“Heç zaman sinəmə döyüb:“Mən jurnalistəm”, – deməmişəm”

670
Bölgə mətbuatımızın ilk “qaranquşu” sayılan “Şəfəq” qəzeti artıq 93 ildir ki, neçə-neçə ailələrə qonaq olur, onların qəlblərinə yol tapır. Son illər bu mətbuat orqanı öz fəaliyyət dairəsini genişləndirməklə yanaşı, bir sıra yeniliklərə də imza atıb. Bu prosesdə hazırda onu ərsəyə gətirənlərdən birinin – Qəhrəman Qasımovun da kifayət qədər əməyi var. O, 30 ildən çoxdur ki, “Şəfəq”də çalışır. Bu günlərdə “Şəfəq”in redaktoru Qəhrəman Qasımovla görüşüb ona bir neçə sualla müraciət etdik.  
– Qəhrəman müəllim, söhbətə sizin jurnalistikaya marağınızın kiçik tarixçəsi ilə başlayaq. Bu sahəyə marağınızın olduğunu nə zaman hiss etmisiniz?

– Mən hələ orta məktəbdə oxuyanda “Şəfəq”lə – rayon qəzeti ilə müntəzəm əlaqə saxlayardım. Belə ki, məktəbimizdə keçirilən tədbirlərlə, həmçinin müxtəlif peşə sahibləri ilə bağlı yazılarımı bu qəzetə göndərərdim. Həmin yazılarım dərc olunanda sevincdən az qala uçardım. Hərbi xidmət illərimdə isə Uzaq Şərq Hərbi Dairəsinin mətbuat orqanında – “Suvorov ardıcılları” qəzetində çıxışlar edirdim. (Bu işdə rus dilini bilməyim, təbii ki, mənə yardımçı olub). Elə bu həvəs məni ordu sıralarından sonra “Şəfəq”ə gətirdi. Burada 3 il korrektor kimi çalışdıqdan sonra ədəbi işçi, şöbə müdiri vəzifələrini icra etdim. 2006-cı ildən isə “Şəfəq”in redaktoruyam. Bir sözlə, artıq 31 ildir ki, “Şəfəq”in işçisiyəm.

– İlk qonorarınıza nə almısınız? 

– Uşaqlıq illərimdən kitaba böyük marağım olub. Əlimə pul düşən kimi özümü Quba şəhərində Musa kişinin adı ilə tanınan kitab  mağazasına salar, onun tövsiyəsi ilə kitablar alardım. Onu da deyim ki, Musa kişi çox kitabsevər bir insan idi. O demək olar ki, satışda olan bütün kitabların məzmunu barədə məlumatlı olardı və kitab almaq istəyənlərə müəyyən açıqlamalar verərdi. Nə isə… Mən ilk qonorarıma həmin mağazadan Mehdi Hüseynin “Səhər” və “Abşeron” romanları əsasında hazırlanmış kitab aldım. Səhv etmirəmsə, qiyməti o zamanın pulu ilə bir manat əlli qəpik idi. Yeri gəlmişkən, onu da deyim ki, hazırda şəxsi kitabxanamda mindən çox kitab var.

– Bəs Qəhrəman adını sizə kim verib? Olmaya uşaq vaxtı hansısa qəhrəmanlıq göstərmisiniz?

– Yox… Qəhrəman mənim babamın adı olub. Atamın dediyinə görə, o, çox cüssəli bir pəhləvan idi. O zamanlar toylarda güləşərdi.

 

“Kompyuteri bilmək o demək deyil ki…”

– Bəlkə söhbətimizi “Şəfəq”lə davam etdirək.

– “Şəfəq” bölgə mətbuatımızın ilk “qaranquşu”dur. 93 ildir ki, bu mətbuat orqanı üzərinə düşən missiyanı yerinə yetirir. Onu da deyim ki, o, müxtəlif ictimai formasiyalarda qayəsini dəyişməyib, obyektivliyi qoruyub saxlayıb, dövlət maraqlarını həmişə üstün tutub. Elə bu kimi məziyyətlərinə görə ümummilli lider Heydər Əliyev 1996-cı ildə qəzetimizin 75 illiyi münasibəti ilə kollektivə göndərdiyi təbrikində “Şəfəq”in fəaliyyətini yüksək dəyərləndirib. 3 il öncə qəzetimizin 90 illiyi rayon səviyyəsində geniş miqyasda qeyd edilib. Yeri gəlmişkən, “Şəfəq”in 8 min 500-dən artıq nömrəsi çapdan çıxıb və bu, hələlik, bölgə mətbuatında rekord göstəricidir. Hazırda qəzetimiz həftədə 3 dəfə (8 səhifə ilə) oxucularının görüşünə gəlir. Bu isə hər şeydən əvvəl, “Şəfəq”ə olan diqqətin nəticəsidir. Bu yaxınlarda qəzetimiz yeni bina ilə təmin olunub. Qəzetimizdə kompyuter mərkəzi yaradılıb ki, burada çapa qədərki, bütün işlər həyata keçirilir. Halbuki Quba Poliqrafiya Müəssisəsi öz fəaliyyətini dayandırdığı gündən, daha doğrusu, 1997-ci ildən 2007-ci ilin mayına qədər bu işlər “Azərbaycan” nəşriyyatının kompyuter mərkəzində görülürdü. Redaksiyamıza xeyli yeni avadanlıq alınıb, maddi-texniki bazası möhkəmləndirilib.

– Əyalət qəzetləri bəzən gözdən, könüldən iraq düşmələrindən gileylənirlər. Sizin də belə bir gileyiniz varmı?

– Təbii ki, əyalət mətbuatının, o cümlədən bizim də müəyyən problemlərimiz var. Məsələn, şimal bölgəsində mətbəə yoxdur. Bu da işimizi bir qədər çətinləşdirir. Nə qədər qəribə olsa da, bu gün sahibkarlar ticarət obyektləri açmağa daha çox maraqlıdırlar. Lakin nədənsə onlardan heç biri mətbəə barədə düşünmürlər. Görünür, onlar mətbəəyə gəlirsiz sahə kimi baxırlar. Halbuki mənim təxmini hesablamalarıma görə, mətbəənin gəliri bu və ya digər ticarət obyektinin gəlirindən bir neçə dəfə çox ola bilər. Baxın, görün, şimal bölgəsində nə qədər idarə, müəssisə, şadlıq sarayları var. Elə onlar üçün lazımı sənədlər çap etməklə kifayət qədər gəlir götürmək mümkündür. Bu gün şimal bölgəsinin bu və ya digər idarəsi bu kimi işləri həyata keçirmək məqsədilə paytaxta qaçır. İkinci bir məsələ: bölgə mətbuatını dirçəltmək üçün reklamlar önəmlidir. Lakin bəzən elə qadağalarla rastlaşırıq ki… Məsələn, məktəb həyatı ilə bağlı hər hansı bir şəxsin bu və ya digər sənədi itdikdə bununla bağlı məlumat çap edə bilmirik. Deyirlər ki, həmin sənədlər “Azərbaycan müəllimi” qəzetində dərc olunmalıdır. Yaxud da mülkiyyətlə bağlı elanları verə bilmirik. Ona da başqa bir əmma qoyulub. Deyirlər ki, mərkəzi mətbuatda dərc olunmalıdır. Halbuki belə şeylər KİV haqqında qanuna ziddir. Lakin onu da deyim ki, bu sahədə bölgə mətbuatından da qaynaqlanan problemlər var. Məsələn, sahibkar istəyir ki, yeni gətirdiyi məhsulunu bir neçə günün içində reklam etdirsin. Ancaq rayon qəzetləri ayda  iki, üç, yaxud bir dəfə çıxdığından bu addımı ata bilmir. Yəni sahibkar oturub on, yaxud on beş gün gözləyəsi deyil ki?! Bu kimi nüansları nəzərə alaraq, biz yaxın günlərdə ayda dörd dəfə oxucularla görüşə gəlmək niyyətindəyik.

– Bəs kadr məsələsi ilə bağlı problemlər yaşanmır?

– Bu, bölgə mətbuatının, əgər belə demək mümkünsə, yaralı yeridir. Mənim təxmini müşahidələrimə görə, rayonlarda fəaliyyət göstərən jurnalistlərin əksəriyyətinin yaşı əllidən yuxarıdır. Elə götürək bizim redaksiyanı. Bizim redaksiyada ən cavanı mənəm ki, mənim də 53 yaşım var. Yəqin soruşacaqsınız ki, məgər redaksiyalara yeni kadrlar işə qəbul olunmurlar? Yenə müşahidələrimə əsasən deyirəm ki, redaksiyalara gələn cavanlar informasiya texnologiyalarını bilsələr də, yazmağı, informasiya əldə etməyi bacarmırlar. Kompyuteri bilmək isə o demək deyil ki, o, jurnalistdir. Unutmayaq ki, jurnalistlərin birinci işi yazmaq, informasiya əldə etməkdir. İnandırım sizi, onların arasında elələrinə rast gəlmişəm ki, dilimizin qrammatikasını belə bilmir. Mətbuatın əsas vəzifələrindən biri də dilin saflığı uğrunda mübarizədir axı. Bu yerdə bir məsələyə də toxunmaq istərdim. Son illər, ümumiyyətlə, bu və ya digər qəzetin səhifələrində müəyyən səhvlərlə rastlaşmaq mümkündür. Amma bu, yolverilməzdir. Yəqin, xatırlayırsınız, bir zamanlar biz orta məktəbdə oxuyanda sözlərin düzgün yazılışlarını öyrənmək məqsədilə qəzetlərə müraciət edərdik. Digər tərəfdən, əyalət qəzetlərində əmək haqqı da o qədər yüksək deyil… Zənnimcə, həmin amil də bu sahəyə həvəsi olanları ruhdan salır.

“Bağda ərik var idi”

– Bəziləri rayon qəzetlərinə marağın az olmasını yerli icra hakimiyyəti orqanları ilə bağlayırlar. Bu fikrə sizin münasibətiniz?

– Bəri başdan deyim ki, qəzetlərə marağın azalması yalnız bölgələrdə özünü büruzə vermir. Paytaxt yazarları da bundan şikayətlənirlər. O ki qaldı bizə… Məlumat üçün bildirək ki, qəzetimiz Quba Rayon İcra Hakimiyyəti və jurnalist kollektivinin təsisçiliyi ilə işıq üzü görür. Fürsətdən istifadə edib qayğıya görə Quba Rayon İcra Hakimiyyətinin başçısı Mübariz Ağayevə minnətdarlığımızı bildirirəm. Yeri gəlmişkən, məhz onun sayəsində son illər Quba daha sürətlə dəyişir, gəncləşir, inkişaf edir. Rayonda son iki ildə 30-dan artıq obyekt – dövlət idarələri üçün yeni binalar inşa olunub, bir neçə tarixi abidədə yenidənqurma işləri aparılıb. Son bir neçə ildə rayonun 50-yə yaxın kəndi qazlaşdırılıb. Hələ neçə kənddə də bu istiqamətdə işlər gedir. Bəzi kəndlərə yeni su xətləri çəkilir. Statistiklər kiçik, ancaq maraqlı bir araşdırma aparıblar: sovet dövründə (70 ildə) Qubada cəmi 17 məktəb inşa olunub, müstəqillik qazandığımız son 20 ildə isə Quba rayonunda 80 məktəb binası inşa edilib, daha 6 məktəb də inşa olunmaqdadır. Bir sözlə, rayonda işlər çoxşaxəli şəkildə davam etdirilir. Möhtərəm Prezidentimiz İlham Əliyevin qayğısı ilə Quba respublikamızın möhtəşəm istirahət zonalarından birinə çevrilib. O ki qaldı konkret sualınıza, bəri başdan deyim ki, mən bu iradla razılaşa bilmirəm. İnandırım sizi, bu gün icra hakimiyyəti təsisçilikdən əlini çəksə, qəzetimiz yaşaya bilməz. Yeri gəlmişkən, rayonda qeydiyyatdan keçmiş 7 qəzet fəaliyyət göstərirdi. İmkansızlıq ucbatında onlardan 4-ü fəaliyyətini dayandırıb.

– İndiyədək hansısa yazıya görə təqiblərə məruz qalmısınız…

– Ötən əsrin 90-cı illərinin əvvəllərində bir sovxozda həyata keçirilən torpaq islahatlarındakı özbaşınalıqlarla bağlı “Bağda ərik var idi” adlı bir material yazmışdım. Buna görə həmin sovxozun direktoru məni haralara çəkmədi? Lakin mövqeyimdən geri çəkilmədim. Üstəlik, elə həmin mövzuda bir yazı da yazdım. Bununla həmin məsələ öz həllini tapdı: şikayətçilər qanunu torpaq sahələrinə sahib oldular. Bilirsinizmi, jurnalistin yazdığı faktlar doğru, qaldırdığı problem önəmli olanda o, heç zaman məğlub olmur. Təbii ki, jurnalist həm də öz mənəviyyatına arxayın olmalıdır.

– Bəs yazdığınız tənqidi məqalələr bəzən icra hakimiyyəti tərəfindən narazılıqla qarşılanmır?

– Yenə deyirəm, təsisçi olmaq o demək deyil ki, o, bizim hər işimizə qarışır. Təsisçi ilə bizim aramızda müqavilə var. Biz, sadəcə, onların materiallarına da qəzetdə yer veririk. Mən hələ indiyədək görməmişəm ki, icra hakimiyyəti hansısa tənqidi yazıya görə bizə irad tutsun. Əksinə, bizim tənqidi materiallar iclaslarda müzakirə olunur, qaldırılmış problemlər həllini tapır.

“Respublika səviyyəsində qeyd etmək niyyətindəyik”

– Qəhrəman müəllim, əyalətlərdə də reket jurnalistlər “fəaliyyət” göstərirlər?

– Bilirsinizmi, rayon yerlərində camaatın əksəriyyəti bir-birini tanıyır. Elə bu səbəbdən rayon yerlərində, əgər belə demək mümkünsə, yerli reket jurnalistlərə rast gəlmək mümkün deyil. Çünki onlar tez bir zamanda ifşa olunacaqlarından qorxurlar. Rayonlarda paytaxtdan gələn reket jurnalistlər, sözün həqiqi mənasında, meydan sulayırlar. Xüsusən də, yay aylarında onların sayı çox olur. Belələri öz səviyyəsiz hərəkətləri ilə, daha doğrusu, dilənməklə əsil jurnalistlərin də imicinə xələl gətirirlər. Onu da deyim ki, onların arasında bir zamanlar hüquq-mühafizə orqanlarında, idarə və müəssisələrdə işləyənlər də var. Özlərini də əsil jurnalist kimi təqdim etməkdən belə çəkinmirlər. Halbuki mən 31 ilin jurnalisti heç zaman sinəmə döyüb: “Mən jurnalistəm” deməmişəm. Məncə, belələri ilə mübarizə daha amansız olmalıdır.

– “Şəfəq” daha hansı sürprizləri ilə oxucuları sevindirəcək?

– Qəzetimizin 95 illik yubileyini geniş şəkildə, daha doğrusu, respublika səviyyəsində qeyd etmək niyyətindəyik. Güman edirəm ki, “Şəfəq” belə bir yubileyə layiqdir. Bir də o ərəfədə oxucularımla “Şəfəqli günlərim”i də paylaşmaq arzusundayam.

– Mətbuat Şurasının sədri Əflatun Amaşov “Şəfəq”i bölgə mətbuatımızın öncülü kimi dəyərləndirməklə yanaşı, bu qəzetin şimal bölgəsində ictimai fikir formalaşdıran əsas mətbuat orqanı olduğunu da bildirib. Elə isə digər bölgə qəzetləri ilə əməkdaşlıqdan  söz açmağınızı xahiş edirik.

– “Şəfəq” təkcə bölgəyə deyil, paytaxt qəzetlərinə də öz töhfəsini verib. Bu mənada, respublikamızın bir sıra rayon qəzetlərinin redaktorları, eləcə də imzaları ilə ölkə mətbuatında kifayət qədər tanınan qubalı yazarlar, əgər belə demək mümkünsə, “Şəfəq”dən çıxıblar. Məsələn, sovet dönəmində “Kommunist” adı ilə çıxmış indiki “Xalq” qəzetinin iki redaktoru (Tofiq Rüstəmov və Ramiz Əhmədov) “Şəfəq”in yetirmələri olub. AMEA-nın müxbir üzvü, filologiya elmləri doktoru Azad Nəbiyev bizim qəzetin əməkdaşı olub. Hazırda “Azərbaycan” jurnalının baş redaktorunun müavini vəzifəsində çalışan Südabə Ağabalayeva bir zamanlar bu qəzetdə çalışıb və sairə. Bu isə o deməkdir ki, “Şəfəq” böyük təcrübəyə malikdir. Bəli, biz ətraf rayonların qəzetləri – “Qızıl Qusar”, “Şabran”, “Xaçmaz”la mütəmadi əlaqə saxlayırıq. (Yeri gəlmişkən, onu da qeyd edim ki, bu qəzetlərin də ilk redaktorları elə “Şəfəq”də çalışanlar olublar). Belə ki, onlarla yazı mübadiləsi aparırıq. Xüsusən də, bu və digər rayondakı qabaqcıl təcrübələrin yayılmasında fəal əməkdaşlıq edirik. Lakin bu danılmazdır ki, bu gün mərkəzi mətbuatla bölgə mətbuatı arasında əlaqələr zəifdir. Bölgələrdə qeyri-hökumət təşkilatlarının mətbuatla bağlı keçirilən tədbirləri də sadəcə nəyinsə xatirinə keçirilir. İnandırım sizi, həmin tədbirlərə elə adamlar cəlb olunurlar ki, onların mətbuatla heç bir əlaqəsi yoxdur.

 “Deyəsən, şairanə alındı axı?”

– Qəhrəman müəllim, hərdən “kaş bu sahədə işləməzdim” ifadəsini işlədirsiniz?

– Bu sahədə olmağımdan peşman deyiləm. Mənə elə gəlri ki, başqa sahədə işləyə bilməzdim.

– “Şəfəq” sizin üçün nədir?

– “Şəfəq”, ümumiyyətlə, mətbuat mənim həyatımdır.

– Hərdən xəyala dalıb lirik duyğularınızı qələmə alırsınız?

– Əvvəllər yazardım. Sonra gördüm ki, şeir yazmaq mənim işim deyil. Odur ki, həmin lirik duyğulara daha üz vermədim.

– Darıxanda hara üz tutursunuz?

– Təbiətin qoynuna, daha doğrusu, bağıma…Təbiətlə təmasda olmaqdan alayı ləzzət alıram. Belə məqamlarda sanki hər şeyi unuduram. Lap çox darıxanda isə nəvələrimin yanına gedirəm. Yeri gəlmişkən, iki nəvəm var.

– Deyəsən, “Şəfəq”lə birgə siz də qocalırsınız axı…

– Əvvəla, “Şəfəq” qocalmır, o, tarix yaza-yaza tarixə çevrilir. Mən isə bu tarixi yazanlardan biri kimi onunla birgə ucalıram. Deyəsən, şairanə alındı axı?!..

 QVAMİ MƏHƏBBƏTOĞLU,