Haqqın dərgahına doğru, yaxud “Dağ boyda adam” və “gül kimi söz”

Onu “elmimizin cövhəri, dinimizin şərəfi, parlaq zəka sahibi – böyük vətəndaş” (A. Paşazadə), “İslam dünyasının mahir incisi” (A. Əlizadə), “misilsiz təfəkkür sahibi” (F. Qasımzadə), “xalqın böyük müəllimi” (M. Adilov), “möcüzə adam” (Q. Paşayev), “Haqq adamı” (Z. Yaqub), “Hal əhli” (N. Cəfərov) …. adlandırırlar. Haqqında yazılan kitablardan, ona ünvanlanan ürək sözlərindən oxuduğum, eşitdiyim bu gözəl adların hamısı ona yaraşır. Amma mən ona, sadəcə, “Vasim müəllim” deyirəm. Vasim Məmmədəliyev! – Bu ad və soyadda, zənnimcə, o dəyərli insana yaraşan bütün gözəlliklər cəm olub. Vasim müəllimlə tanışlığımın, ona olan hörmət və sevgimin tarixçəsini düşünəndə, ilk növbədə, atamı, atalı günlərimi xatırlayıram. Hər həftənin cümə axşamı televiziya efirindən bizi “Haqqın dərgahı”na səsləyən bir  bəlağətli və ecazkar  səs məni xəyalən ötən günlərə qaytarır. Atamın maraqla gözlədiyi, diqqətlə izlədiyi bu televiziya verilişinin efir vaxtı evimizdə tam səssizlik hökm sürərdi. Kimsə bircə kəlmə söz desə, səs salsaydı, atamın zəhmli səsini eşidərdik: “İmkan verin, qulaq asaq! Dağ boyda adam gül kimi söz danışır!” Çox keçmədi ki, atamın çox sevdiyi və  səssiz-səmirsiz dinləməyimizi istədiyi o iman dolu, əsrarəngiz səs məni də öz sehrinə saldı. Və mən bu səs sahibinin, doğrudan da, “dağ boyda adam”, söylədiyi sözün isə “gül kimi söz” olduğunu dərk elədim. İlk dəfə beləcə, televiziya ekranlarından  görüb-tanıdığım Vasim müəllimlə ikinci “görüşüm”  onun dəyərli ziyalımız, mərhum akademik Ziya Bünyadovla birgə tərcümə etdiyi “Qurani-Kərim”lə bağlıdır. Uca Allahın bu mübarək Kitabını ana dilimizdə oxuduqca, göydən yerə enən bu ilahi nurun həm də Uca Yaradanın bizə sevgisindən, lütf və mərhəmətindən qaynaqlanan bir İlahi Eşq Kitabı olduğunu anladım. Elə Vasim müəllim özü də mübarək kitabımızın tərcüməsinə yazdığı  “Ön söz”də hər şeydən öncə, məhz bu ilahi lütfün böyüklüyündən söz açır: “Quran Allah kəlamıdır. O nə şair ilhamının, nə də nasir qələminin məhsuludur. Quran bunların hər ikisinin fövqündədir. Şairin şeiri məhəbbətin, gözəlliyin tərənnümü, hisslərin ifadəsi, bəşər övladının yerdən göyə ucalmış hayqırtısı, nidası, yalvarışı və müraciəti, zülmə, haqsızlığa qarşı etirazı və üsyanıdırsa, Quran Allah-təalanın göydən yerə endirilmiş lütfü, hidayəti, şəfqət və mərhəmətidir”.

Vasim müəllimlə  üçüncü görüşüm AMEA Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunda oldu. 60 illik yubileyi münasibətilə  institutda görüş keçirilirdi. Gənclər adından danışmaq üçün mənə söz verildi. İlk dəfə ürək sözlərimi ona söyləyə bildim. Üstəlik, tədbirin sonunda  əməkdaşlıq etdiyim dövlət radiosunun “Şəbəkə” bədii-informasiya proqramında apardığım “Əlyazmalar xəzinəmiz” rubrikası üçün ondan kiçik bir müsahibə də aldım. Vasim müəllimi yaxından tanıyıb onunla həmsöhbət olarkən onun olduqca səmimi, sadə və mehriban bir insan olduğunu gördüm. Və o “dağ boyda adam” gözümdə bir boy da ucaldı… Böyük alman mütəfəkkiri, islamı yüksək dəyərləndirən, “Qurani-kərim”i  “kitabların kitabı” adlandıran  Götenin belə bir kəlamı var: “Böyük insanlar dağa bənzəyir; yaxınlaşdıqca əzəmət və qüdrəti artır. Kiçik insanlar ilğım kimidir; yaxınlaşdıqca nə qədər faydasız və aldadıcı olduğu üzə çıxır”. Bu keşməkeşli ömür yolunda kiçik  insanlarla rastlaşanda ruhdan düşməmək üçün yadıma dağ boyda böyük insanları salıram. Dağ boyda, dağ vüqarlı insanları düşünəndə ürəyim dağa dönür. Belə dəyərli insanlar millətin  qürurudur, məncə. “Qurani-Kərim”in “Nəhl” surəsinin 15-ci ayəsində buyurulur:

       “(Allah Yer kürəsi möhkəm olsun, titrəməsin, onun hərəkəti hiss olunmasın, beləliklə də) sizi yırğalamasın deyə, Yer üzündə möhkəm dayanan dağlar və (istədiyiniz yerə) gedib çata biləsiniz deyə, çaylar və yollar yaratdı”.

Düşünürəm ki, Yer kürəsinin möhkəmliyi naminə yaradılan  dağlar kimi, dağ vüqarlı, dağ boyda oğullar da bütün varlığı ilə, Uca Allahın bir lütfü olaraq, öz millətinin mənəvi müvazinətinin qorunub saxlanılmasına xidmət edir. Axı, “Hədid” surəsinin 29-cu ayəsində buyurulduğu kimi,  “…Allah çox böyük lütf (kərəm) sahibidir!”

Vasim müəllimlə dördüncü görüşümüz isə onun rəhbərlik etdiyi İlahiyyat fakültəsində oldu. “Bilənlərə salam olsun!” silsiləsindən qələmə aldığım elmi-publisistik kitabın redaktoru olmasını  istəmişdim. “Gətir, qızım”, – dedi. Mən də gətirdim. Məni doğma və mehriban bir ata kimi qarşıladı. Atamı yenicə itirmişdim… Onun böyük hörmət bəslədiyi bu “dağ boyda adam”dan gördüyüm  səmimiyyət və  qayğıkeşlik mənimçün çox dəyərliydi… Beləcə, ilk kitabımın xeyir-duasını Vasim müəllimdən aldım. İllərdir, bu silsilədən daha bir kitabı isə ona həsr etmək arzusundayam. Hələlik sadəcə, onun haqqında yazılanları oxuyuram. Müxtəlif konfrans və simpoziumlardakı  çoxsaylı məruzə və çıxışlarını, “Haqqın dərgahı” proqramını, televiziya verilişlərində maraqlı müsahibələrini izləyirəm. Haqqında daha çox öyrəndikcə, millətimin bu dəyərli oğlunun varlığı ilə daha çox qürur duyuram. Millətin maddi-mənəvi sərvətləri içərisində ən yüksək  məqamda  insanın, xüsusilə, sözün həqiqi mənasında ziyalı olan insanın dayandığını və hər birimizin onu hər şeydən daha çox qorumalı, dəyər verməli olduğumuzu düşünürəm. Belə dəyərli insanlardan biri də akademik Vasim Məmmədəliyevdir. Daha bir hörmətli akademikimiz  Ziyad Səmədzadənin sözləri ilə desək, “Vasim müəllim milli sərvətimizdir”. Gəncliyində ona fars dilini öyrədən əziz müəllimi, şair Ənvər Nəzərli də öz sevimli tələbəsinə həsr etdiyi  “Mən qətrə isəm…”  şeirində alimi öz milləti üçün böyük bir nemət adlandırır:

“Alim dediyin millət üçün bir ulu nemət,

Yoxdursa əgər alimi, bədbəxtdir o millət”.

Bu yaxınlarda BDU-nun təşkil etdiyi, A. İmanquliyevanın 75 illik yubileyinə həsr olunan “Şərqşünaslığın aktual problemləri” mövzusunda respublika elmi konfransının materialları kitabında Vasim müəllimin hörmətli həyat yoldaşı, şərqşünas alim Qumru xanımla birgə qələmə aldığı bir məqaləsini oxudum. “Xaqani Şirvaninin “Mədain xərabələri” qəsidəsində bir beytin şərhi” adlı həmin məqalədə qəsidənin 30-cu beyti:

“Pərviz konun qom şod, zan qomşade kəmtər qu,

Zərrin təre ku bər xan, rou “kəmtərəku” bərxan.”

 Tərcüməsi:

“Pərviz yox olmuşdur, ondan daha söz açma,

Get “kəmtərəku” söylə, zərdən tərə yox əlan”,-

beyti şərh edilərək, şairin bir “Quran” ayəsinə, eləcə də Sasani hökmdarı Xosrov Pərvizlə bağlı bir rəvayətə işarəti olduqca gözəl bir şəkildə izah olunur. Hər gün süfrəsinə qızıldan tərə (səbzə) düzdürən və onu yemək bitdikdən sonra özü ilə nahar edənlərə bağışlayan Xosrov Pərvizlə bağlı bir rəvayəti xatırladan şairin ibrətamiz nəsihəti açıqlanır: “Xaqani deyir ki, bu gün nə Xosrov Pərviz var, nə də qızıldan düzəldilmiş tərə (səbzə). Sən ondan az danış, get “kəm tərəku…” oxu! Beytin mühtəvasından belə bir qənaət hasil olur ki, dünyaya çox Xosrov Pərviz kimiləri gəlib-getmiş, onlar özləri ilə bu dünyadan heç bir şey apara bilməmiş, əksinə, bütün var-dövlətlərini, sərvətlərini dünyada qoyub onu tərk etmişlər. İnsana dünyada qalan şey yalnız yaxşı ad və ona əbədiyyət qazandıran gözəl, xeyirxah əməllərdir ki, bu da çox az adama nəsib olur”.

Yaxşı ad və xeyirxah əməllər… – Bəli, bu, doğrudan da, çox az adama nəsib olur. Nə yaxşı ki, akademik Vasim  Məmmədəliyev bu xoşbəxtlikdən nəsibini alanlardandır. Və nə yaxşı ki, Sözlərin şahı, iman və mənəviyyat qaynağı “Qurani-kərim” haqqında etdiyi dəyərli söhbətləri, söylədiyi “gül kimi söz”ləriylə bizi “Haqqın dərgahı”na səsləyən bir ecazkar və doğma səs var. Bu səs onu dinləyənləri, Mövlana həzrətlərinin sözləri ilə desək, dünya həvəslərinin zindanından qurtulmağa, Cənnət bulağına, Səlsəbilə dəvət edir.

Şəlalə Ana, Şair-publisist AMEA M. Füzuli adına Əlyazmalar İnstitutu