Hay-hayı gedib vay-vayı qalan yataqxana

453

Müxtəlif dövlət proqramlarına əsasən, qaçqın və məcburi köçkünlərin bir qismi yeni tikilmiş mənzillərlə təmin olunub. Lakin yeni mənzillərlə təmin olunmayan, hələ o ümidlə yataqxanalarda, ağır şəraitdə yaşayan qaçqın və məcburi köçkün ailələri də var.  Belə yataqxanalardan biri də Bakının “Dərnəgül” qəsəbəsində yerləşən Azərbaycan Dövlət İqtisad Universitetinin 1 nömrəli yataqxanasıdır. Burada həmsöhbət olduğumuz məcburi köçkünlərin dediklərinə görə, yataqxana yeni təmirdən çıxmasına baxmayaraq, dəhlizlər yaxşı vəziyyətdə deyil. Bundan başqa, ümumi istifadədə olan hamam və mətbəxin vəziyyəti də qənaətbəxş deyil. “1993-cü ildən bu yataqxanada yaşayıram. 2-3 ay əvvəl bura təmir edilib, amma yaxşı təmir olunmayıb. 5-ci mərtəbədən 1-ci mərtəbəyə qədər ümumi istifadədə olunan ayaqyolu və hamamların tavanlarından su damır. Otaqları təmir etmirlər,  ancaq ümumi istifadədə olan yerlərdir ki, onlar da yaxşı vəziyyətdə deyil”. Bu sözləri bizimlə söhbətində yataqxanada məskunlaşmış Füzuli rayonundan məcburi köçkün Camal Səlimov  dedi. Ağdam rayonundan məcburi köçkün Göycək İbadova da Camaldan fərqli fikirlər demədi: “Yataqxananın istilik sistemi yoxdur, öz vəsaitimiz hesabına aldığımız istilik avadanlıqları vasitəsi ilə otaqları isidirik”. Sentyabr ayında təmirdən çıxan, indi isə təmirindən əsər-əlamət qalmayan yataqxana binasının çölü də ürəkaçan vəziyyətdə deyil, su boruları təhlükəli vəziyyətdədir, pərakəndə, başdansovdu şəkildə çəkilən kanalzasiya sistemi isə binanın xarici görünüşünə başqa bir “mənzərə” verir. Həmsöhbət olduğumuz məcburi köçkünlər isə yeni mənzillərə nə vaxt köçürüləcəklərini bilmədiklərini söylədilər.