Hesabata sözardı, yaxud uşaqların pulunu kəsmək iş deyil axı….

747

Bəli, bir neçə gün öncə bizim AFFA öz növbəti hesabatını verdi. Bu hesabat, eləcə də hesabat ətrafı söhbətlər barədə ətraflı yazıb vaxtınızı almaq istəmirəm. Sadəcə, bir neçə məqamdan söz açmaq fikrindəyəm.

Bəli, qəbul edilmiş qərara əsasən artıq 21 yaşlı futbolçu 30 min, 23 yaşlı isə 50 min manatdan çox maaş ala bilməyəcək. Həmin futbolçu millinin heyətində mövsüm ərzində oyunların 50 faizində iştirk edərsə, klub tərəfindən onun maaşını 25 faiz artıra bilər. Bu qayda pozularsa, həmin futbolçunun klubu cərimələnəcək, üstəlik, xalı silinəcək. İlk baxışda belə bir limitin qoyulması olduqca məntiqli görünür…

Amma dünən nahar zamanı gördüm ki, bu qərara süfrəyə yemək üçün qoyulmuş bişmiş toyuğun da gülməyi gəlir. Hətta onu həzm-rabedən keçirərkən belə gülüşləri yox olmadı. A kişilər, bir mənə deyin görüm dünyanın hansı ölkəsində futbolçuların maaşlarına limit qoyulur, hə? Bir də mənə deyin görüm, siz hansı normativlərə görə 21 yaşlı futboçunu gənc adlandırırsınız? Vəli Qasımovun sözü olmasın, axı həmin yaşda olan futbolçu artıq gənc sayılmamalıdır. Digər tərəfdən, əgər 21 yaşlı futbolçu 23 yaşlı futbolçudan daha güclüdürsə, daha məhsuldardırsa, ondan niyə az zəhməthaqqı almalıdır? Burada onun hüquqları pozulmurmu? Yoxsa siz elə güman edirsiniz ki, həmin məbləğlə razılaşmayan futbolçular daha çox qazanmaq məqsədi ilə legioner həyatı yaşamaq məcburiyyətində qalacaqlar? Təki bu gümanınızda yanılmayasınız.

Amma mənə elə gəlir ki, belə bir qərar qəbul edilsə idi, daha məntiqli olardı: yaşından asılı olmayaraq hər bir futbolçuya zəhməthaqqı onun oyununa görə təyin olunacaq. Bu isə yaxşı oyna, yaxşı qazan anlamındadır. Axı indi bu üsul məmləkətimizin əksər insanlarına şamil olunur. Mənə belə gəlir ki, onda heç bir futbolçu nə AFFA-dan umu-küsülük edər, nə də mənsub olduğu klubundan… Hə, lap az qala unutmuşdum, mənim araşdırmalarıma görə, bu qərarın qəbulunda yeni fəaliyyətə başlamış Klublar Komitəsi daha çox canfəşanlıq edib. Bu, səhv etmirəmsə, həmin qurumun ilk işidir. Görünür, bir-biri ilə ünsiyyət qurmaq üçün təşkil olunmuş, başqa sözlə desək, aralarındakı mehriban düşmənçiliyi aradan qaldırmağa xidmət edən Klublar Komitəsi futbolumuzda bundan artıq nöqsan tapa bilməyib… Bu ünsiyyət qurumunun növbəti addımının nədən ibarət olacağını əvvəlcədən deyə bilmərəm. Bircə onu deyə bilərəm ki, heç olmasa bir mənalı işin, sözün həqiqi mənasında, qulpundan yapışsınlar ki, futbolumuzu uzaqlara daşıya bilək. Daha belə qəmişlər qoymaqla məşğul olmasınlar.

Bu hesabatdan sonra AFFA-nın prezidentinin bir açıqlaması lap mənə ləzzət verdi. O: “Ümumiyyətlə, futbolumuzun son illərdəki səviyyəsi və stadiona gələn azarkeş sayı sizi qane edir?” sualına bilirsinizmi necə cavab verib? Rövnəq müəllim deyib: “Siz mənim yaralı yerimə toxundunuz. Bu, klubların problemidir. Onlar bu işi düzgün qurmurlar. Mən “Neftçi” də olanda lotoreya və ya maşın uduşu ilə azarkeşləri stadiona cəlb edirdik. Həmin vaxt 20-25 min azarkeş stadona axışırdı. Sanki azarkeşsiz oynamaq klublara sərf edir. Çünki fanatlar olmayanda onları istefaya səsləyən olmur”. Bu isə o deməkdir ki, azarkeşlərin stadionlardan uzaq düşməsinin günahının bir qismi elə klublardadır. Adi bir misal, axı niyə bizim futbol şou-biznes qədər maraq doğurmur? Çünki şou-bisnesin elə “rejissorları” var ki, hər şeyi necə lazımdır, elə də düzüb qoşurlar. Futbolumuzda isə belələri yoxdur. A kişilər, bir mənə deyin görüm, axı niyə futbol matçları, demək olar ki, camaatın iş saatlarında, necə deyərlər, günün günorta çağı keçirilir. Bu oyunları təşkil edənlərdən soruşuram: məgər camaat işini-gücünü atıb oyuna baxmağa gəlməlidirlər? Bəs onların ailələrini gündəlik tələbat malları ilə kim təmin edəcək? Amma mən bu məsələyə Rövnəq müəllimdən bir az fərqli yanaşıram. Mənə elə gəlir ki, bu oyunlar ona görə gündüz saatlarında keçirilir ki, həmin oyunları təşkil edənlərin axşamlar dürlü-dürlü işləri olur. Onların axşamlar hansı işlərlə məşğul olduqlarını deyib özümü yandırmaq istəmirəm. Qorxuram ki, köşəmi topa tutarlar. Əşi, heç bundan qorxum yoxdur. Kim olacaq mənə güldən ağır söz deyən? Deyən olsa, mən onlara belə bir hikmətli rəvayət söyləyərəm, həm onlar rahatlıq taparlar, həm də mən. Teymurləngə xəbər verirlər ki, Molla Nəsrəddin bir məclisdə sənin zülmkarlığından danışırmış. Teymur hirslənib Mollanı hüzuruna çağırıb deyir:

– Bu nədir? Yoxsa başın bədəninə ağırlıq eləyir? Deyirlər, məclislərdə mənim zülmkarlığından danışırsan.

– Qibleyi-aləm sağ olsun! Sən özün bilirsən ki, mən həmişə elə söz deyirəm ki, qəribə olsun, təzə olsun, heç kəsin eşitmədiyi, bilmədiyi, danışmadığı olsun. Xoruz səsi eşitməmiş olsun. Sənin zülmkarlığın hamının bildiyi, danışdığı köhnə şeydir. Burada nə qəribəlik var ki, mən də danışam? Sənə yalan deyiblər.

Nə isə, yaxşı olardı ki, Klublar Komitəsi bu kimi işlərlə də məşğul olsunlar. Uşaqların pulunu kəsmək iş deyil axı…

QVAMİ MƏHƏBBƏTOĞLU