Heydər Əliyev prospektində piyada keçidləri nə vaxt tikiləcək?

0
326

Bakıda avtomobil yolu keçmək istəyən daha bir piyadanı vurub. Daxili İşlər Nazirliyindən verilən məlumata görə, hadisə ötən gün saat 22:00 radələrində Səbail rayonunun Badamdar qəsəbəsi ərazisində baş verib. Yolu keçən Bakı şəhər sakini Zahid Əhmədov müəyyən edilməmiş avtomobillə vurulub və nəticədə hadisə yerində ölüb.

Son dövrlər az qala hər gün paytaxt yollarında piyada vurulma hadisələrinə rast gəlinir. Xüsusən sutkanın qaranlıq saatlarında yolu keçmək istəyən piyadaların hayatları təhlükə qarşısında qalır. Bəzi ərazilərdə nizamlanmayan piyada keçidləri olsa da, çox zaman sürücülər onlara əhəmiyyət vermirlər.

Heydər Əliyev prospektində, SOCAR-ın baş ofisinin yaxınlığında yolu keçmək istəyən yüzlərlə piyadanın həyatı hər gün təhlükə qarşısında qalır. Bu yolda sürət həddi 90 kilometrdir, üstəlik prospektin Bağırov körpüsündən başlayaraq metronun “Koroğlu” stansiyasına qədər olan bir neçə kilometrlik hissəsində cəmi iki yerdə (“Şəfa” stadionu yaxınlığında yeraltı və “Koroğlu” metrostansiyasından bir qədər aralıda yerüstü) piyada keçidi mövcuddur. Eyni vəziyyət Buzovna yolunda da müşahidə olunur. Əlacsız qalan sakinlər sürətlə şütüyən avtomobillərin arasından qaçaraq keçirlər.

Bakı Nəqliyyat Agentliyinin mətbuat katibi Mais Ağayev virtualaz.org-a açıqlamasında bildirib ki, piyada təhlükəsizliyinin təmin edilməsi BNA üçün ən önəmli məsələlərdəndir. Bununla bağlı bütün zəruri tədbirlər görülür: “Yol hərəkətinin təşkili ilə bağlı həyata keçirilən bütün layihələrdə bu məsələ mütləq şəkildə nəzərə alınır. Piyada təhlükəsizliyinin təmin edilməsi işləri çərçivəsində hərəkətin intensiv olduğu yollarda müxtəlif səviyyəli piyada keçidlərinin təşkili məsələsinə də baxılır. Və bildirim ki, hazırda müvafiq qurumların da rəyi alınmaqla 41 məntəqədə müxtəlif səviyyəli piyada keçidlərinin inşası nəzərdə tutulub. Qeyd elədiyiniz ünvanlar da bu siyahıya daxildir”.

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin mətbuat xidmətinin rəhbəri Anar Nəcəfli isə virtualaz.org-a bildirib ki, Bakı və Bakıətrafı ərazilərdə avtomobil yollarında ilkin olaraq yüzə yaxın yerdə yerüstü və yeraltı piyada keçidlərinin tikintisinin zəruri olması barədə məlumatlar toplanıb və aidiyyati üzrə göndərilib. 2016-cı ildən başlayaraq Bakı şəhəri və şəhər ıtrafı yollarda 24 ədəd yeni yerüstü və yeraltı piyada keçidi inşa olunub və işlər bu il də davam etdiriləcək. Bu il yerüstü piyada keçidi nəzərdə tutulan ərazilər siyahısında Heydər Əliyev prospekti də var: “Bu il ərzində Bakı şəhərində Heydər Əliyev prospekti, Yusif Səfərov küçəsi və Qala-Pirallahı yolu ilə bağlı təkliflər hazırlayıb aidiyyati üzrə təhvil vermişik. Hazırda iş layihələndirmə mərhələsindədir. İşlər yekunlaşan kimi, maliyyə vəsaiti ayrılan kimi yerüstü piyada keçidlərinin inşası həyata keçiriləcək. Artıq bizim hazırladığımız layihə əsasında Moskva prospektində (“Şamaxinka” adlanan ərazidə) tikinti işlərinə başlanıb və bu il də davam edəcək. Unikal asma yerüstü piyada keçidi olacaq. Mərdəkan-Buzovna yolunda da işlərə başlanılıb, yerüstü piyada keçidi inşa olunur”, – deyə A. Nəcəfli qeyd edib. (virtualaz.org)