Havay ştatında ermənipərəst qətnamələrin qəbulunun qarşısı alınıb

539

ABŞ-ın Havay ştatının Senatı erməni lobbisinin təhriki ilə gündəliyə gətirilən antiazərbaycan xarakterli iki qətnaməni rədd edib. Martın 10-da ştat Senatında irəli sürülmüş bu qətnamələr qəbul olunacağı təqdirdə, Azərbaycanın işğal edilmiş ərazilərində qurulmuş qondarma “Dağlıq Qarabağ respublikası” “müstəqil dövlət” kimi tanınacaq və onun “müstəqilliyinin güclənməsi” üçün ABŞ-ın Federal Hökumətinə və Konqresə çağırış ediləcəkdi.

Azərbaycanın Los-Ancelesdəki baş konsulluğu bu barədə məlumat əldə etdikdən dərhal sonra Havay Senatının rəhbərliyi, qətnamələrin müəllifləri və digər senatorlar ilə əlaqə saxlayıb, bütün qanunvericilərə rəsmi məktublar ünvanlayıb, Ermənistanın Azərbaycan torpaqlarını işğal etməsi, həmçinin BMT və digər nüfuzlu beynəlxalq təşkilatların Azərbaycanın ərazi bütövlüyü ilə bağlı aydın mövqeyi barədə onları məlumatlandırıb.

Nəticədə ştat Senatının rəhbərliyi martın 11-də rəsmi bəyanat verərək Azərbaycanın ərazi bütövlüyünə açıq dəstək ifadə edib və Senatın bu qətnamələri qəbul etməyəcəyini bildirib.

Rəsmi bəyanatın verilməsindən sonra Azərbaycanın Los-Ancelesdəki baş konsulu Nəsimi Ağayev Havay ştat Senatının rəhbərliyi ilə yenidən əlaqə saxlayaraq, belə prinsipiallığa və ədalətli mövqeyə görə təşəkkürünü bildirib.