Havaların soyuması infarkt riskini artırır

484

Bir çoxlarına elə gəlir ki, soyuq havada təkcə yollar buz bağlayır, su, qaz, işıq kəsilir və s. Amma elə deyil, söhbət ondan gedir ki, havalar soyuduqca damarımızın da “suyu kəsilə” bilir. Diqqətli oxucuların yadında olar, bir müddət öncə qəzetimizdə “Ürəyiniz qışa hazırdırmı?” adlı yazı dərc olunmuşdu. Yazıda Akademik Cahangir Abdullayev adına Elmi-Tədqiqat Kardiologiya İnstitutunun kardioloqu, tibb elmləri namizədi, baş elmi işçi Rafiq Yusifli bildirmişdi ki, qış aylarında ürək-damar xəstəliklərinin başvermə riski artır: “Soyuq havada əlimizin rəngi ağardığı kimi, reflektor olaraq digər orqanlarda da dəyişikliklər müşahidə edilir. Məsələn, ürək damarlarında sıxılma baş verir. Soyuqla əlaqədar ürək daha çox enerji sərf edir, daha çox işləyir. Qış fəslində çətin həzm olunan qidalar da ürəyə mənfi təsir göstərir”.

 Soyuq hava və ehtiyat tədbiri

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən qəzetimizə verilən məlumata görə, yanvarın 10-da Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Gündüz arabir güclənən cənub-qərb küləyi əsəcək.

Gecə və səhər yollar buz bağlayacaq. Havanın temperaturunun gecə 1-4 dərəcə şaxta, gündüz 3-6 dərəcə isti olacağı gözlənilir. Rayonlarda yanvarın 10-da hava şəraitinin əsasən yağmursuz keçəcəyi, ayrı-ayrı yerlərdə duman olacağı, lakin arabir yağış yağacağı gözlənilir. Havanın temperaturunun gecə 1-6 dərəcə şaxta, gündüz 3-8 dərəcə isti, dağlarda gecə 12-17, yüksək dağlıq ərazilərdə 23-28 dərəcə şaxta, gündüz 2 dərəcə şaxtadan 3 dərəcəyədək isti olacağı gözlənilir.

Bəs havaların kəskin soyuduğu bu günlərdə ürək xəstələri nələrə diqqət etməlidirlər?

– İlk növbədə, yaşlı insanlar, bundan başqa, ürəyində problem və qan təzyiqi olanlar, köklükdən əziyyət çəkən insanlar soyuq havalarda ağır iş görməməli, məşq etməməlidirlər. Tərli ikən küləkli havaya çıxmamalıdırlar.

– Havanın temperaturunun hər 1 dərəcə düşməsi infarkt riskini daha da artırır.

– Havalar tez-tez dəyişdiyi bu günlərdə ürək və təzyiq xəstələri geyimlərinə fikir verməli və nizamlı qidalanma rejiminə əməl etməlidirlər.

– Qış aylarında infarkt keçirən insanların sayı kəskin artır. Yuxarıda qeyd olunanlara əməl etməsəniz, özünüzü çətin duruma sala bilərsiniz.

– Soyuq havalarda mümkün qədər açıq havada çox gəzməyin.

– Havalar sərt soyuyanda çöldə çox gəzdiyimiz zaman üzdəki kapillyar damarlarımız büzüşür. Damarlardakı büzüşmə, qan dövranını və ürəyin işini çətinləşdirir. Bunun əksinə olaraq, qan təzyiqi yüksəldiyi üçün damarın hansı nöqtəsində zəiflik varsa, orada özünü büruzə verir. Bütün bunlarla yanaşı, bir də damarınızda xolesterol səbəbindən tıxanıqlıq varsa, onda vəziyyətiniz daha da qəlizləşə bilər.

– Hava çox soyuq olmasa belə, xüsusən küləkli havalarda dərinin nəmli və islaq olması da eyni nəticələrə gətirib çıxara bilər. Bu səbəbdən ürək və tənəffüs xəstəliyi olanlar ehtiyatlı davranmalıdırlar.

– Əgər ağır işiniz və ya məşqiniz varsa, tövsiyə olunur ki, hava nisbətən mülayimləşən dövrə saxlayasınız. Yox, əgər vacibdirsə, o zaman temperaturun nisbətən yüksək olduğu və qapalı yerlərdə yerinə yetirin.

– Qalın geyimlər yerinə, vücudu isidən geyimlərə üstünlük verin. Çöl şəraitində uzun müddət qalacaq insanların baş və əllərini isti saxlamaları üçün papaq və əlcək geymələri vacibdir.

– Bəzi insanlar yanlışlıqla isinmək üçün spirtli içki qəbul edirlər. Amma bu, çox təhlükəlidir. Çünki spirt damarlarda genişlənməyə səbəb olur, qan axınını yavaşıdır.

 Profilaktik tədbirlər görülməlidir

Sonda qeyd edək ki, bu günlərdə Azərbaycan Tibb Universitetinin tibbi profilaktika fakültəsinin dekanı, professor Aydın Məmmədov da qış aylarında infarkt riski ilə bağlı açıqlama vermişdi. Onun sözlərinə görə, bu təhlükəni minimuma endirmək üçün profilaktik tədbirlər görülməlidir: “Meteohəssas insanlar, yaşlı şəxslər, xroniki xəstəlikləri olanlar adi hava dəyişkənliyinə dözə bilmirlər. Yəni hava dəyişmələri bu cür insanlarda xəstəliklərin artmasına səbəb olur. Həmin şəxslər hava dəyişkənliyi dövründə dərman qəbul etməli, açıq hava şəraitinə çox çıxmamalı və riskli işlər görməməlidirlər”.

 Nicat İntiqam