“Hara aparırdın bu əti?”

0
544

Son dövrlər regionlardan Bakı şəhərinə satış üçün gətirilən mənşəyi məlum olmayan, qida üçün yararsız ətlərin aşkarlanması davam etdirilir. Azad İstehlakçılar Birliyinin (AİB) sədri Eyyub Hüseynov “Zaman-Azərbaycan” qəzetinə müsahibəsində mövzu ilə bağlı şok faktlar açıqlayıb. Məlumat üçün bildirək ki, sonuncu belə fakt keçirilən reyd zamanı Qaradağ rayonu ərazisində, Dövlət Yol Polisi postunda Məmmədov Aqil Əvəz oğluna məxsus “Ford Transit” markalı avtomaşında aşkarlanıb. Qida üçün yararlılığı şübhə doğuran heyvan cəmdəklərinin, sümükdən ayrılmış ətin ümumi çəkisi 1100 kiloqram olub.

Respublika Baytarlıq Laboratoriyasının (RBL) ekspertizasına əsasən, bakterioloji müayinələr zamanı hər bir nümunədə bakterioloji çirklənmə müəyyən edilib. Aparılan müayinələrin nəticəsinə əsasən, yoxlanılan nümunələrin hər biri qida üçün yararsızdır və baytarlıq-sanitariya tələblərinə cavab vermir.

Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Nəzarəti Xidməti bildirib ki, bu istiqamətdə reydlər həm Bakı şəhərində, həm də bütün bölgələrdə mütəmadi olaraq davam etdiriləcək. Mənşəyi məlum olmayan, keyfiyyəti şübhə doğuran, insan qidası və sağlamlığı üçün yararsız və təhlükəli olan heyvandarlıq məhsullarının emalının və satışının qarşısı qətiyyətlə alınacaq və belə qanunsuz işlə məşğul olan fiziki və hüquqi şəxslər barəsində ciddi inzibati tədbirlər görüləcək.

“Bu işlə məşğul olanları tutur, ancaq açıqlamırlar ki, hara aparırdı”

Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov dedi ki, 15 ilə yaxındır bu məsələni açmaq istəyir: “Məndə leşyığanların telefon nömrələri var. Azərbaycanın Quba və Lənkəran regionu istisna olmaqla, demək olar, hər yerdə bu işlə məşğul olanlar var. Xüsusən, Bərdədən tutmuş Muğan zonasından keçməklə bu iş geniş yayılıb. Mən dəfələrlə bu işlə məşğul olanları ifşa etməyə cəhd göstərmişəm. Lakin dövlət orqanlarının birgə səyinə nail ola bilməmişəm. Burada ən ciddi məsələ odur ki, bu cür ətlərə tələb var. Bu tələbi kim yaradır? Dövlət orqanları bu işlə məşğul olanları tutur, ifşa edir, ancaq açıqlamırlar, demirlər ki, hara aparırdı? Bu məsələ niyə ayırd olunmur? Tələb olmasa, təklif meydana çıxmaz. Deməli, ucuz ətə, 2 manatlıq ətə tələb var Bakıda. Kimdir bu tələbi yaradan? Çox xahiş edirəm, bunu mənim adımdan son dərəcə kəskin yazın. Yanıb tökülürəm. Deyirlər, tutduq. Soruşmaq lazımdır ki, hara aparırdın bu əti? Niyə bu məsələni araşdıranda bir addım o yana getmirlər? Nədir bunların maraqları?”

“Bakıda leş yığılan yerləri öz gözümlə gördüm”

Eyyub Hüseynov Bakıda leş yığılan yerləri öz gözləri ilə gördüyünü söylədi: “Gecə saat 3-də məni tanımasınlar deyə, üz-gözü bağlı şəkildə Bakıda leş yığılan yerlərə gedib çıxmışdım, öz gözümlə gördüm. Gələndən sonra bütün dövlət orqanlarına məktub yazdım ki, bir tədbir görün. Yeganə olaraq, Bakı Şəhər Baş Polis İdarəsindən nümayəndələr gəldilər ki, biz sizin təhlükəsizliyinizi təmin edə bilərik. O biri dövlət orqanı cavab verdi ki, əti gətir, ekspertiza edək, görək murdardır, ya yox. Dövlət orqanlarını bir yerə yığa bilmədim ki, bu işlə məşğul olanları ifşa edim. Bu, biabırçılıqdır. Əvvəl onların yerləri 4-cü mikrorayonda yerləşirdi. Sonra mənə məlum oldu ki, dövlət orqanlarına bir neçə belə yer məlumdur. Bu, sahə müvəkkilləri tərəfindən, müəyyən orqanlar tərəfindən ört-basdır olunur. Çox xahiş edirəm, bu yazınızda önə çıxarın ki, bu ətlərin hara aparıldığı, daşındığı niyə üzə çıxarılmır? Hara aparmaq istəyirdi bu leşi? Niyə rayondan gətirirdin bu leşi? Sifarişçini tapmaq, üzə çıxarmaq lazımdır”.

“Bizə məlumatlar gəlir ki, şadlıq evləri, restoranlar var ki, yalnız murdar ətlərlə işləyirlər”

Eyyub Hüseynov leşlərin harada istifadə olunması ilə bağlı onlara məlumatlar daxil olduğunu söylədi: “Bizə məlumatlar gəlir ki, şadlıq evləri, restoranlar var ki, yalnız murdar ətlərlə işləyirlər. Adını hələ ki çəkə bilmirəm. Çünki ifşa olunmuş bir şey yoxdur əlimdə. Mənə bunu şifahi olaraq deyiblər. Onları ifşa edə bilmirəm. Bunlarla bacarmaq üçün dövlət orqanları yardımçı olmurlar. Bir daha qeyd edirəm – bütün bu işlərin mənbəyi tələbdir. Tələb kəsilsə, təklif yox olacaqdır. Bazar tələb-təklif aksiomu ilə işləyir. Bütün bunlar dəryada bir damladır əslində. Bu məsələ Azərbaycanda hələ var və davam eləyir. Həm də bir növ mənim də pis işləməyimin nəticəsidir ki, bunlar hələ ifşa olunmayıblar. Mənə 2 il öncə Saatlı rayonundan bir fermer ərizə ilə müraciət etmişdi. Yazırdı ki, heyvanı murdar olubmuş, aparıb atıb qamışlığa ki, fermanın itləri yeməsinlər – xəstələnə bilərlər. Bir saatdan sonra görüb ki, leşyığanlar həmin heyvanı soyub aparırlar. Fermer yazırdı ki, bunun qarşısını alın, insanlar zəhərlənəcəklər. Leşyığanların mobil telefon nömrələri regionlarda bir çox insanlara bəllidir. Heyvan öləndə gəlib 2-3 manatdan alıb, aparırlar. Murdar ət hər yerdə var, daimidir, qurtaran deyil. Canavar yaralayan, tok vuran, xəstələnən, müxtəlif səbəblərdən ölən minlərlə heyvan var”.

Ekspert baytarların da nəzarətinin aşağı səviyyədə olduğunu dedi: “Bir dəfə Sabirabad rayonu ərazisində yerləşən “Qaçqın bazarı”na getmişdim. Orada şənbə və bazar günləri heyvanlar alınır və maşın-maşın gətirilir şəhərə. Orada nə baytar var, nə də yoxlayan. Heyvanı maşına doldurub gətirirlər ki, guya yoxlanıb. Gərək o heyvanların temperaturu ölçülsün, yoxlanılsın və s. Yəni baytarlar nə qədər ki, əhalinin inamını qazanmayıblar, bu məsələ davam edəcək”.

“Bir şərtlə ki, böhtan, yalançılıq olmasın”

AİB sədri leş yığıb satmaq istəyənlərin cəzalarının sərtləşdirilməsinin tərəfdarıdır: “Təşkil olunmuş şəkildə tələb var. Hara aparırlar bu əti bu adamlar? 10 kilo ət olanda qoymağa yer tapmırıq. 20 ton əti boş-boşuna aparmaq olar? Birmənalı şəkildə bu işlə məşğul olanların cəzalarının ağırlaşdırılmasının tərəfdarıyam. Ancaq bir şərtlə ki, böhtan, yalançılıq olmasın. Normal ekspertiza olsun. Baytarlar normal iş aparsınlar”.

Nicat İntiqam