“Heç bir futbolçu istəməz ki…”

Qış fasiləsində klubunu dəyişən futbolçulardan biri də Nicat Qurbanov oldu. 
“Neftçi”də demək olar ki, oynamaq şansı qazanmayan gənc yarımmüdafiəçi  paytaxtın digər komandası AZAL ilə icarə müqaviləsi imzaladı. Bu müqavilə sırf oyun praktikasının artırılması və daimi oynamaq üçün atılan addımdır. AZAL-ın heyətinin geniş olmadığını və Nicat Qurbanovun loru dildə desək, limitə düşdüyünü nəzərə alsaq, elə indidən gənc futbolçunun düzgün addım atdığını söyləmək olar.  Bütün bunları nəzərə alaraq, Nicatla əlaqə saxlayıb bizi maraqlandıran suallara cavab aldıq.

 

– Bildiyimizə görə, AZAL-la razılaşmısan. Bu keçid birbaşa müqavilə yoxsa, icarə müqaviləsi əsasında reallaşıb?

– Bu keçid altı aylıq icarə əsasında baş tutub. Yəni çempionatın sonuna qədər AZAL-da olacağam.

– “Simurq”dan icarədən qayıdanda bildirmişdin ki, “mən “Neftçi”yə daima əsas heyətdə yer almağa gəlmişəm”. Amma bugün yenə icarəyə gedirsən. Sənə istəyinə nail olmağa nə mane oldu?

– Əvvəlcə əsas heyətdə oynamağa ümidim var idi. Amma məşqçi dəyişikliyi oldu, həm də az şans qazandım. Bu və başqa səbəblərə görə, mən də klub rəhbərliyindən xahiş etdim ki, heç olmasa məni mövsümün sonuna qədər məni icarə əsasında bir başqa kluba versinlər futbol oynayaraq, formada qalım. Sadıq müəllimə (”Neftçi”nin prezidenti Sadıq Sadıqov nəzərdə tutulur – red) öz minnətdarlığımı bildirirəm ki, mənə bu şansı yaratdı.

– Hadisələrin gedişinə əsasən “Simurq”dan “Neftçi”yə qayıdışının səhv addım olduğunu deyə bilərik?

– Mən “Simurq”da əsas heyətdə çox oynayırdım. Demək olar ki, bütün oyunlarda start onbirliyində yer aldım. Artıq təcrübə toplamışdım, həm də özüm də istəyirdim ki, “Neftçi”də oynayım. Heç bir futbolçu istəməz ki, yetişdiyi klubdan hansısa kluba icarəyə getsin. Səhv addım hesab etmirəm.

– Sən Böyükağa Hacıyevin vaxtında komandaya qayıtmışdın, Arif Əsədovun dönəmində isə gedirsən. Deməli indiki vəziyyətdə Arif müəllimə lazım deyilsən. Baş məşqçi səndə nəyi bəyənmədi?

– Mən Arif müəllimlə danışdım daha sonra belə bir qərara gəldim. Bildiyiniz kimi, “Neftçi”də işləmək asan deyil. Çünki hər matçda nəticə verməlisən. Ona görə mən Arif müəllimi də anlayıram, o da komandaya yeni gəlib, tanıdığı oyunçuları meydançaya buraxır, risk etmir. Baş məşqçi  mənim fikirlərimə hörmətlə yanaşdı. Daimi oynamalı olduğumu vurğuladı. Mən komandadan “lazımsız oyunçu” statusu ilə deyil, oynamaq məqsədi ilə ayrılmışam. Mənə deyildi ki, icarə müddətin başa çatdıqdan sonra səni komanda da gözləyirik. İnşallah, mən də əlimdən gələni edərək, yaxşı formada olacağam. Qarşıdakı altı ayda AZAL klubunda yaxşı oyun nümayiş etdirəcəyəm.

– Biz səni ancaq icarə əsasında çıxış edən görmüşük. Bu vəziyyət səni narahat etmir?

– Hazırda mən futbol oynamaq barədə düşünürəm. Mənim üçün indiki vəziyyətdə icarə və ya birbaşa müqavilə arasında hər hansı bir fərq yoxdur. İstənilən halda özümü göstərməyə çalışıram.

Rasim Məmmədli