Heç bir problem səbəbsiz deyil

633

Bəzən ortada bir problem olmasa belə, evliliklərdə böyük problemlər ortaya çıxır. Əksər evliliklərdə ən azı bir dəfə baş verən bu hadisə nə yazıq ki, çox vaxt fırtınaqabağı bir səssizlikdən xəbər verir. Əgər ilk baxışda heç bir problem yoxdursa və tərəflər bu cür hadisələrlə qarşılaşırlarsa, bu tərəflərin fərdi problemlərindən də (yeri gəlmişkən deyək ki, bu problemlər arasında psixoloji problemlər daha çox yer tutur) irəli gələ bilər. Ona görə də belə vəziyyətlərdə hər bir tərəf özü ilə bağlı konkret analiz aparmalı, problemi evliliklərinin üzərinə yıxmaqdansa, onun mənbəyini üzə çızarmağa çalışmalıdırlar. Əgər tərəflərdən biri və ya hər ikisi problemin mənbəyin üzə çıxarmaqda çətinlik çəkirlərsə, özlərinə konkret suallar verməli və bu suallara tapdıqları cavablara görə addım atmalıdırlar. Bu sualları isə konkret olaraq belə ümumiləşdirmək olar: “Bu mərhələyə qədər doğrudan da ailənizdə heç bir problem yox idi? Yoxsa, problemləri qavrayış formanızda bir fərqlilik var idi?” Əlbəttə ki, bu sualların üzərində ciddi dayansanız, həm əvvəllər sizin üçün o qədər də əhəmiyyətli olmayan detalları kəşf edə, həm də mövcud problemin əsas mənbəyini üzə çıxara bilərsiniz.

“Problem səndə deyil, məndədir”
Təəssüf ki, çox vaxt şablon kimi qəbul etdiyimiz bu ifadə həyatımızın müəyyən dövrlərində reallıq qazanır. Ona görə də bu cümləni öz-özümüz üçün tez-tez təkrar etməli və fərdi problemlərimizin (hətta onlar nə qədər kiçik görünsələr belə) münasibətlərimiz üçün təhlükə təşkil etməsinə imkan verməməliyik. Çünki evliliklərdəki problemlərin çoxu əksər hallarda tərəflərin fərdi problemləri nəticəsində meydana çıxır. Əgər problemin “başlanğıc nöqtəsi” tərəflərdən biridirsə, bu problem tədricən o biri tərəfə də sıçrayır. Tərəflər problemin ancaq böyüdükdən sonra fərqinə vardıqları üçün ondan əvvəlki problemlər diqqət mərkəzindən kənarda qalır. Nəticədə tərəflər ilk baxışdan münasibətlərində heç bir problem olmadığı halda, gözlənilmədən ortaya çıxan bu problemə lazım olandan çox reaksiya verirlər. Halbuki belə hallarda tərəflər ilk növbədə mövcud problemə səbəb olan problemləri həll etməli və təbii olaraq həm bu problemin, həm də digər problemlərin həlli üçün “yol açmalıdırlar”. Digər tərəfdən, bu işdə qarşılıqlı anlaşma da çox vacibdir. Çünki bir porblem baş verdikdə ona qarşı neytral mövqe tutmaq tədricən tərəflərin psixologiyasına mənfi təsir göstərir. Nəticədə, tərəflər sağlam olmadıqları üçün, münasibətlər də sağlam olmur. Ona görə də tərəflər ilk kiçik problemdə bu problemi “müzakirəyə çıxarmalı” və beləliklə də, daha böyük problemlərin qarşısını almalıdırlar. Bütün bunlarla yanaşı qarşı tərəfin hərəkətlərini öz beynimizdəki şablonlara görə qiymətləndirməmək də bu problemlərin həllində bizə kömək edə bilər. Başqa vacib bir məsələ isə tərəflərin ailədə oynadıqları rolları (məsələn, atalıq və analıq kimi) uzlaşma şəraitində həyata keçirmələridir. Digər tərəfdən, tərəflər öz aralarındakı qarşılıqlı təsir dairələrini artıqmaqla da bu problemlərin həllinə nail ola bilərlər. Üstəlik tərəflər problemin həlli ilə bağlı qarşılıqlı ittiham yolunu seçməməli, əksinə tərəfi deyil, tərəfin yol verdiyi hərəkəti hədəfə alan ünsiyyət yolunu tutmalıdırlar. Burada diqqət yetirməli olduğumuz başqa vacib bir məsələ isə problemin həlli üçün “danışıqlara başlamazdan” əvvəl niyyətlərimizi yoxlamaqdır. Yəni bizim niyyətimiz öz tələblərimizi qəbul etdirməkdir, yoxsa tələblərimizdə ortaq məxrəcə gəlməkdir. Niyyətimizi həm fərdi, həm də birgə şəkildə yoxladıqdan sonra artıq yuxarıdakı maddələrlə bağlı həll yollarını sınaqdan çıxara bilərik…