr istəyirəm… Heç kimdən üzr istəməyən və ya ancaq özündən güclüdən üzr dilənən şərəfsiz günahkardan üzr istəmək çox ağırdır.
– Sabir deyir, “ağladıqca kişi qeyrətsiz olur”, siz necə düşünürsünüz?
– Kövrəlmək, qəhərlənmək qadın-kişiliyindən asılı olmayaraq, insana xas duyğu, xüsusiyyətdir. Ancaq hönkürüb ağlamaq kişiyə-kişiliyə yaraşan hal deyil.
– “Kaş ki filan ölkədə doğulaydım, filan xalqın nümayəndəsi olaydım” dediyiniz olurmu?
– 7 yerə bölünmüş yurd, 70 yönə bölünmüş xalq… Yox tarixdə bu boyda dərd, ümidsiz olmaq da yasaq… Türk-müsəlman olaraq türk-müsəlman ölkəsində doğulmaq bu dəyərsiz dünyada həm böyük müsibət, həm böyük şərəf… müsibətlə şərafəti birgə yaşamaqsa zor işdi əlbət… Allahın məsləhət bildiyi hər şey bizim xeyrimizədir. Bütün hallarda şükür olsun şəriksiz olan Allaha.
– Evinizdə inciklik olurmu? Olursa, birinci kim barışır?
– Tez-tez. Əlbəttə, mən, hərdənbir o…
– Özünüzü kimin qarşısında günahkar bilirsiniz və kiminsə günahını bağışlamısınızmı?
– Anam, atam, qardaşım, bacılarım, həyat yoldaşım, övladım, dostlarım və bir qadın… Bağışlamaq böyüklükdür, sonradan doğru yola gələnləri, günahını dərk etmiş kimi görünənləri üzr istəməsələr belə bağışlamışam.
– Sizcə, azadlıq istədiyini eləməkdir, yoxsa istəmədiyini?
– Azadlıq, niyyətin hərəkətə gətirdiyi insan ruhunun cəmiyyətlə qaynaşmada ağıl, qəlb, iman və əməl vəhdətinə bağlı təkamülü nəticəsində hədləri bilmə və bildirmə çərçivəsidir mənə görə.
– Sevgi nədir: ümid, qorxu, ya xoşbəxtlik?
– Müalicə olunması istənməyən şövqlü xəstəlik. İtirmək qorxusu ilə qovuşmaq ümidi arasında yaşanan xoşbəxtliyə bənzər heyrətli həyəcan…
– Ən çox nə zaman utanırsınız?
– Güləndə… Bu gün buna haqqımız olmadığı üçün. Vətəni bölüm-bölüm, Qarabağı erməni işğalı altında olan bir xalqın şairi olduğumu düşünürkən…
– Ölüm nədir?
– Yenidən doğulmaq. Bir aləmdən başqa bir aləmə keçmək. Dünya qürbətindən qurtulmaq. Bütün imtahanları verib, nəticəni öyrənmək və yaşamaq yeri. Yunus Əmrə deyir ki, ölən heyvan imiş aşiqlər ölməz. Şair bununla demək istəyir ki, cismimiz ölür, ruhumuz ölməzdir.
– Çoxlu pulunuz olsa, hara xərclərdiniz?
– Ən üstün əməl olan insanları hidayət etmək yolunda islam maarifinə…
– “Mən almasam, bir başqası alacaq, mən olmasam, başqası olacaq” düşüncəsi nəyi ifadə edir?
– Vicdanı susdurmaq, biganəliyi basdırmaq bəhanəsini…
– Həyatda ən böyük təsəlliniz?
– Türk-müsəlman doğulmaq…
– Sizə hansı mövzuda sual verilməsini heç arzulamırsınız?
– Cavab verməmək, bilmirəm söyləmək haqqını özümdə saxlamaq şərtilə bütün mövzularda veriləcək suallara açığam, demək olar ki…
– Yubiley və ad günlərində özünüzü necə hiss edirsiniz?
– Mən özümün ad gününü məxsusi qeyd etmirəm və mümkün qədər belə mərasimlərə getmirəm. Bütöv Azərbaycansız, Qarabağsız yubiley, ad günü keçirmək Azərbaycan kişisinə yaraşmadığı kimi, şərəf də gətirmir, məncə…
– Dünyanın hər yerindən görünən uca bir lövhəyə iki-üç kəlməlik nəsihət yazmağı xahiş etsələr, nə yazardınız?
– Nəsihət etməyin, yaxşılıq edin.
– Sizə görə, insanda ən yaxşı və ən pis xarakter hansılardır?
– İnanmaq və insafsızlıq. Yaradana və bir-birinə inanmadan yaşamaq nə qədər çətin olardı… İnsanlığın və dinin yarısı olan insafdan məhrum olmaq isə pisliyin aşağı həddidir…
– Nə vaxtsa hansısa müğənniyə, sənətçiyə heyran, ya da aşiq olmusunuzmu?
– Heyran olduğum olub, aşiq olduğum yox.
– Övladlarınız sizi atsalar, onlara nə deyərdiniz?
– Mənim övladım məni atmaz…
– Ən çox sevdiyiniz və sevmədiyiniz sözlər?
– Allah bağışlasın, sağlam ol və s. ən çox sevdiyim sözlərdir. Düşmən, satqın və s. isə sevmədiyim.
– Fürsət olsa, ölümqabağı nə vəsiyyət edəcəksiniz?
– Milli, islami bütöv Azərbaycan dövləti uğrunda mücadiləni səngitməyin, kənddən və halallıqdan ayrı düşməyin, canlılara əziyyət verməkdən, onları öldürməkdən çəkinin…
– Ən çox nədən qorxursunuz?
– Müstəqilliyimizin itirilməsindən, imansız ölməkdən və övladı olan bütün insanların dilə gətirməyə belə qorxduğundan…
– Xoşbəxt olmaq üçün nəyiniz çatmır?
– Kifayət qədər məsuliyyət və səmimiyyətim.
– Sizin kimlərə və nə kimi xeyriniz var?
– Əsas odur ki, ziyanım dəyməsin…
– Bu dünya bir insan şəklində qarşınızda dursa, ona nə deyərdiniz?
– Sənin əlindən salamat qurtula bilsəydim…
– Həyatınızda sizə təklif edilmiş nədənsə imtina etmisinizmi?
– Təklif edilən hər nəsnə qəbul edilsəydi, insanlığımız bitmiş olardı ki…
– Gənclik hansı yaşda bitir?
– 33-40 yaş arası. İnsan müdriklik mərhələsinə yetişdikdə, fərdin ürək döyüntüsü yatışdıqda.
– Dostlarınız çoxdurmu? İnsanlar niyə dost olurlar?
– Hamı kimi, yaxın dostlarım az, uzaq dostlarım çoxdur… Dünya dostluq üzərində qurulmuşdur: Allah dostları, əqidə dostları, ailə dostları, qələm dostları… yalan dostları və s.