Heç bir statusdan söhbət gedə bilməz!

0
58

Noyabrın 10-u ölkəmiz üçün tarixi gün oldu. Belə ki, məhz həmin gün Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, Ermənistanın baş naziri Nikol Paşinyan və Rusiya Federasiyasının Prezidenti Vladimir Putin tərəfindən Dağlıq Qarabağda hərbi münaqişənin başa çatdığını ehtiva edən birgə bəyanat imzalandı. Ermənistanın kapitulyasiyası mənasını verən bu bəyanatla xalqımızın 30 ildən bəri davam edən haqlı mübarizəsindəki şanlı qələbəsi rəsmiləşdirildi. Şübhəsiz, döyüş meydanında məğlubiyyətin qaçılmaz olduğunu dərk edən Ermənistan rəhbərliyinin nəhayət Prezident İlham Əliyevin münaqişənin ilk günlərindən bəyan etdiyi şərtləri qəbul etməsini və bəyanatı imzalamasını həm müharibə, həm diplomatik-siyasi cəbhədə Müzəffər Ali Baş Komandanımızın apardığı uğurlu siyasətin nəticəsi kimi dəyərləndirmək olar.

Bəyanatda diqqəti çəkən məqam Dağlıq Qarabağın statusu haqqında bir kəlmənin olmamasıdır. Ermənistanın qoşunlarının çıxarılması barədə öz üzərinə öhdəlik götürdüyü halda hərbi əməliyyatların dayandırılacağını dəfələrlə bəyan edən dövlətimizin başçısı İlham Əliyev noyabrın 10-da xalqa müraciətində bu məsələyə bir daha aydınlıq gətirərək vurğuladı ki, mən bir məsələni də bildirmək, əziz xalqıma çatdırmaq istəyirəm: “Yəqin siz fikir vermisiniz ki, bu bəyanatda Dağlıq Qarabağın statusu haqqında bir kəlmə də yoxdur, yoxdur.”  Üstəlik, əlavə etdi ki, cəhənnəmə getdi status, gora getdi status, gorbagor oldu status, yoxdur status və olmayacaq. Bununla da Prezident İlham Əliyev ermənilərin Dağlıq Qarabağın statusu ilə bağlı xülyalarının, daha doğrusu, onların yeni erməni dövlətinin yaradılması planlarının üstündən birdəfəlik xətt çəkdi.

Bəli, bu gün regionda Azərbaycanın maraqlarına cavab verən yeni siyasi reallıq yaranıb, ərazi bütövlüyümüz təmin olunub və  heç bir statusdan söhbət gedə bilməz! Bu isə  Azərbaycanın tam və qeyd-şərtsiz qələbəsinin əyani sübutudur. Bu mənada bu bəyanatı Prezident İlham Əliyevin də qeyd etdiyi kimi, bizə maksimum sərf edən sənəd kimi dəyərləndirmək olar.

Yeri gəlmişkən qeyd edək ki, Vətən müharibəsinə qədər ermənilərə  belə şanslar verilmişdi. Prezident İlham Əliyev noyabrın 4-də İspaniyanın EFE informasiya agentliyinə müsahibəsində bu məsələdən söz açanda bir daha bildirmişdi ki, biz dəfələrlə onlara müxtəlif yolları təklif etmişdik, lakin onlar bunları rədd etmişdilər: “Biz onlara Azərbaycan daxilində muxtariyyət təklif etdik, biz onlara mədəni muxtariyyət təklif etdik. Biz dedik ki, dünyada, Avropada, Skandinaviya, Alan Adaları timsalında, İtaliyada Cənubi Tirol timsalında və bir çox başqa yerlərdə yaxşı nümunələr var. Lakin onlar hər şeyi rədd etdilər. Onlar yalnız müstəqillik tələb edirdilər və istəyirdilər ki, biz bu müstəqilliyi tanıyaq.” Bütün bu söylənilənlərdən  belə bir qənaətə gəlmək mümkündür ki, “Nə qədər mən prezidentəm, heç bir statusdan söhbət gedə bilməz!” deyən dövlətimizin başçısı, Ali Baş Komandan İlham Əliyev nəyi necə və nə zaman etməyi yaxşı bildiyini bir daha nümayiş etdirdi.

Qvami Məhəbbətoğlu, “İki sahil”