Haqqa yaxınlaşma məqamı

0
662
Yenə Qurban bayramı havasına girmişik. Qovuşdurana həmd olsun! Bu bayramı könül dünyasında yaşamaq, ruhu ilə o sevgini dadmaq nə xoş duyğu, nə böyük səadətdir!
Əlin qabarı, alnın təri ilə qazandığındən Allah adına pay ayırmaq, təslimiyyətini, vəfasını, üz tutacaq başqa bir qapı tanımadığını isbat məqamı, bir verib min qazanmaq fürsətidir Qurban bayramı. Hər şeyimizi O verib, Onun verdiyindən bir şeylər fəda edib, hər şeyimizi bərəkətləndirmək imkanıdır. Allahı düşünüb qurban kəsmək əslində qurban olmağı istəməkdir. Qurban olmaq yox olmaq deyil, yaxın olmaqdır. Qurani-Kərimdə Allah-Təalanın bizə boynumuzun şah damarından daha yaxın olduğu bildirilir, amma bu heç də o demək deyil ki, biz də Allaha o qədər yaxınıq. O yaxınlığa layiq olmaq lazımdır. Sən dünya yükündən, nəfsin istəklərindən sıyrıla bildiyin qədər arınır, təmizlənir, ucalır və Rəbbinə yaxınlaşırsan. Dünyasına dörd əllə sarılanların könlündə bu duyğu, bu həyəcan, bu niyyət yoxdursa, kəsdiklərindən özlərinə nə fayda?!

Qurban- sədaqətdir, könül verib bağlandığın dərgah qapısından ayrılmadan son nəfəsini də o qapıda verib, can əmanətini həqiqi Sahib olan Allaha təslim etməkdir.

Allah-Təala Qurani-Kərimdə buyurur ki, kəsilən heyvanların nə əti, nə qanı Allaha yetişər, Allaha yetişən qurban kəsən insanın təqvasıdır, yəni Allaha bağlılıq hissidir.

Qurban- ruhun təntənəsi, nəfsin tərbiyəsidir. İbadətin mahiyyətində nəfsin tərbiyəsi ən mühüm amillərdən sayılır. Əslində qulun Allaha yaxınlaşması da elə nəfsin tərbiyəsi ilə mümkündür. Kim nəfsini nə qədər tərbiyə edə bilibsə, Allaha yaxınlaşmağı da elə o nisbətdədir.

Bu bayramda doğmaları ziyarət, açılmayan qapılara qurban payı ilə sevgi, könül xoşluğu aparmaq, əlimizin yetmədiyi sevdiklərimizə telefonla səmimi duyğularımızı çatdırmaq nə qədər də gözəldir. Qurban bayramınız mübarək olsun!

 

LAP ƏVVƏLDƏN QURBAN VAR

Hər fərdin və ya xalqın həyatında müəyyən əlamətdar günlər, bayramlar var. Biz müsəlmanlar üçün dinimizin buyruğu olan iki gözəl bayram,- Ramazan bayramı və Qurban bayramı xüsusi əhəmiyyət və anlam daşıyır. Yəni bu iki bayram özlüyündə həm təfəkkür mövzusu, həm də bir mükafat mahiyyətindədir.

Qurban bayramı Həcc ziyarəti ilə üst-üstə düşür. Həcc ziyarəti insana ölümdən sonra dirilib Məhşər meydanında toplanmağın bir ilkin sınağını göstərdiyi kimi, qurban kəsmək də verdiyi bütün nemətlər üçün Allaha şükrün ifadəsidir. Qurban vermək əslində hər bir insanın xarakterini, onu formalaşdıran dəyərlərin arasında yer alan mühüm bir xüsusiyyətdir. Hələ Adəm Peyğəmbərin oğulları Habil də, Qabil də yetişdirdikləri məhsullardan qurban vermişdilər. Bütün dinlərdə qurban var. Qurbanın ən gözəli, ən mükəmməli, heç şübhəsiz, İslam dininin əmr etdiyi qurbandır.

 

ƏSL SAHİBİ TANIMAQ

Qurban etmək- qurban olmağı istəməkdir. Hər kəs həyatını fəda etməyə hazır olduğu varlığın, ünvanın qurbanıdır. Məcnun Leylinin, Fərhad Şirinin, ömrünü Allahın istədiyi kimi yaşayanlar da Allahın qurbanı olduğu kimi.

Qurban- sevgidir, sevdadır, vazkeçilməz bir tutqu, bir bağlılıqdır.

Qurban- sədaqətdir, könül verib bağlandığın dərgahdan ayrılmadan son nəfəsini də o qapıda kəlmeyi-şəhadətlə verib, can əmanətini həqiqi Sahib olan Allaha təslim etməkdir.

Qurban – səmimiyyətdir. Adəm oğlu Habil bəslədiyi heyvanların ən gözəlini qurban verdi, Allah-Təala o qurbanı qəbul buyurdu; Habilin qardaşı Qabil yetişdirdiyi meyvələrin xarabını, çürüyünü qurban ayırdı; Allah-Təala onun qurbanını rədd elədi, sanki qaytarıb üzünə çırpdı. Allah üçün verəcəksənsə, imkanın çatanın qədər ən gözəlini ver. Yəni nə verdiyinə baxmaq deyil, kimin adına verdiyinə baxmaq ən doğru yanaşmadır.

Qurban – gerçək Sahibi tanımaqdır. Hər şeyin Allahın mülkü olduğunu bir daha idrak etmək və bu həqiqətə inandığını nümayiş etdirməkdir. Allahın əmanət olaraq verdiyindən bir hissəni onun rizasını qazanmaq üçün verə bilməkdir.

Qurban – bərəkətlənməkdir, əlindəki əmanəti bərəkətləndirməkdir. Malı verən Allah onun bərəkətini də verir. Bəzən çox görünən mal az xeyirli olur, bəzən də az görünən malın bərəkəti bitib-tükənmək bilmir. Allah üçün fəda etmək üzüm tənəyini budamaq kimidir, zahirən az görünsə də, səmərəsi artıq olur. Ağıllı adam görüntüyə yox, səmərəyə talib olar.

Qurban – ruhun təntənəsi, nəfsin tərbiyəsidir. İbadətin mahiyyətində nəfsin tərbiyəsi ən mühüm amillərdən sayılır. Əslində qulun Allaha yaxınlaşması da elə nəfsin tərbiyəsi ilə mümkün olur. Kim nəfsini nə qədər tərbiyə edə bilibsə, Allaha yaxınlaşmağı da elə o nisbətdədir.

Qurban – şahidlikdir. Allaha inanmayan, Onun bəndələrinin dərdinə əlac etməyin bir gün mükafatlandırılacağını düşünməyən, o heyvanı Allaha yaxınlaşmaq niyyəti ilə deyil, tarixi ənənə anlayışı ilə kəsmək kəsənə bir şey qazandırmaz.

 

SEVDİYİNƏ CAN ATMAQ

“Qurban” sözü “qürb” kökündən yaranmışdır, mənası “yaxınlaşma” deməkdir, İslam terminologiyasında bəndənin Allaha yaxınlaşması anlamına gəlir. Hər şeydən öncə onu nəzərdə tutmaq lazımdır ki, bəndənin xoşbəxtliyi də, borcu da Allaha yaxınlaşmaqdır. Bayramda kəsilən heyvan bu yaxınlaşma üçün bir yoldur, bir vasitədir, gerçək qurban olan, yəni  Allaha yaxınlaşan isə o qurbanı kəsənin özüdür.

Qurban etmək – qurban olmaq istəməkdir. Hər kəs həyatını fəda etməyə hazır olduğu varlığın, ünvanın qurbanıdır. Məcnun Leylinin, Fərhad Şirinin, ömrünü Allahın istədiyi kimi yaşayanlar da Allahın qurbanı olduğu kimi.

Qurban – sevgidir, sevdadır, vazkeçilməz bir tutqu, bir bağlılıqdır.

Qurban – sədaqətdir, könül verib bağlandığın dərgah qapısından ayrılmadan son nəfəsini də o qapıda kəlmeyi-şəhadətlə verib, can əmanətini həqiqi Sahib olan Allaha təslim etməkdir.

 

QURBAN KƏSİLƏCƏK HEYVANLAR

Beş növ heyvan qurban kəsilər: qoyun, keçi, inək, camış və dəvə. Bir qoyunu və ya bir keçini bir adam qurban kəsə bilər. Qurban kəsilən qoyun və ya keçi 1 yaşından az olmamalıdır. Əgər bir yaşını tamamlamayıbsa, ən azı bir yaşındakı kimi iri görünməlidir.

İnək və ya camış iki yaşından yuxarı olmalıdır. Dəvə isə ən azı beş yaşında olmalıdır. Bir inəyi, camışı və ya dəvəni yeddiyə qədər adam birləşərək, ortaq qurban kəsə bilərlər. Bir adam istərsə, təkbaşına bir inəyi də, bir dəvəni də öz adından qurban kəsə bilər.

Qurban kəsiləcək heyvanlar xəstə, qocalıb əldən düşmüş, şikəst olmamalıdır. Bu məsələdə heyvanların əlamətini kifayət qədər sadalamaq olar, amma bircə onu bildirməyi lazım bilirik ki, hər kəsin kəsdiyi qurban elə özünə verdiyi dəyərdir.

Quş qismindən, ov heyvanlarından qurban kəsmək olmaz. Qurban kəsmək zəngin müsəlmanların borcudur, qurban payı gözləmək kasıb müsəlmanların haqqıdır.

Qurbanın nə əti, nə dərisi, nə baş-ayağı satış obyekti ola bilməz. Satılırsa, qurban olmadı; qurban satılmaz, ehtiyac olan yerlərə pay verilər.

Allah-Təala Qurani-Kərimdə buyurur ki, kəsilən heyvanların nə əti, nə qanı Allaha yetişməz. Allaha yetişən qurban kəsən insanın ürəyindəki Allaha bağlılıq hissidir. İslam dini insanı qurban kəsməyi kökündən yasaqlayıb. Halbuki bu gün bəzi batil dinlərdə bu cahilliyi hələ də görmək mümkündür.

 

 

QURBAN DEYİLMİŞ İNSANLAR

Bəşər tarixində qurban deyilmiş insanlar var. İbrahim Peyğəmbər oğlu İsmayılı qurban dedi, hətta onu yerə uzadıb boğazına bıçaq da çəkdi, Allah-Təala Həzrəti İbrahimin də, onun bıçağı altına könüllü olaraq uzanan İsmayılın da bu imtahandan qalib çıxdıqlarını müjdələdi və İsmayılın yerinə qurban kəsmək üçün bir qoç göndərdi. Allah-Təala hələ nemətini bununla da tamamlamadı, İbrahim Əleyhissəlamın gözünün ağı-qarası bir İsmayılı vardısa, qoca vaxtında ona ikinci oğlu – İshaqı da pay verdi. Özü də bu oğulların hər ikisi gələcəkdə Peyğəmbər olacaqdılar.

İmranın xanımı Xanna Allah-Təalaya qurban vermək üçün heç nə tapmadı, bətnindəki uşaq ağlına gəldi və onu Allaha qurban dedi. O uşaq Məryəm oldu. Allah-Təala o Məryəmdən dünyaya İsa Peyğəmbər kimi böyük bir Peyğəmbər göndərdi.

Peyğəmbərimiz Həzrəti Məhəmməd: “Mən iki qurbanın oğluyam” deyirdi. O qurbanların birincisi Həzrəti İsmayıl, ikincisi isə öz atası Abdullah idi. Məhəmməd Peyğəmbərin öz atası Abdullah da qurban deyilmiş, amma atası Əbdülmüttəlib onun qarşılığında yüz dəvə kəsərək paylamış, Allah qarşısında sədaqətini isbat etmişdi. O iki qurbanın soyundan, Quran ifadəsiylə desək, Aləmlərə Rəhmət olan uca bir Zat, Həzrəti-Məhəmməd (s.ə.s.) dünyaya gəlmişdi.

Allah-Təala bəndəsindən bir şey istəyəndə almaq üçün istəmir, istədiyinin üzərinə yeni birisini də qoyaraq qaytarmaq üçün istəyir. Allah-Təala hər cür ehtiyacdan uzaqdır və bütün yaradılmışlar ancaq Ona möhtacdırlar. Qurban ibadətinin fəlsəfəsində bu həqiqət durur.

QURBAN ALLAH- TƏALANIN ƏMRİDİR

Qurban həm varlıya, həm də kasıba səslənişdir. Varlı Allah rizası üçün qurban kəsir, başqalarına yardım edir və kəsdiyi qurbanı möhtac insanlara paylayır. Qurban varlı adamı xəsislikdən, dünya malına hərislikdən qoruyur. Yoxsul da varlı insanlardan qurban əti alaraq, Allaha  şükür edir. Dünya nemətinin yer üzündə bərabər paylanmamasına baxıb bədbinliyə düşmür, əksinə, özünü cəmiyyətin bir üzvü kimi, hiss edir. Dinimizdə qurbanın yeri bəllidir və zənnimcə, mütəxəssislər başda olmaqla xalqımız qurbanın qiymətini, önəmini çox yaxşı başa düşür. Son günlərdə çox tez-tez eşitdiyiniz kimi qurban Allah yolunda malın, canın, hər şeyin fəda edilməsi, Allaha təslim olmaq və ona şükür etmək deməkdir. Qurban kəsmək Kitab, Sünnə və İcmayi-ümmətlə sabitdir. “Qurani-Kərim”in “Rəbbin üçün namaz qıl və qurban kəs”  (”Kövsər” surəsi, 108/2) məallı ayəsinin qurbana işarə etdiyini bir çox İslam alimləri tərəfindən təsdiqlənmişdir. Peyğəmbərimiz (s.ə.s.) də İbn Macədə və Müsnəddə verilmiş bir hədisi-şərifində “İmkanı olub qurban kəsməyən bizim namazgahımıza yaxınlaşmasın” deyə buyurmuşdur. Bu və bunun kimi hədislərə əsaslanaraq, Hənəfi fiqh  (İslam hüququ) alimləri qurban kəsməyin vacib olduğu qənaətinə gəlmişlər.

Qurbanı kimlər kəsməlidir, qurban kəsməyin şərtləri nələrdir və s. mövzuları elmi  hal kitablarına həvalə edərək, başqa bir məsələni xatırlatmaq istəyirəm. “Qurani-Kərim”in “Maidə” surəsinin 27-29-cu ayələrində bizə Həzrəti Adəmin  (ə.s.) iki övladının əhvalatı bu şəkildə nəql edilir. Cənabi Allah buyurur: “(Ya Rəsulum!) Onlara Adəmin iki oğlunun  əhvalatını olduğu kimi söylə. Onlar qurban gətirdikləri zaman birinin qurbanı qəbul edilmiş, digərininki isə qəbul olunmamışdı.  (Qurbanı qəbul olunmayan Qabil qardaşı Habilə) demişdi: “Səni mütləq öldürəcəyəm! (Habil ona) belə cavab vermişdi: “Allah yalnız müttəqilərdən (qurban) qəbul edər! Sən məni öldürməkdən ötrü mənə əl qaldırsan da, mən səni öldürmək üçün sənə əl qaldıran deyiləm. Mən aləmlərin Rəbbi olan Allahdan qorxuram. Mən istəyirəm ki, sən  (məni öldürməklə) mənim də günahımı öz günahınla birlikdə üstünə götürəsən və beləliklə də, Cəhənnəm sakinlərindən olasan. Zalımların cəzası budur!” Qurani-Kərimdə və heç bir səhih hədisi-şərifdə Həzrəti Adəmin (ə.s.) bu iki oğlunun adlarından bəhs edilməsə də, “Kütubü-salifə”də  onların adının Habil və Qabil olduğu bildirilir. İki qardaş arasında bir məsələdən ötrü anlaşmazlıq çıxır və nəticədə Qabil qardaşı Habili qısqanclıqla, haqsız yerə öldürür. Quran bu iki qardaş arasında meydana gələn hadisəni ən xırda detallarına qədər izah etmir. Çünki meydana gələn hadisə zaman və məkanla bağlı deyil. Burada  əsas olan adlar deyil, şəxsiyyətlər və onların təmsil etdikləri düşüncə, ortaya çıxan nəticədir. Təfsirlərdə və digər İslami əsərlərdə yazıldığına görə (bu mövzuda məlumatın çoxu yəhudi qaynaqlarından gəlir), Qabil əkinçi, Habil isə çoban idi. Hər ikisinə də Allahdan qurban əmri gəlincə, Qabil qoyun kəsmək istəməmişdi. Məhsulunun yaxşı yerindən də qıymamış, ən pis buğdalardan bir dəstə bağlayaraq qurban etmişdi. Habilin qurbanı qəbul, Qabilin qurbanı isə rədd edilmişdi. Elə o vaxtdan insan Allahın qoyduğu ibadət qaydalarına öz məntiq və ağlını qarışdırmışdır. Qurbana da öz məntiqi ilə yanaşmışdır. Qurban sözünün mənası “yaxınlıq” ola-ola  onu özündən uzaqlaşdırmışdır. Bu gün də qurbana eyni məntiqlə baxanlar var. Ancaq hamı bilməlidir ki, Allaha yaxınlaşmaq üçün bir vasitə olan qurban xüsusiyyətləri təsbit edilmiş bir heyvanı müəyyən edilmiş vaxtda ibadət məqsədi ilə və üsuluna uyğun kəsmək deməkdir. Onun qaydası Allah tərəfindən ortaya qoyulmuşdur. İnsanların bir ibadət yerinə başqa bir ibadəti yerinə yetirmələrinə və yaxud da  şəklini dəyişdirmələrinə heç bir haqları yoxdur.

QURBAN İXLASI ÖYRƏDİR

Qurban ibadəti yalnız Allahın adına kəsilir. Bəli, qurban Allahın əmri olduğuna görə və sırf Allahın adına, Onun rizasını qazanmaq üçün kəsilir. Elə ixlas da budur. Qurbanda Hz. İbrahim və oğlu Hz. İsmail kimi, Hz. Məhəmməd Mustafa da ixlas təlimindən keçir. Allah-Təalanın Qurani-Kərimdə “Rəbbin üçün namaz qıl və qurban kəs” əmri bunu açıq-aşkar ortaya qoyur.

“(Ya Rəsulum!) Səndən əvvəl elə bir peyğəmbər göndərmədik ki, ona “Məndən başqa heç bir ilah yoxdur. Buna görə də yalnız Mənə ibadət edin!” deyə vəhy etməyək”. Məhz qurban da daxil olmaqla bütün ibadətlərdə İlahinin muradı budur. Bir halda ki Allah təkdir, o zaman bütün ibadətlər də məhz Ona edilməlidir. Bəli, qurban Allaha yaxınlaşmaq və yalnız Onun rizasını qazanmaq üçün kəsilir. Allahdan qeyrisinin adına heyvan kəsmək haramdır və Peyğəmbərimiz (sallallahu əleyhi və səlləm): “Allah Ondan qeyrisinin adına qurban kəsənə lənət etsin,”  – deyə  xəbərdarlıq etmişdir. Qurbanda ixlasın təlimini birbaşa Allah-Təala verir: “De: “Mənim namazım da, ibadətim də, həyatım və ölümüm də aləmlərin Rəbbi Allah üçündür!”

QURBAN ALLAHIN ƏMRİNƏ TƏSLİMİYYƏTİN VƏ İSTİQAMƏTİN GÖSTƏRİCİSİDİR

Qurban ibadəti möminlərə Hz. İbrahim və Hz. İsmailin təslimiyyətini xatırladır”.

Qurban Allaha təslimiyyətin, təmənnasız sevginin və fədakarlığın ifadəsidir. Qurban ibadəti möminlərə Hz. İbrahim və Hz. İsmailin təslimiyyətini xatırladır. Hz. İbrahim və  İsmailin Qurban əmrinə itaəti qurban ibadətinə əmanət edilən müqəddəs xatirənin elə özüdür, onların adının daim əziz tutulmasıdır, yad edilməsidir. Hz. İbrahimin “Allahım, məni məndən sonra gələnlərə gözəl xatirə et” duasının qəbul olunmuş şəklidir, lakin bizim üçün daim Onu xatırlamaqda bir ibadət tərbiyəsi, bir təslimiyyət dərsi, bir təvəkkül və qədərə razılıq nümunəsi var. Hz. İbrahim Allah-Təalanın  əmrinə təslim olaraq öz oğlunu qurban etməyə,  Hz. İsmail də Allah rizası üçün qurban edilməyə razı olmuşdu. Ona görə də Qurban bayramlarında qurban kəsmək üçün bıçağını götürən hər bir mükəlləf müsəlman Qurbanın  tarixini, əbədi xatirəsini, xatirədəki o möhtəşəm həqiqəti təfəkkür etməli, əsrlərə boylanıb iman və əməllərini kamala çatdırmağa çalışmalıdır. Məlum olduğu kimi,  əyyami-təşrik adlanan təşrik günlərində oxunan təkbirlər Hz.  İbrahim, Hz.  İsmail və Hz. Cəbrailin məşhur Qurban hadisəsində ideal mövqeyini və qulluğunu bəyan edir.

QURBAN QONŞULUQ  HAQQINA RİAYƏTİ QÜVVƏTLƏNDİRİR

Qurban ibadəti qonşuluq haqqını və onun əsl mahiyyətini də öyrədir. Axır zamanda bir-birindən uzaqlaşmış qapı qonşularına qonşuluq haqqını xatırladır, bayram qapıları ilə birlikdə könül qapılarını da bir-birinin üzünə açmasına kömək edir. Qurban eyni binada yaşaya-yaşaya bir-birindən salamı belə əsirgəyən insanlardan ibarət bir toplumda bu sədləri dağıdıb şəxsi işinə, öz dünyasına qapanmış “mən” mərkəzli adamları yenidən insan içinə çıxarır və çıxması üçün şərait hazırlayır. “Ev alma, qonşu al” məsəlinin həqiqətinə bu gün daha çox ehtiyac var. Necə yəni? İnsan ev aldığı kimi qonşularının da könlünü almalıdır. Qurban “yaxşılığın qulu olan insanların” bir-biri ilə ən rahat yaxınlaşması, qaynayıb-qarışması üçün fürsətdir. Qonşuluq bəzən bir bayram süfrəsindən başlayır…

VİCDANINA QULAQ AS!

Qurban maddi imkanı yaxşı olanlar üçün vacib hökmü daşıyan dini vəzifədir. Maddi imkanı yaxşı olmayanlar üçün belə bir mükəlləfiyyət yoxdur. Burada “Görəsən, mənim maddi vəziyyətim qurban kəsməyə imkan verirmi?” kimi suallar meydana çıxa bilər? Qurban maddi imkanı yaxşı olanlar üçün vacib hökmü daşıyan dini vəzifədir. Maddi imkanı yaxşı olmayanlar üçün belə bir mükəlləfiyyət yoxdur. Burada “Görəsən, mənim maddi vəziyyətim qurban kəsməyə imkan verirmi?”, “Mən qurban kəsməklə mükəlləf olub-olmadığımı necə müəyyənləşdirə bilərəm?” kimi suallar meydana çıxa bilər. Bütün bunlara elmi cavablar vermək də, mövzuya fərqli cəhətdən yanaşmaq da mümkündür. Özünüz öz vicdanınızdan soruşun. Qurbanlıq heyvan alsanız, dolanışığınız çətinləşəcəkmi? Qurbanlıq heyvan alaraq bir çətinliyə düşməyəcəksinizsə, qurban kəsin, qonum-qonşuya pay göndərin və ailənizi, yoxsulları sevindirin, onların təbəssümündən həzz alın. Allaha da şükür edin, sizə alan əl deyil, verən əl nəsib etdiyi üçün! Lakin qurbanlıq heyvan almaqla dolanışığınızda bir çətinlik yaranacaqsa, sizə qurban kəsmək vacib deyil, özünüzü sıxıntıya salmayın. Sözün qısası, vicdanınızın səsi ilə hərəkət edin. Qərarı özünüz verin, mükəlləfsiniz, yoxsa yox!? Əgər vicdanınız buna görə məsuliyyət daşımadığınızı deyirsə, onda narahat olmayın. Yox, vicdanınız əksini deyir, sizi rahat buraxmırsa, demək, sizin qurban almağa imkanınız çatır. Məsələyə bir də bu yöndən baxmağa çalışın. Rəsulullah (s.ə.s.) buyurur: “Qəlbindən soruş! Din alimi qərar versə də!”

QURBAN İBADƏTİ ÖVLAD SEVGİSİNİ VƏ BÜTÜN SEVGİLƏRİ ALLAHA QURBAN ETMƏKDİR

Hz.  İbrahimin oğlunu qurban etməsi ilə Hz. Məhəmmədin oğullarının qurban olaraq axirətə aparılması hadisələrinin kökündə qədərin neçə-neçə sirri, hikməti və ibrətləri yatır. İlk öncə qurban vasitəsilə başda övlad sevgisi olmaqla bütün sevgilərin Allah sevgisinə fəda edilməsi bəndələrə ibrətamiz, əməli şəkildə göstərilir. Bu, qəlbin tərbiyəsidir, islahıdır, nəfsi tərbiyə süzgəcindən keçirib, hissləri ifrat və təfritdən çəkindirməkdir. Ağıl, qəzəb və şəhvət kimi sevgini də orta səviyyədə saxlamaqdır, bunların öz yaradılış qayəsinə, mahiyyətinə uyğun fəaliyyətini təmin etməkdir. “Saffat” surəsində  İbrahim əleyhissalamın oğlu İsmaili qurban etməyə cəhd göstərməsi təsvir edilir: “(İbrahim müqəddəs torpağa yetişdikdən sonra dua edib) dedi: “Ey Rəbbim! Mənə salehlərdən olan (bir övlad) bəxş et!” Biz də ona həlim xasiyyətli bir oğlan uşağı (İsmail) ilə müjdə verdik. O, yüyürüb qaçmaq (atasına kömək edə bilmək) çağına çatdıqda (İbrahim) dedi: “Oğlum! Yuxuda gördüm ki, səni qurban kəsirəm. Bax gör (bu barədə) nə fikirləşirsən!” O dedi: “Sənə nə  əmr olunursa, onu da et, atacan.  İnşallah, mənim səbirlilərdən olduğumu görəcəksən!” Onların hər ikisi (Allahın əmrinə) təslim olduğu və (İbrahim İsmaili qurban kəsmək üçün) üzüstə yerə yıxdığı zaman Biz ona belə xitab etdik: “Ya İbrahim! Artıq sən yuxunun düzgünlüyünü (Allah tərəfindən olduğunu) təsdiq etdin!” (Sənə yuxuda nə əmr olunmuşdusa, onu yerinə yetirdin. Allah sənə lütf edərək oğlunun yerinə bir qoç kəsməyi buyurur). Biz yaxşı iş görənləri belə mükafatlandırarıq.

QURBANIN MÜKAFATLARI

Əslində hər bir ibadətü-taətdə əsas məqsəd Allaha yaxınlaşmağa çalışmaq, səmimi-qəlbdən “Allahım, bu ibadəti sırf Sənin üçün edirəm” demək və bunu daxilən hiss etməkdir.  İnsan ömrünü bu düşüncə ilə yoğurmalıdır. Bu baxımdan qurban ibadətini yerinə yetirərkən də qəlbin məqsədi, yəni niyyət çox təmiz olmalıdır.  İnsan “Allahım, Sən heyvan kəsməyi istədin, mən də əmrini yerinə yetirirəm. Əgər özümü kəsməyi əmr etsəydin, bu əmrə də sevə-sevə itaət edərdim. Dinim, namusum, canım, malım və ya ölkəmin müdafiəsi naminə mücadilə etmək lazım gələrsə, ona da müntəzirəm” deyəcək qədər səmimi olmalıdır. Yəni insan malından verəndə bunları da xatırlamalı və əmrə müntəzir olduğunu göstərməlidir. Allah-Təala Qurani-Kərimdə Hz.  İbrahim və İsmayildan bəhs edərkən:

“Onların hər ikisi  (Allahın əmrinə) təslim olduğu və  (İbrahim  İsmaili qurban kəsmək üçün) üzüstə yerə yıxdığı zaman” (”Saffat” surəsi, 37/103) buyurmaqla hər ikisinin übudiyyət və əmrə itaət sirrini qavradığını göz önünə sərir.Əgər bir insanın niyyəti belə təmiz olarsa, onun qurbanla bağlı gördüyü bütün işlər də ibadətə çevrilər və qurban qədər savab gətirər. Yəni bazara gedib qurban almaq, boynuna ip keçirib bir yerə bağlamaq, sonra maşınla tövləyə aparmaq, bir neçə gün baxmaq, nəzarət etmək və ya həyətə gətirib yemləmək, ardınca aparıb kəsmək, kəsəndən sonra ətini paylamaq və s. işlər savab kimi əməl dəftərinə yazılar. Digər tərəfdən, heyvanın boğazına bıçaq çəkmək, heyvanın çırpınması, qanın axması… kimi qəlbi riqqətə gətirən mənzərəyə və şəfqət hissinə məhəl qoymadan əmrə itaət edərək gördüyünüz işlər də əməl dəftərinizə savab kimi qeyd olunar. Bütün bu işlər sizə, bir mənada, sadə və bəsit görünə bilər. O biri tərəfdə mükafatını alanda heyrət içində “Allahım Sən nə qədər qəni imişsən. Bu bəsit şeyləri götürüb cücərtdin, böyütdün, çoxaltdın, dəyişdirdin, əbədiləşdirdin, indi də bizə lütf edirsən” deyəcəksiniz. Buna görə də insan qurban ibadətini xalis niyyət və səmimi-qəlblə yerinə yetirməlidir.

“Onların nə əti, nə də qanı, əlbəttə, Allaha çatmaz. Allaha çatacaq olan yalnız sizin təqvanızdır (səmimi-qəlbdən etdiyiniz ibadətdir)” (”Həcc” surəsi, 22/37). ayəsində də bu məqama işarə edilir. Bəli, əgər insan sırf Allahın rizasını qazanmaq və ilahi dərgaha yaxınlaşmaq niyyəti ilə qurban kəsərsə, hesab günü ağlagəlməz mükafatlarla qarşılaşar.

“Biz hər bir ümmət üçün qurbangah (yaxud məbəd) müəyyən etdik (və ya hər bir ümmətə qurban kəsməyi lazım bildik) ki, Allahın onlara ruzi verdiyi (dörd  ayaqlı) heyvanların üstündə (onları kəsdikləri zaman) Allahın adını çəksinlər (”Bismillah” desinlər). Sizin ilah yalnız bir olan Allahdır. Yalnız Ona təslim olub, itaət edin. (Ya Rəsulum!) Sən də (Allaha) itaət edənlərə (Cənnətlə) müjdə ver!” (”Həcc” surəsi, 22/34)

ONA YÖNƏL Kİ…

Allah-Təala: “Mən qullarıma onların boynunun şah damarından da yaxınam”, – buyurur. Yəni qurbanda qulun Allaha yaxınlaşması nəzərdə tutulur. Allah-Təala onsuz da bəndələrinə yaxındır. Allahın bəndəyə yaxın olmağı hələ bəndənin Allaha yaxın olması demək deyil.

Rəsulullah buyurur ki, qulun namazı da, orucu da, duası da Allaha təqdim etdiyi qurbandır. Düşünürsünüzmü, qıldığın namazın da qurbandır, tutduğun orucun da qurbandır, gizlində bir cür göz yaşının müşayiəti ilə Allaha yalvarmağın da qurbandır… Mərhəməti sonsuz olan Allah öz bəndəsinin üzünə nə qədər çox qapılar açır, açır ki, yaxınlaşmaq niyyəti olan bəndə o qapıların birindən keçib, Rəbbinə yaxınlaşa bilsin.

Qurban bayramınız mübarək olsun!