“Heç olmasa çəkdiyimiz cizgi filmlərinin nümayişinə şərait yaradılsın”

717

Balaca televiziya tamaşaçıları eyni cizgi filminə dəfələrlə baxır, hətta onları artıq əzbər bilirlər. Bəzən xarici ölkələrdən alınmış və böyüklər üçün nəzərdə tutulmuş cizgi filmlərini də uşaqlara göstərirlər. Bütün bunlar bir yana… Nə qədər qəribə olsa da, bu gün ölkədə cizgi filmləri bazarı yoxdur. Elə buna görə də Mingəçevirdən olan gənc, bir neçə cizgi filmlərinin müəllifi Elvin Mütaliboğlunun çəkdiyi cizgi filmləri əlində qalıb.
Onun sözlərinə görə, uzun illərdir bu sahə ilə məşğuldur və azərbaycan dilində bir neçə cizgi filmi çəkib: “Bəri başdan deyim ki, cizgi film MR. Alvin studiyasımızın əsası 2014-cü ildə qoyulub. Bundan iki il sonra, daha doğrusu, 2016-cı ilin dekabr ayında dövlət qeydiyyatına alınıb. Lakin çəkdiklərimizi nümayiş etdirməkdə çətinlik çəkirik. Məsələn, 6 dəqiqəlik “Yeni il nağılı” cizgi filmini yeni il ərəfəsində yayımlanmağa çalışdım. Amma müraciət etdiyim telekanallardan heç biri buna reaksiya vermədi. Odur ki, film, əgər belə demək mümkünsə, hələ də əlimdə qalıb. Müsahibimiz elə bu kimi səbəblərdən gənclərin həvəsdən düşdüklərini vurğuladı.
Daha sonra o dedi: “Bu gün cizgi filmlərini ehtiyac var. Bizimkilər bu boşluğu doldurmaq üçün rusların cizgi filmlərini azərbaycan dilinə kortəbii tərcümə edib efirlərə verməklə bu problemi həll etmək istəyirlər. Bu da azyaşlı uşaqlarda bir çox problemlər yaradır. Məsələn, filmdəki musiqilər, kiçik nəğmələr tərcümə zamanı itib-batır. Nəticədə çox zövqsüz işlər ortaya qoyulur. Unutmayın ki, cizgi filmlərində səslər alayı bir ahəng yaradır. Bunlar da olmayanda cizgi filmi natamam olur. Çox vaxtı bir cizgi filmində 6-7 obrazı bir adam səsləndirir. Bu da xoşagələn deyil”.
Onun sözlərinə görə, gənclər bu sahədəki boşluğu öz zəhmətləri ilə ərsəyə gətirdikləri filmlərlə doldurmağa çalışırlar. Amma di gəl heç kim buna görə onları dəstəkləmir: “Biz bu işləri öz vəsaitimiz əsasında görürük. Mən sadəcə onu istəyirəm ki, heç olmasa bizim əməyimiz dəyərləndirilsin. Mənim 15 seriyalı cizgi filmim var, iki il bundan əvvəl bitirmişəm, o da əlimdə qalıb. Yenə deyirəm, heç olmasa onların nümayişinə şərait yaradılsın”.
Esmira Hidayətova