Heydər Əliyev ömrünün hər anını xalqına, millətinə həsr etmiş tarixi şəxsiyyətdir

407

Yeni Azərbaycan Partiyası (YAP) Mingəçevir şəhər təşkilatı və Mingəçevir şəhər İcra Hakimiyyətininin birgə təşkilatçılığı ilə H. Əliyev Mərkəzində ulu öndərin 94-cü ildönümü münasibəti ilə “Ömrünün hər anını xalqına, millətinə həsr etmiş tarixi şəxsiyyət” adlı konfrans keçirilib. Konfrans iştirakçıları əvvəlcə mərkəzin foyesində ulu öndərin 94 illiyinə həsr edilmiş məktəblilərin əl işlərindən ibarət sərgiyə tamaşa ediblər. Daha sonra icra hakimiyyətinin, hüquq mühafizə orqanlarının və şəhər ictimayyətinin iştirakı ilə geniş tədbir keçirilib. Əvvəlcə H.Əliyevin həyat və yaradıcılığından bəhs edən videoçarx nümayiş olunub. Tədbiri giriş sözü ilə açan icra başçısı Niyazi Bayramov ulu öndərin həyat və fəaliyyətindən söhbət açıb. Bildirib ki, Heydər Əliyevin parlaq zəkası, müdrikliyi sayəsində xalqımız öz milli-mənəvi dəyərlərini qoruyaraq yeni minilliyə inamla qədəm qoyub. Tarixin nadir hallarda yetişdirdiyi görkəmli şəxsiyyətlərdən biri olan ümummilli lider olduqca mürəkkəb bir dövrdə qarşıya çıxan bütün problemləri həll edərək Azərbaycana regionda və dünyada layiqli yer qazandırıb.

Başçı çıxışında həmçinin xatırladıb ki, Heydər Əliyevin zəngin və çoxəsrlik Azərbaycan tarixində dövlət başçısı və Prezident kimi müstəsna yer tutub. Dahi şəxsiyyətin fəaliyyəti əhəmiyyəti və dəyəri baxımından ölkəmizin hüdudlarını aşaraq, dünyada gedən qlobal proseslərə öz təsirini göstərirdi.

Konfransda çıxış edən digər natiqlər də diqqətə çatdırıblar ki, bu gün hər birimizin taleyində dahi müasirimiz olan Heydər Əliyev dühasinin bir zərrəsi var. Onun həyatı və fəaliyyəti, şəxsiyyəti tariximizin ayrılmaz bir hissəsini təşkil edir.  YAP şəhər təşkilatının sədri Cavanşir Yusubov, 8 saylı məktəbin müəlliməsi Səxavət Məmmədquliyeva, Az.İES-in direktoru Gülağa Məmmədov, MTK-nin müəlliməsi Çinarə Allahverdiyeva çıxışlarında vurğulayıblar ki, Heydər Əliyev həm də zəmanəsinin böyük mütəfəkkiri və filosofu olaraq azərbaycançılıq fəlsəfəsini formalaşdırıb və inkişaf etdirib. O da qeyd olunub ki, məhz bu fəlsəfə ölkəmizin müasir dünyada xüsusi yerini müəyyənləşdirib, milli dövlətçiliyimizin təməl prinsiplərini təşkil edib.

Sonda icra başçısı Niyazi Bayramov yekun sözü ilə çıxış edərək bildirib ki, dahi şəxsiyyət Heydər Əliyevin rəhbərliyi ilə güclü dövlət, səmərəli iqtisadiyyat, azad cəmiyyət strategiyası tədricən ölkənin həyatını inkişafa doğru dəyişib. Xalqın sosial rifahını yaxşılaşdırmaq üçün ulu öndərin böyük səyi nəticəsində “Əsrin müqaviləsi”nə imza atılıb.

Esmira Hidayətova, Mingəçevir.