“Heç kim kəndi tərk etməyib”

579
Son günlər cəbhə bölgəsində atəşkəs intensiz olaraq  pozulur. Bunun acı nəticəsi olaraq, ordumuz  şəhidlər  verir. Bəzi media orqanlarında və sosial şəbəkələrdə gəzən söz-söhbətlərdə isə cəbhə bölgəsinə yaxın olan kəndlərdə qadınların və uşaqların kəndləri tərk etdikləri yazılır.  
 

“Bizim kəndi heç kim tərk etməyib”

Sərhəd bölgəsinə ən yaxın kəndlərdən biri də Goranboy rayonunun Tapqaraqoyunlu kəndidir. Oradakı və ümumiyyətlə, cəbhə bölgəsində son vəziyyəti öyrənmək üçün Tapqaraqoyunlu Kənd Bələdiyyəsinin sədri Rafiq Yusifovla əlaqə saxladıq. Rafiq Yusifov “Zaman-Azərbaycan”a müsahibəsində dedi: “Silah səsləri Tapqaraqoyunluda hər zaman olub, indi də var. Ümumiyyətlə, ermənilər atəşkəs olan illər ərzində, demək olar ki, hər gün Tapqaraqoyunlunu atəşə tutublar. Hazırda isə yalnız gecələr atışmalar gedir. Eşidirik ki, mətbuatda guya qadınlar və uşaqların kəndləri tərk etmələri barədə məlumatlar yayılır. Bizim kəndi heç kim tərk etməyib. Burada həyat əvvəlki kimi davam edir. Kommunal xidmətlər sarıdan da problemimiz yoxdur. Qazımız, suyumuz və işığımız verilir, mən deyərdim ki, hələ əvvəlkindən də yaxşıdır”.

 

Ermənilər havaya fişəng atırlar, sonra…

Ağdam rayonunun Çıraqlı kəndi hazırda ən çox güllə-barana tutulan kəndlərdən biridir. Hazırda Çıraqlıda olan “El” TV-nin Qarabağ üzrə bölgə müxbiri Daşqın Güneylidən aldığımız məlumata görə, avqustun birindən bu günə kimi erməni silahlı qüvvələri hər axşam gün batandan sonra müxtəlif saatlarda üzbəüz mövqeləri atəşə tuturlar. O cümlədən ermənilər təmas xəttinə yaxın olan yaşayış məntəqələrini də atəşə tuturlar: “Erməni silahlı qüvvələri iriçaplı silahlardan istifadə edirlər. Son bir neçə gündə atışma yalnız gecə saatlarında, 1 -3 arası getdi. Atışmadan öncə ermənilər havaya işıqlandırma məqsədi ilə fişəng atırlar. İşıqlanandan sonra isə konkret olaraq hədəfləri nişan alırlar. Azərbaycan Silahlı Qüvvələrinin qarşı tərəfə cavab atəşindən sonra isə düşmən susmağa məcbur olur”. Daşqın Güneyli bizə bildirdi ki, bir jurnalist olaraq, bəzi informasiya vasitələrində təmas xəttindəki kəndlərin əhalisinin guya oranı tərk etməsi barədə xəbərləri oxuyur və bundan çox narahat olur. Bu xəbərlərin hansı məqsədlə yayıldığını bilməsə də, bunların tam böhtan olduğunu əminliklə söyləyə bilir: “Təmas xəttinə yaxın olan kəndlərdə yaşayan qoca, qadın, uşaq – hər bir fərd hal-hazırda öz evindədir. Hətta sərhəd bölgəsinə ən yaxın olan evlərin sakinləri belə, öz evlərini tərk etməyiblər”.

 

Gecəni Ağdamın Çıraqlı kəndində keçirən jurnalistin dedikləri

Daşqın Güneylinin dünən gecə (srağagün) qarşılaşdığı bir hadisə isə əhalinin rahat olduğunu əyani olaraq sübut edir. Belə ki, dünən Ağdamın Çıraqlı kəndində bütün gecəni öz avtomobilində keçirən Daşqın Güneyli 4 yaşlı uşağın ermənilər atəş açarkən “baxın, bu TŞK-dır” deməsinin onu təəccübləndirdiyini söylədi: “Uşağın 4 yaşı olmasına baxmayaraq, o, mənfur düşmənlərin hansı silahlardan atəş açdıqlarını artıq bilməkdədir. Təmas xəttində yerləşən Ağdamın Çıraqlı, Təzəkənd, Mirəsirli, Tərtərin Qapanlı kəndləri yaşayış üçün vacib olan su, işıq, qaz kimi kommunnal xidmətlərlə fasiləsiz təmin olunurlar. Bu kəndlərdə Azərbaycan Hərbi Hava Qüvvələrinə məxsus vertolyotların növbə çəkməsini seyr etmək asanlıqla mümükündür”.

Yerli sakinlərin isə cənab baş komandan İlham Əliyevdən yalnız bir istəkləri var, o da döyüş əmri.  Əgər döyüş əmri verilsə, sakinlər əliyalın da olsa, döyüşə gedəcəklərini söyləyirlər. Yetər ki, torpaqlarımız geri qaytarılsın.

Esmira Hidayətova