“Heç kəs kiminsə səhvinə görə söz götürmək istəmir”

593
Kollektiv iş şəraitində bir nəfərin məsuliyyətsizliyi bütövlükdə müəssisənin nüfuzuna xələl gətirə bilər. İşçi məsuliyyətsizliyi və onun səbəb olduğu fəsadlar mövzusuna müraciət etməyimizə səbəb yaxın vaxtlarda tanış müəssisənin belə problemlə  üzləşməsidir.
Cəmiyyətimizin əsas problemi…

Mövzumuzla bağlı suallarımızı cavablandıran Qafqaz Universiteti Texnoparkının direktoru İsa Qasımov bildirdi ki, vətəndaşlarımızda komanda şəklində çalışmaq  ruhunun olmaması cəmiyyətimizin əsas problemlərindəndir: “Güləş, boks və s. idman növləri üzrə keçirilən yarışlarda həmyerlilərimiz böyük uğurlar əldə edirlər. Amma futbolda belə nailiyyətlərə imza ata bilmirik. Bunun səbəbi insanlarımızda komanda şəklində işləmək, mübarizə aparmaq ruhunun, şüurunun olmamasıdır”. Artıq Azərbaycanda vətəndaşlar arasında komanda ruhunun inkişaf etdirilməsinin ölkə siyasətinin prioritet istiqamətlərindən olduğuna diqqət çəkən İ. Qasımov bunları dedi: “Bu istiqamətdə görülən işlərə nümunə olaraq qeyd etmək istəyirəm ki, kurikulumda şagirdlərin kollektiv çalışmalarına və qiymətləndirilmələrinə xüsusi önəm verilir. Universitetlər də dərs prosesini artıq bu istiqamətdə qurmağa çalışırlar”. Müsahibimizin sözlərinə görə, bütün müəssisələrdə çalışan işçilərə komanda olaraq fəaliyyət göstərmək ruhu təbliğ olunmalıdır: “İşçinin məsuliyyətsizliyi müəssisədə komanda ruhunun olmamasından da qaynaqlana bilər. Ona görə də məsuliyyətsiz işçilərə xüsusi təlimlər keçirilməlidir. Belə təlimlər vasitəsilə əməkdaşlara təlqin olunmalıdır ki, onlardan birinin məsuliyyətsizliyi kollektivin işinə mənfi təsir edir”. İ. Qasımovun sözlərinə görə, müdirlər işçilər arasında sosial və digər proqramlar həyata keçirməlidirlər: “İşçilər arasında pozitivliyin qorunub saxlanması üçün belə proqramlara daim ehtiyac duyulur”.

 “Əməkdaşın işdən uzaqlaşdırılması axırıncı variant olmalıdır”

İ. Qasımova ünvanladığımız “İşçinin məsuliyyətsizliyi ucbatından müəssisə ziyan görübsə, müdir həmin əməkdaş üçün hansı tədbir görməlidir?” sualımıza onun cavabı belə oldu: “İstənilən halda işçinin işdən uzaqlaşdırılması həmin müəssisə üçün xeyirli hesab olunmur. Çünki işçi yetişdirmək heç bir müəssisəyə asan başa gəlmir. Bu səbəbdən də yeni işçi götürmək əksər hallarda şirkət üçün sərfəli olmur. Eyni zamanda da işdən uzaqlaşdırılan şəxsin yerinə işə götürüləcək adamın məsuliyyətli olmasına da heç kim zəmanət verə bilməz”. İ. Qasımovun sözlərinə görə müəssisə rəhbərləri işçilərini yetişdirməyə daha çox diqqət yetirməlidirlər: “İşçi öyrənməyə maraqlı deyildirsə, inadçıdırsa, onun işə götürülməsi səhv addım olub. Əməkdaşın işdən uzaqlaşdırılması həmişə axırıncı variant olmalıdır”. Müsahibimiz onu da əlavə etdi ki, hazırda şirkətləri yeni işə götürəcək şəxslərin nizam-intizamlı, məsuliyyətli olması daha çox maraqlandırır, nəinki peşəkarlığı: “Şirkətlər işə götürəcək adamı birinci növbədə məsuliyyətli olub-olmamasını yoxlayırlar. Müəssisə rəhbərləri işçilərinin cəmiyyət içindəki məsuliyyətinə, davranışına da xüsusi diqqət yetirirlər. Çünki şirkət əməkdaşlarının işdən kənarda özlərini necə aparmaları əməkdaşı olduğu müəssisənin imicinə təsir edir”.

 “Məsuliyyətsizlik müdir və kollektivlə münasibətlərə mənfi təsir edir”

Psixoloq Hüseyn Xəlilov isə suallarımıza cavab olaraq bildirdi ki, işə soyuq, laqeyd,  qeyri-ciddi münasibət onun ahəngini, dinamikliyini pozur və səmərəliliyini azaldır: “İşçinin məsuliyyətsizliyi nəinki işin gedişatına, hətta işçilər arasındakı münasibətlərin də korlanmasına səbəb olur. Heç kəs kiminsə səhvinə görə danlanmaq, söz götürmək istəmir. Və yaxud kiminsə məsuliyyətsizliyi ucbatından işinin ləngiməsini qəbul etmir. Bu da işçilər arasında münasibətlərin pisləşməsinə gətirib çıxarır”. Müsahibimizin sözlərinə görə, işçi məsuliyyətsizliyi müdir ilə kollektiv arasındakı münasibətlərə də mənfi təsir edir.

 “Bəzi insanlarda məsuliyyətsizlik vərdişə çevrilir”

H. Xəlilov qeyd etdi ki, müdir məsuliyyətsiz işçisi ilə həmsöhbət olub bunun səbəbini öyrənməyə çalışmalıdır: “İşçinin işə münasibətinin soyumasının müxtəlif səbəbləri ola bilər. Misal üçün, maddi sıxıntı, həddən çox işlə yüklənmə, ailə-məişət problemi və s”. İşçilərin psixoloji vəziyyətinin rəhbərlik tərəfindən həmişə nəzarətdə saxlanmasının vacibliyinə toxunan həmsöhbətimiz bunları dedi: “Bəzi insanlarda məsuliyyətsizlik  vərdişə çevrilir. Ona görə də bütün işçilərə ayda bir-iki dəfə fədakarlıq, məsuliyyət və s. mövzularda psixoloji treninqlər keçirilməlidir. Belə olan təqdirdə, işçilərin işə münasibəti  müsbət mənada dəyişir”. İnsanların işə məsuliyyət hissinin azalması səbəbləri haqqında da danışan H. Xəlilov qeyd etdi ki, müəssisə rəhbərinin tez-tez güzəştə getməsi, işçilərinin əməyini düzgün qiymətləndirməməsi onların işdən soyumasına gətirib çıxarır: “Müdir işçisinin əməyini düzgün qiymətləndirməlidir və onlar arasında iş bölgüsünü ədalətli aparmalıdır. Bu işçilərin əhvali-ruhiyyəsini, işə olan marağını artırır”. “Müəyyən dövr ərzində məsuliyyətsizlik duyğusu hamıda ola bilər” deyən müsahibimizin sözlərinə görə, müdir islahatlarla işçilərinin işə olan marağının artmasına nail olmağa çalışmalıdır.

Elvin Əliyev