“Hazırda 10 min manatın arzusunda olanlar çoxdur”

0
537

Azərbaycanda 2-ci, 3-cü qız uşaqlarına görə ailələrə 10 min manat mükafat veriləcəyi ilə bağlı xəbər hələ bir neçə ay öncə gündəmə gəlmişdi. Lakin…

Milli Məclisin Sosial siyasət komitəsinin sədri Hadı Rəcəbli o zaman bu barədə deyilənlərlə razılaşmamış, əksinə, bir qədər də tənqidi fikirlər səsləndirmişdi. Hadı Rəcəbli demişdi ki, dünyada başqa bir təcrübədən istifadə edilir – demoqrafik təhlükəsi olan bəzi ölkələrdə problemi aradan qaldırmaq üçün iki uşağı olan ailələrə üçüncü uşaq olduqda əlavə vəsait verirlər: “Əslində isə biz deməliyik ki, kimin pulu varsa, onun uşağı çox olsun. Evdə 4 it saxlayır, amma 1 uşağı var. Belə hallar ayıbdır”.

“Kompensasiyanın birdəfəlik deyil,

mərhələli şəkildə verilməsinin tərəfdarıyıq”

Lakin bütün bunlardan bir neçə ay sonra bu mövzu yenidən gündəmə gəlib. İqtisadçı-alim Vüqar Bayramov deyib ki, sözügedən kompensasiyaların verilməsi dövlətin gündəmindədir: “2-ci və 3-cü qız uşaqlarına görə kompensasiyanın verilməsi məsələsinin Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində müzakirə olunması və dövlət proqramında nəzərə alınacağı nazirlik tərəfindən rəsmi olaraq təsdiqləndi. Artıq bununla bağlı açıqlama da verildi. Qız uşaqlarının ana bətnində öldürülməsinin qarşısını almaq lazımdır. Həmçinin qız uşaqlarının sayı azaldığına görə valideynlərin stimullaşdırılmasına ehtiyac var. Nazirliyin bu cür açıqlama verməsi praktiki olaraq bundan xəbər verir ki, bizim nazirlikdə apardığımız müzakirələrə uyğun olaraq kompensasiyaların verilməsi dövlətin gündəmindədir”.

“Biz kompensasiyanın birdəfəlik deyil, mərhələli şəkildə verilməsinin tərəfdarıyıq”,-deyə qeyd edən Vüqar Bayramov bildirib ki, söhbət 2-ci qız uşağına görə 10 min manatın verilməsindən gedir. Belə ki, qız dünyaya gələn zaman valideynləri vəsaitin bir hissəsini, orta məktəbə gedən zaman bir hissəsini, universitetə daxil olanda isə digər hissəsini alacaq. Həmin vəsaitlər qızın adına açılmış bank hesabına köçürülməlidir. Nazirliyin rəsmi olaraq açıqlama yaymasından sonra güman olunur ki, ödəniş və digər məsələlər razılaşdırılıb. Əgər razılaşma olmasaydı, bu məsələnin rəsmi olaraq qəbul olunması bəyan edilməzdi”.

“Bu məsələ rəsmi status alacaq”

Ekspertin sözlərinə görə, hazırda Azərbaycanda hər 100 doğulan qız uşağına 117 oğlan uşağı düşür: “İkinci qız uşaqlarının əksəriyyəti nə qədər acınacaqlı olsa da, ana bətnindəcə öldürülür. Məqsəd də belə halların qarşısını almaq və demoqrafik inkişafı stimullaşdırmaqdan ibarətdir. Hesab edirəm ki, uşaqların sayı çox olan valideynlərin daha tez pensiyaya çıxması təklifinə də baxılmalıdır. Keçirilən bir görüşdə mən bu barədə fikrimi bildirdim. Əmək və əhalinin sosial müdafiəsi naziri bu təklifi dəstəklədi və tapşırdı ki, müvafiq qurumlarla bu məsələnin müzakirəsini aparsınlar. Mən, ümumiyyətlə, hər iki təklifin qəbul edilib sözügedən proqrama daxil edilməsinin tərəfdarıyam”.

Lakin indiki halda Vüqar Bayramov hesab edir ki, qız uşaqlarına görə kompensasiyaların verilməsi məsələsi yaxın zamanlarda reallaşacaq: “Hesab edirəm ki, bu məsələnin dəstəklənməsi və dövlət proqramına daxil edilməsi ondan xəbər verir ki, Azərbaycanda qız uşaqları ilə oğlanlar arasında balansın qorunması üçün bu kompensasiyanın verilməsi yaxın vaxtlarda reallaşdırılacaq. Bu məsələ rəsmi status alacaq. Proqram 2015 və 2020-ci illəri əhatə edəcək. Amma proqramın tətbiq edilməsi 2016-ci ildən həyata keçiriləcək. Nazirliyin də məlumatına görə, bu məsələ proqrama daxil ediləcək. Sonra isə 2016-cı ildən başlayaraq bunun reallaşması mümkün olacaq”.

“100 qız uşağına 117 oğlan uşağı düşür”

Qeyd edək ki, əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov da jurnalistlərə açıqlamasında 2-ci, 3-cü qız uşaqlarına görə ailələrə yardımların edilməsinin nəzərdə tutulduğunu bildirib: “Azərbaycanda doğulan uşaqların sayına baxdıqda oğlanların qızlara nisbəti artır. Hazırda doğulan hər 100 qız uşağına 117 oğlan düşür. Bu, Çindən sonra 2-ci göstəricidir. Bir sıra təkliflər var. Yeni doğulan uşaqların nisbətində oğlanların sayının qızları xeyli üstələməsi dövləti belə bir addım atmağa sövq edir. Müxtəlif təkliflər var. İkinci, üçüncü, dördüncü qız uşaqlarına görə ailələrə birdəfəlik yardımın edilməsi, ya ayrıca mükafatın verilməsi və yaxud uzunmüddətli yardımın göstərilməsi kimi müxtəlif həvəsləndirmə tədbirlərinin həyata keçirilməsi nəzərdə tutulur”.

“Xüsusi mükafatlar da ola bilər”

Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin sədri Aqiyə Naxçıvanlı isə “modern.az”a açıqlamasında Azərbaycanda 2-ci qız övladının doğulmasına görə verilməsi nəzərdə tutulan 10 min manatla bağlı əhali arasında yaranan suallara aydınlıq gətirib. Komitə sədri deyib ki, məsələ müzakirə predmeti olsa da, bu haqda qanunun qüvvəyə minməsindən danışmaq hələ çox tezdir: “Hazırda Azərbaycanda doğulan hər 100 qıza 117 oğlan düşür. Statistika göstərir ki, bu, dünyada Çindən sonra ikinci göstəricidir. Bütün mütəxəssislər hesab edirlər ki, proses belə davam edəcəyi təqdirdə, 18-20 ildən sonra ailə quracaq oğlanlar üçün problemlər yarana bilər. Təkliflər sırasında ailələrdə doğulacaq 2-ci, 3-cü qız uşaqlarına görə yardım edilməsi çox düzgündür. Bundan başqa, xüsusi mükafatlar da ola bilər. Eyni zamanda bu təklif abortların da qarşısını almağa yönəlib”.

“Yaxın günlərdə Nazirlər Kabinetinə təqdim ediləcək və buna müvafiq qərar qəbul ediləcək”

Aqiyə Naxçıvanlı bildirib ki, məsələyə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində baxılır: “Məndə olan məlumata görə, mükafatlandırma sistemi artıq Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində hazırlanıb və 2015-2020-ci illər üçün nəzərdə tutulan demoqrafiya və əhali sakinliyinin inkişafı sahəsinə dair Dövlət Proqramına daxil edilib. Dövlət Proqramı layihəsi yaxın günlərdə Nazirlər Kabinetinə təqdim ediləcək və buna müvafiq qərar qəbul ediləcək”.

Deputat məsələyə həssaslıqla yanaşılmasının tərəfdarıdır: “Çünki bu yenilik baş tutarsa, 10 ildən sonra əks-effekt də verə bilər. Hazırda 10 min manatın arzusunda olanlar çoxdur. Bu məbləğə görə oğlan dölləri məhv edilə bilər. Bu da gələcəkdə oğlan qıtlığı məsələsini gündəmə gətirə bilər. Düşünürəm ki, məsələyə bütün mütəxəssislər tərəfindən, kompleks şəkildə, həm də həssas yanaşmaq lazımdır. Yəni 10 min manat, doğrudanmı, abortların qarşısını alacaq, problemi həll edəcək, bəlkə bu məbləğin verilməsi müvəqqəti olmalıdır? Düşünürəm ki, müzakirəyə çıxarılanda həssaslıqla yanaşmaq lazımdır”.

Nicat İntiqam