“Heydər Əliyev – Müstəqilliyimizi əbədiləşdirən tarixi şəxsiyyət”

18 oktyabr –Dövlət müstəqilliyinin bərpasının 27-ci ildönümünə həsr olunmuş Mingəçevir H.Əliyev mərkəzində şəhəri İcra Hakimiyyətinin və YAP şəhər təşkilatının birgə təşkilatçılığı ilə elmi-nəzəri konfrans keçirilib.

Konfransı şəhər İcra Hakimiyyəti başçısı səlahiyyətlərini icra edən, birinci müavin İlham İsmayılov açıq elan edib. Bildirib ki, 18 oktyabrda Azərbaycan Respublikasının Azərbaycan Xalq Cümhuriyyətinin varisi olaraq öz  dövlət müstəqilliyini bərpa etdiyi tarixdən 27 il keçir: ”Bu gün YAP şəhər təşkilatı ilə birgə təşkil olunan “Heydər Əliyev – Müstəqilliyimizi əbədiləşdirən tarixi şəxsiyyət” mövzusunda konfransımız Dövlət müstəqilliyimizin bərpasının 27 illiyinə həsr olunub. Mən bu əlamətdar bayram münasibəti ilə Sizləri və Sizin timsalınızda bütün mingəçevirliləri təbrik edir, hər birinizə uzun ömür, cansağlığı arzulayıram.

İlham İsmayılov çıxışında qeyd edib ki, əsrlər boyu müstəqillik arzusu ilə yaşamış xalqımız ayrı-ayrı dövrlərdə müxtəlif imperiyaların və böyük dövlətlərin tərkibində olmasına baxmayaraq, milli-mənəvi dəyərlərini, dilini və mənəviyyətini qoruyub saxlamış və dünya mədəniyyəti xəzinəsinə öz töhfələrini vermişdir: ”XX əsrin əvvələrində Şərqdə ilk demokratik respublika kimi qurulan Azərbaycan Xalq Cümhiriyyəti cəmi 23 ay mövcud oldu  və bundan sonra 70 il sovetlər rejiminin tərkibində yaşamalı olduq.1991-ci ilin oktyabrın 18-də Dövlət müstəqilliyimizin bərpası bizə dünyəvi dövlət qurmaq və dünya birliyində mühüm yer tutmaq imkanı vermişdir. Ötən 27 il ərzində aparılan uğurlu daxili və xarici siyasətimiz sayəsində dövlətçilik ənənələrimiz  möhkəmlənmiş, iqtisadiyyatımız inkişaf etmiş, mədəniyyətimiz zənginləşmişdir. Ulu öndərin rəhbərliyi altında ictimai-siyasi sabitlik bərpa olunmuş , hərbi əməliyyatlar dayandırılmışdır. ”Əsrin müqaviləsi”imzalanmış və ölkədə  geniş miqyaslı islahatlara başlanmışdır. Bu gün ölkə Prezidenti  cənab İlham Əliyevin rəhbərliyi altında Azərbaycan bütün sahələrdə inkişaf edir”.

İlham İsmayılov onu da vurğuladı ki, Azərbaycanın bugünkü inkişafı onu göstərir ki, ölkəmiz cənab Prezidentin rəhbərliyi altında gündən-günə daha da inkişaf edəcək, gələcəkdə daha böyük uğurlar əldə edəcəkdir.

Daha sonra məruzələr ətrafında YAP Mingəçevir şəhər təşkilatının sədri Cavanşir Yusubov, YAP Mingəçevir şəhər təşkilatı Qadınlar Şurasının sədri Nurcamal Məmmədova, Mingəçevir Turizm Kollecinin aparıcı müəllimi Ceyhun Abdullayev, MDU-müəllimi Aygün Qədirova  Dövlət müstəqilliyi  ilə bağlı ayrı-ayrı mövzularda  çıxışlar ediblər.

Esmira Hidayətova, Mingəçevir