“Heç kim toxunulmaz deyil”

0
499

Azərbaycan Prezidenti İlham Əliyev Zaqatala və Şəki rayonlarına səfər edib. Şəki Məhkəmə Kompleksinin yeni inzibati binasının açılış mərasimində çıxış edən dövlət başçısı deyib ki, korrupsiya və rüşvətxorluq hallarına qarşı heç kim toxunulmaz deyil. Dövlət başçısı bildirib ki, Azərbaycanda hüquqi dövlət quruculuğu prosesi uğurla gedir: “Bunun təşəbbüskarı ulu öndər Heydər Əliyevdir”.

İlham Əliyev məhkəmələrə daxil olan şikayətlərin getdikcə azaldığını, gələcək islahatlar nəticəsində məhkəmə sistemində maksimum şəffaflığa nail olunmasının vacibliyini vurğulayıb.

Dövlət başçısı məhkəmə sistemində qərəzli yanaşmanın qəbuledilməzliyi, korrupsiya hallarına qarşı ciddi mübarizənin aparılmasının əhəmiyyətinə toxunub: “Bu sahədə beynəlxalq təcrübənin tətbiqi vacibdir. Cəmiyyətdə korrupsiya və rüşvətxorluq hallarına qarşı heç kim toxunulmaz deyil və bu kimi hallara qarşı cəza tədbirləri davam etdiriləcək”. Prezident son vaxtlar sahibkarlara qarşı edilən ədalətsizliklərlə bağlı müxtəlif faktların üzə çıxdığını, bu hallara yol verən şəxslərin mövqeyindən və vəzifəsindən asılı olmayaraq cəzalandırıldığını bildirib.

“Azərbaycan demokratiya yolu ilə gedir və ölkədə bütün azadlıqlar təmin olunur”,-deyən dövlət başçısı son parlament seçkilərinin Azərbaycan xalqının iradəsini əks etdirdiyini, seçkinin demokratik və şəffaf keçirildiyini bildirib.

Qeyd edək ki, Prezident Zaqatala rayonuna səfəri çərçivəsində Zaqatala-Danaçı-Aşağı Çardaxlar avtomobil yolunun əsaslı yenidənqurmadan sonra açılışında iştirak edib. Dövlət başçısı Heydər Əliyev Fondunun təşəbbüsü ilə inşa edilmiş “Qızılgül” körpələr evi-uşaq bağçasının açılışını edib. Prezident Zaqatala şəhərində Heydər Əliyev Mərkəzinin açılışında iştirak edib.

Dövlət başçısının Zaqatalaya səfəri çərçivəsində Azərbaycan Müəllimlər İnstitutunun Zaqatala filialının yeni inşa olunan binasının açılışı da olub. Daha sonra Prezident İlham Əliyev Şəki-Qax-Zaqatala avtomobil yolunun Şəki-Qax hissəsinin yenidənqurmadan sonra açılışında iştirak edib. Dövlət başçısı Heydər Əliyev Fondunun təşəbbüsü ilə Şəkidə inşa olunmuş 160 yerlik körpələr evi-uşaq bağçasının açılışını edib.

Dövlət başçısı Şəkidə “Marxal” sanatoriya-istirahət kompleksində tikinti işlərinin gedişi ilə tanış olub. Daha sonra 840 şagird yerlik Qoxmuq kənd tam orta məktəbinin yeni binasının istifadəyə verilmə mərasimi olub.