Havanın qiymətinə baxın

Allah-Təala bu kainatı insan mərkəzli yaradıb, yəni hər şeyin mərkəzinə insanı qoyub.
 Göylər də, yerlər də, çaylarda axan sular da, göy üzündə üzən buludlar da, ağaclar da, otlar da, heyvanlar da.., hamısı bu və ya digər şəkildə bizim üçün yaradılıb. İnsanın yaşaya bilməsi üçün minlərlə şərtin bir araya gəlməsi lazımdır. Allah-Təala o şərtlərin hamısını yaşadığımız bu yer üzünə cəm edib. Amma bir şey də var ki, yer üzünün əşrəfi sayılan insan yer üzündə nə qədər güclü görünürsə, Allah qarşısında o qədər acizdir, zəifdir.

Allah-Təala bizim üçün ən zəruri olan şeyləri bu dünyada bizə ən ucuz qiymətə, bir çox hallarda isə havayı verib.

İnsan çörəksiz nə qədər yaşaya bilər? – deyək ki, bir ay. Bəs susuz nə qədər yaşaya bilər? -məsələn, bir həftə. Havasız? – uzaqbaşı iki-üç dəqiqə.

Çörəyin qiymətinə baxın, suyun qiymətinə baxın, havanın qiymətinə baxın. Allah-Təala zəruri olanı havayı verir. Havayı verir ki, insanlar zərurətdə bir-birinə möhtac olmasınlar. Havanı havayı verən Allah sanki, insanı insanın ən amansız istismarından xilas edir. Əgər hava da kimlərinsə səlahiyyətində olsaydı, necə Nəmrudlar, necə Fironlar at oynadardı bu yer üzündə, minlər, milyonlar havasızlıqdan boğulub ölərdi.