Heç olmasa hərdən bir qol vurun…

Bəli, son günlər futbol aləmimizdən bir-birindən bəd xəbərlər gəldi. Belə ki, Bakıda keçirilmiş Avropa çempionatının elit-raundunda 17 yaşadək futbolçulardan ibarət milli komandamız bizi məyus etdi. Yəni bu yarışda 3 oyunda üst-üstə 11 top (millimiz Xorvatiya və Serbiyaya 0:4, Portuqaliyaya 0:3 hesabı ilə uduzub) buraxdıq. Bizim məhəllə uşaqlarının sözləri ilə desək, qapımızdan 11 top çıxartdıq. Bu biabırçılığa dözməyən Azərbaycan milli komandasının baş məşqçisi Mirbağır İsayev istefa verdi. İstefasını da belə əsaslandırdı: “Məğlubiyyətə üzülmürəm. Komandamın qorxaqlığına üzülürəm. Mübarizəsiz təslim oldular. Öz komandama görə üzüldüm. Bu turnirdə aciz və xaraktersiz komanda gördüm”. Mən onun “Futbol – kişi oyunudur” sözlərinin üstündə dayanıb başqa qanqaraçılıq yaratmaq istəmirəm. Çünki deyiləsi hələ çox sözüm var.

Bu yandan da 19 yaşadək futbolçulardan ibarət Azərbaycan millisi Avropa çempionatının elit-raundunu xalsız başa vurdu. Yığmamız qitə miqyaslı yarışlarda 21 illik çıxışları tarixində ilk dəfə mini-turniri 3 məğlubiyyətlə bitirdi. Fransadakı yarışda meydan sahibləri 2, İngiltərə 1, Danimarka 3 dəfə millimizi cəzalandırdı. Amma Mirbağır ağadan fərqli olaraq, bu komandanın baş məşqçisi Nikolay Adam istefa-filan barədə düşünmür. Onun nə düşündüyünü, məncə, Allahdan başqa bir kimsə də bilməz. Hə, indi də keçirəm əsas mətləbə…

Bir neçə gün öncə həmin bu komandalardan birinin heyətində çıxış edən bir futbolçu mənə zəng edib nə desə yaxşıdır: “Hər gün ondan-bundan yazılar yazırsan, hərdən mən də oxuyub feyziyab oluram. Nə olar, bizim haqqımızda da bir babat yazı yazıb dərc edəndə. Biz məgər yazdıqlarından əskik-filanıq? Axı biz də Azərbaycanı həm meydanda, həm də meydandan kənarda pis təmsil etməmişik. Bu yerdə dilim dinc durmadı. Odur ki, onun sözünü kəsib dedim:

– Axı mən sizdən nə yazım? Yazım ki, yenə əlləri ətəklərindən uzun üstümüzə qayıtdılar… Yazım ki…

Gördüm, yox e… o məni başa düşmək istəmir. Bu dəfə onu başqa bir rakursdan başa salmağa çalışdım:

– Yəqin, “Həm ziyarət, həm ticarət” filminə baxmısan…

Dedi ki, bəs coğrafiya müəllimi Mustafanın həyat yoldaşının təhriki ilə olan-olmazını satıb borc-xərclə Türkiyəyə həm qohumunu  görməyə, həm də alverə getməsindən bəhs edən filmə kim baxmayıb ki… Hətta Mustafa müəllimin düşdüyü tragikomik vəziyyətə ağlamışam da…

“Afərin” deyib keçdim əsas mətləbə: “Həmin filmdə belə bir epizod var. Həmin o Mustafa müəllim (bu rolu xalq artisti Hacı İsmayılov oynayır) güzgünün qarşısında dayanıb televiziyada edəcəyi çıxışının məşq prosesində öz fikirlərini əsaslandırmaq üçün belə bir lətifə danışır: Bir dəfə Əhmədiyyə Allaha yalvarır: “Ay Allah, sənə qurban olum, nə ola, elə elə ki, mən lotereya bileti ilə bir maşın udum. Bir həftə kecir, maşın-zad olmur. Əhmədiyyə yenə yalvarır: “Ay Allah, axı mən sənə yalvardım, bir maşın nə olan şeydir ki, sən onu mənə qıymırsan? Bir həftə də keçir. Maşın-zad nə gəzir. Əhmədiyyə yenə yalvarır: “Ay Allah, axı mən sənə nə qayırmışam, sən niyə mənə kömək eləmək istəmirsən? Bir maşın nə olan şeydir? Yalvarıram nə olar, kömək elə lotereya ilə bir maşın udum.. Bu dəfə Allah daha dözmür, yuxarıdan qışqırır: “Ay Əhmədiyyə, ay sənin canını yeyim, mən sənə kömək eləmək istəyirəm, ozu də cox istəyirəm, amma sən də mənə bir balaca kömək elə, heç olmasa bir dənə lotereya bileti al. İndi Onun sözü olmasın, balam, siz heç olmasa, həmişə demirəm, hərdən rəqib qapısına bir qol vurun ki, mən haqqınızda nəsə yaza bilim də… Həmin oyuncu nədənsə heç sağollaşmadan telefonu söndürdü. Deyəsən, sözlərim xətrinə dəydi…

Bəli, təbii ki, istər U-19, istərsə də U-17-lərimiz bu göstəricilərlə qruplarda sonunçu olublar. Görünür, futbolla bağlı yarışlarda sonuncu olmaq bizim alnımıza yazılıb. Bəli, kim nə deyir desin, bu kimi göstəricilər bizim sabaha bəslədiyimiz ümidlərin heçə çıxması deməkdir. Sizi bilmirəm, şəxsən mən bu gedişlə sabah bu gənclərin serbləri, xorvatları, portuqalları, fransızları pərişan edəcəklərinə inanmıram.

Nədən? A kişilər, yazdıqlarıma diqqət etmədinizmi? Axı bizimkilər hələ qol vurmağı belə bacarmırlar. İstər U-19-lar, istərsə də U-17-lər son günlər keçirdikləri görüşlərin heç birində rəqib qapısına bir qol belə vura bilməyiblər. Bu isə o deməkdir ki, onlar futbolun əlifbasından xəbərsizdirlər. Amma bilmirəm, bu məsələdə uşaqlar günahkardır, yoxsa onları “komanda” halına gətirib meydançalara çıxaranlar?