Heyifim gəldi…

0
485

Əvvəla, bu əziz Ramazanda pənah aparıram o bir olan Allaha ki, onun mərhəmətinin intəhası yoxdur. Və məhz bir olan Allahın mərhəmətinə arxalanıb bu aşağıdakı sözləri yazıram. Yoxsa bu sözlərin hər birindən qan qoxusu gələr.

Söhbət peşəkar futbol karyerasını hələ düz 24 ilə əvvəl başa vurmuş, Regional Futbol Federasiyasının prezidenti, veteran futbolçu, “Şöhrət” ordenli, Azərbaycan futbolunun ən məşhur simalarından biri olan çox hörmətli İsgəndər bəy Cavadov barəsindədir. Daha doğrusu, bu günlərdə futbolumuzun bu günü ilə bağlı onun növbəti açıqlamaları ilə bağlıdır.

Çox hörmətli İsgəndər bəyin dedikləri nələrdir?

Vallah, billah, elə bir şey deyil. Görün o nə deyir? Deyir ki, “balam, legionerlərə nə qədər güvənmək olar? Hər klubda bir-iki təcrübəli legioner lazımdır. Digərləri yerli futbolçulardan ibarət olsa yaxşıdır. Bir neçə il əvvəl söyləmişdim, gənclərə şans verilməlidir”. Qardaş, bu nə sualdır? Əvvəla onu deyim ki, sizin qaldırdığınız məsələ heç də yeni deyil. Yəni bu tipli sualların yaşı bizim müstəqilliyimizlə, demək olar ki, həmyaşıddır desəm, yanılmaram. Sözüm bunda yox, sözüm onda ki, məgər İsgəndər bəy hələ də başa düşmək istəmir ki, bu legionerlər bəzi klub rəhbərlərinin, sözün həqiqi mənasında, çörək ağacıdır? Məgər futbolumuza ayrılan sərmayə onların vasitəsilə tarmar olunmurmu? Bu gün bəzi komandalarımızın maliyyə durumu ilə üzləşməsinin əsas səbəblərindən biri elə bu amil deyilmi? Amma kimsə bu məsələni qabartmaq istəmir. Komandalar maliyyə durumu üzləşən kimi də sponsorları qınamaqla əsas məsələni ört-basdır etməyə çalışırıq.

Bəli, xeyli vaxtdır ki, səviyyəsiz legionerləri qaldırıb qoymuşuq dağın başına. Niyə? Çünki onları gətirənlər belə istəyirlər.

Özümüzünküləri isə… Görün bu məsələ ilə bağlı İsgəndər bəy nə deyir: “Deyin görək hanı Rauf Əliyev? Niyə Əfran İsmayılov görünmür? Rauf “İnter”in heyətində əvvəlki oyunu göstərmədi. Çünki ideal formadan uzaqdır. Belə futbolçuların məhv olmasında klublar günahkardır. Bəli, bu artıq bir faktdır ki, bəzi klublarımız artıq futbolçularımızın qəniminə çevriliblər. Odur ki, İsgəndər bəy haqlı olaraq sual edir: “10 ilə 10 klub dəyişmək olar?” İsgəndər bəy, unutmayın ki, bizim məmləkətimizdə hər şey mümkündür. O cümlədən on ildə on klub dəyişmək də… Bu yerdə bir maraqlı sual da ortaya çıxır: “Görəsən, gələcəkdə elə futbolçular hansı klubun veteranı kimi təqdim olunacaqlar?” Mənə elə gəlir ki, elə on klubun veteranı kimi… Görünür, bu sahədə də yeniliyə imza atmaq bizim qismətimizə düşüb. Allahım, sən bizə belə yenilikləri çox görmə?

Bu yazını yazmaqda heç də məqsədim İsgəndər bəyin fikirlərini təftiş etmək deyil. Sadəcə, belə alındı. Yəni sözümün canı var. Yaxşı olardı ki, İsgəndər bəy və onun kimi futbolumuzun tanınmış simaları bu kimi məsələləri futbolumuzun başbilənləri qarşısında kəskin şəkildə qaldırsınlar. Niyə belə deyirəm? Çünki mənə elə gəlir ki, məhz onların yuxarıları hərdən topa tutmamaları ancaq və ancaq futbolumuzu irəli apara bilər.

Əvvəla, bu əziz Ramazanda pənah aparıram o bir olan Allaha ki, onun mərhəmətinin intəhası yoxdur. Və məhz bir olan Allahın mərhəmətinə arxalanıb bu sözləri yazdım. Güman edirəm ki, bu söylədiklərim çox hörmətli İsgəndər bəyin xətrinə dəyməyəcək. Dəysə, vallah, bəy məni top kimi çiləyəcək. Allahım, sən özün mənə yardımçı ol! Sözün düzü, bu mövzuya girişmək belə istəmirdim. Lakin bütün günü bu mövzu məni o qədər məşğul etdi ki… Bu yerdə yadıma düşən bir məzəli əhvalatla fikrimi tamamlamaq istəyirəm: Mollanın əlində çoxdan bəri işlətdiyi taxta qaşığı görən qonşusu belə sınıq, əldən getmiş qaşığı saxlamaq üstündə onu danlayır. Bu zaman Molla deyir: “Qaşığı çoxdan atardım, amma indiyə qədər öz canına çəkdiyi yağa heyfim gəlir”. İndi onun sözü olmasın. Elə gün ərzində bu mövzu ilə bağlı apardığım araşdırmalar da mənim heyifim gəldi. Odur ki, onu bir kənara qoymaq istəmədim.

BIR CAVAB BURAXIN

Please enter your comment!
Please enter your name here