Haqqa qucaq açan insan: Mövlana Cəlaləddin Rumi (1)

0
796

Əziz Mustafa
Mövlana Cəlaləddin Rumi haqqında həyəcansız danışmaq mümkün deyil. Çünki o, hələ sağlığında ikən əlləri Haqqa uzanan insanlara yol göstərən və Uca Allaha olan sonsuz sevgini varlığında yaşadan müqəddəs bir şəxsiyyət idi. Onun ilahi bir sevginin zərrəsi olduğu və bu zərrədən hamıya pay ayırdığı bu günün özündə də hiss edilməkdədir. Hələ sağlığında ikən insanlara Haqqın və İlahi sevginin ləzzətini daddıran Mövlananı gözəl xüsusiyyət, əməl və düşüncələrinə görə “pir”, “insani-kamil”,” vəlilərin vəlisi”, “ən böyük şair” adları ilə çağırırdılar. Həqiqətən də, könüllərin sultanı olan Mövlana eşq dəryasının ən kamillərindəndir. Amma yalnız eşqinmi? Xeyr. O, bütün gözəlliklərin, elmin, hikmətin və əqlin də sultanıdır. Onun insan oğluna, düşüncəsinə verdiyi ən böyük töhfə eşq, sevci və birlikdir. O, bütün bu özəllikləri ilə könülləri coşdurmuş, bir mürşid olaraq insan qəlbini saflaşdırmış, bir təfəkkür sahibi kimi insanları öz nurunda qərq edərək təmizləmişdir. Ona könlünü verən, ona ruhən bağlanan hər bir insan yüksək əxlaqi keyfiyyətlərə sahib olmuş, saflaşmış və mənən təmizlənmişdir. O, heç vaxt heç bir şeyi inkar etməz, amma hər şeyi İlahi sevgi ətrafında toplamağı bacarar, Onu sevdirərdi. O, heç vaxt insanlar arasında ayrı-seçkilik salmaz, hamını ona xas olan mənfi və müsbət xüsusiyyətləri ilə sevməyə və ətrafındakılara da sevdirməyə bacarardı.
Mövlana uca bir ustaddır. O, bir həyat və əbədiyyət yolçusudur. O, yüksək əxlaqı, elmi, hikməti, əqli, idrakı, davranışları ilə insana ucalığın yolunu göstərən, onları Haqq qapısının yolunu aramağa həvəsləndirən bir dahidir. “İnsan yaradılmışların ən şərəflisidir” şüarını özünün ən böyük silahına çevirərək, onunla hərəkət edən Mövlana irqindən, dilindən, dinindən asılı olmayaraq, bütün insanlara qucağını açan, onlara sevginin, qardaşlığın, barışın, sülhün səadət açarı olduğunu varlığı ilə anladan şeyxlər şeyxi, dərvişlər dərvişi, pirlər piridir.
Tale Konyaya gətirib çıxardı
Mövlananın əsl adı Məhəmməd Cəlaləddin, təxəllüsü Rumidir. Amma o, el arasında böyük sevgi ilə Mövlana deyə çağırılıb. Şərq dünyasının daim parlayan ulduzu olan Ruminin həyatı olduqca özünəməxsus və ibrətamiz keçib. O, 1207-ci il sentyabrın 30-da o dövrdə İslam aləmində elm və mədəniyyət mərkəzi kimi tanınan Bəlx şəhərində anadan olub. Günümüzə qədər gəlib çatan məlumatlara görə, Mövlananın anası Mömünə xatun Xarəzm şahlardan olan Əlaəddin Məhəmmədin qızıdır. Yeri gəlmişkən, onu da deyək ki, Mömünə xatun Konya – Karamandakı Madər-i Sultan adlı camedə dəfn olunub. Bəzi rəvayətlərə görə, Mövlana ana tərəfdən xəlifə Əbubəkrin soyundandır. Ruminin atası isə Bəlxin ən elmli insanlarından olan və xalq arasında Sultanül-Üləma ( yəni alimlər sultanı) adı ilə çağırılan Hüseynin oğlu Bəhaəddin Vələddir. Mövlananın atasının Konyaya necə və hansı məqsədlə gəldiyi barədə dəqiq məlumat yoxdur. Lakin belə ehtimal edilir ki, Bəhaəddin Vələd monqollar Bəlxi işğal edəndən sonra doğma şəhərini tərk edərək, uzun yol qət edərək Konyaya gəlib çıxmışdır. O, Konyada xalq qarşısında etdiyi moizələrə görə, qısa müddətdə hamının sevimlisinə çevrilmişdir. Onun bu şəhərdə şöhrəti o qədər artıb ki, haqqında deyilənlər Səlcuqlu Sultanına da çatıb. Bundan sonra Sultan Bəhaəddin Vələd barəsində hörmətlə danışmağa başlayır və göstəriş verir ki, ona istədiyi səviyyədə çalışa bilməsi üçün yardım etsinlər. Hətta Səlcuqlu sultanı Bəhaəddin Vələd üçün böyük bir mədrəsə də tikdirir. Konyaya sanki Uca Allah tərəfindən hansısa bir müqəddəs işin həyata keçirilməsi üçün göndərilən Bəhaəddin Vələd sonralar ulular diyarı kimi tanınacaq bu şəhərdə də vəfat edir. Onun vəfatını xalq böyük hüzn və kədər içində qarşılayır. Hamı bu saf və sevimli insanın yerinin boş qalacağından, onlara mənəvi paklıq və ilahi sevgiyə qovuşmanın yolunu göstərə biləcək bir insanın tapılmayacağından narahat idi. Amma Bəhaəddin Vələd özündən sonra oğlu Mövlananın simasında konyalılara əvəzsiz bir elm və mərifət sahibi qoyub getmişdi. Mövlana hələ atasının sağlığında ikən əqli, təfəkkürü və Uca Yaradana olan sevgisi ilə çoxlarının diqqətini cəlb etmişdi. Bəhaəddin Vələdin elm və kamalından bəhrələnən, onun yanında dərs alanların hamısı mənəvi rəhbərlərinin vəfatından sonra Mövlananın ətrafında toplaşdılar.
Tirmizinin sevimlisi
Həmin dövrdə Konyaya müxtəlif yerlərdən tanınmış adamların axınları davam edirdi. Onlardan biri də Bəlxdən Konyaya üz tutan, o dövrün ünlü sufilərindən və ən hörmətli şəxslərindən hesab edilən Burhanəddin Mühakkik Tirmizi idi. Tirmizinin Konyaya səfərindən məqsəd müəllimi və mürşidi olan Bəhaəddin Vələdlə görüşmək, onun yanında qalaraq bilmədiklərini öyrənmək, bildiklərini də sevimli müəllimi ilə bölüşmək idi. Amma o, ustadının sağ olmadığını eşidəndə qəm-qüssəyə batdı. Lakin az sonra ustadının yerində Mövlananı görüncə dərhal mənəvi atası hesab etdiyi Bəhaəddin Vələdə olan borcunu geri qaytarmaq qərarına gəldi. Tirmizi gənc Mövlanaya İlahi sevgi və onu qazanmaq yolları barədə məsləhətlər verməyə, onu şirin söhbətləri ilə feyziyab etməyə başladı. Burhanəddin Tirmizi gecə-gündüz bilmədən elm öyrənən Mövlanaya mistik ruh aşılamağa, ona insan hələ sağ ikən ruhunun bədəndən ayrılaraq İlahi sevgiyə qovuşmanın yollarını açıqladı. O, 10 ilə yaxın bir müddət ərzində Mövlanaya elmin, sevginin və ruhi ucalığın zirvəsinə çatmağın prinsiplərini öyrətdi. Mövlana Tirmizinin tövsiyəsi ilə Hələb və Şamda da o dövrün tanınmış alimlərindən təhsil aldı. Mövlananın artıq atasını layiqincə əvəz etməyə hazır olduğunu görən Tirmizi Konyadan Kayseriyə köçdü və orada yaşamağa başladı. Bunun səbəbini soruşanlara isə Tirmizi belə cavab verdi: “Mövlana atasından da irəli gedəcək və gələcək nəsillər bizləri də ona görə anacaqlar. Mövlana kimi böyük alim olan yerdə Tirmizinin işi ola bilməz.” Sonralar Mövlana “Maarif” adlı əsərində Tirmizidən böyük sevgi və məhəbbətlə bəhs edib. Tirmizinin ölümü Mövlanaya ağır təsir göstərib. O, Tirmizinin ölüm xəbərini eşitdikdən sonra bir neçə gün nə yemək yeyib, nə də bir kimsə ilə danışıb. Sonra o, Kayseriyə gedərək onun dəfnində iştirak edib və müəllimindən yadigar qalan kitabları alaraq, yenidən Konyaya dönüb.
Burhanəddin Tirmizinin vəfatı onun şagirdlərini də kədər və qəmə batırdı. Onlar bir müddət nə edəcəklərini bilmədilər. Sonra isə ustadlarının ən sevimlisi olan və xalq içində sevgi və məhəbbət timsalı kimi tanınan Mövlananın ətrafına yığıldılar. Bundan sonra Mövlananın şöhrəti daha da artdı. Onun adı gələndə bütün İslam alimləri hörmət əlaməti olaraq ayağa qalxırdılar. Konyalılar Bəhaəddin Vələddən sonra Mövlananın simasında rahatlıq və sevgi məkanı tapmışdılar. Mövlananın yanına hər gün onlarla adam yığılır və bu böyük zatın Uca Allah və onun yaradılmışlara olan sonsuz sevgisi barədə danışdıqlarına həzz içərisində qulaq asırdılar. Mövlananın şirin və ruha bir sərinlik gətirən söhbətləri insanları o qədər heyran edirdi ki, onlar ən xəstə adamlarını belə onun şirin söhbətlərinə qulaq asmağa gətirirdilər. O dövrdə deyirdilər ki, Mövlanaya qulaq asan xəstələr dərhal sağalır. Təbiblərin sağalda bilmədiyi insanları Mövlananın şirin söhbətləri sağaldır.
Bu arada Konyaya o dövrün daha bir böyük şəxsi təşrif buyurdu. Bu, məşhur Şəms Təbrizi idi. Təbrizini o dövrün sufi alimlərindən fərqləndirən əsas xüsusiyyəti onun heç bir təriqətə mənsub olmaması idi. Qeyd edək ki, Təbrizi özünü “alimlər alimi” elan edənləri ağır sınağa çəkir və istədiyini onlardan ala bilmədikdə isə həmin şəxsləri kəskin tənqid edirmiş. Təbrizi yalnız Mövlananın simasında axtardığı Haqq aşiqini tapdığını anlayandan sonra ona İlahi sevgiyə qovuşmaq yollarında sirdaşlıq etdi. Mövlana isə Təbrizinin simasında, özünün də sonralar etiraf etdiyi kimi, mütləq kamalın varlığını, “Tanrı nurları”nı görmüşdü. Lakin onların xoş günləri uzun sürmədi. Təbrizi öldükdən sonra o, tənhalığa çəkildi və uzun illər onun xiffətini çəkdi. Sonralar o dövrün məşhur sufi alimləri olan Səlahəddin Zərkubi və Hüsaməddin Çələbi Təbrizinin boş qalan yerini doldurmağa, Mövlanaya onun itkisini unutdurmağa çalışdılar. Bütün həyatını “xamdım, bişdim, yandım” ideyası üzərində quran bu böyük insan 1273- cü il dekabr ayının 17-də Haqqın rəhmətinə qovuşdu.
Ölüm gününü Haqqa qovuşmaq, vüsal anı hesab edən Mövlananın bu dünyadan əbədiyyət məkanına köçməsindən sonra onu tanıyanlar, fikir və görüşlərini bölüşənlər sonsuz dərd-qəmə batdılar. Onun yoxluğunu, onun itkisini və ağrısını unutdurmaq üçün başda Sultan Vələd və Hüsaməddin Çələbi olmaqla, bəzi tədbirlərin həyata keçirilməsi qərara alındı. Bu elə bir tədbir olmalı idi ki, Mövlana Cəlaləddin Ruminin fikir və düşüncələrini yüz illər sonra belə gələcək nəsillərə anlada, onu sevdirə bilsin. Başqa sözlə, Mövlana irsi bütün gələcək nəsillərə uzanan əl olmalı, onları Haqq yoluna dəvət etməli, insanlar arasında sevgi, dostluq, gözəl əxlaq tərbiyə etməli idi. Ona görə də Sultan Vələd və Hüsaməddin Çələbi, həmçinin Ruminin nəvəsi Ulu Arif Çələbi zamanında Mövlana aşiqləri bir yerə yığılaraq mövləvilik təriqətinin təməlini qoydular. Eyni zamanda onlar bu təriqəti yaymaq məqsədilə müxtəlif yerlərdə təkkələr (burada dərvişlərin toplaşdığı məkan mənasındadır- red.) qurdular və burada mövləviliyi geniş şəkildə təbliğ etməyə başladılar. Beləliklə, əsrlərin dərinliklərindən günümüzə qədər gəlib çatan mövləvilik qəlblərə işıq saldı, insanları Haqq yoluna səsləmiş oldu. Üstündən uzun illər keçsə də, bu gün Anadolunun müxtəlif yerlərində Mövlana aşiqləri bir yerə yığılaraq, Haqqa qovuşma mərasimi keçirirlər.
Mövləvilik orta əsrlərdə o qədər geniş yayılmışdı ki, hətta Osmanlının tarixdə böyük izlər buraxan məşhur hökmdarları, o cümlədən Sultan III Səlim, Sultan II Mahmud və digərləri mövləvilik təriqətinin üzvləri olmuşlar.
Həzrəti-Mövlanaya görə insan
Mövlananın dünyagörüşündə insanın Uca Yaradana məhəbbəti önəmli yer tutur. Cəlaləddin Rumiyə görə, insan yaxşılıqla pisliyi, İlahi ilə bəşəri sevgini özündə toplayan bir varlıqdır. Başqa sözlə, insan varlıq ağacının bir meyvəsidir. Bu fikirlə bağlı Mövlana bir rübaisində insan haqqında belə söyləyir: “Surət surətsizlikdən meydana gəldi. Varlıq pətəyini quran arıdır. Arıya vücud verən mum, pətək deyildir. Arı bizik, şəkil və çoxluq, sadəcə, bizim emal etdiyimiz mumdur. Şəkil bizim çalışmamızın nəticəsində vücuda çevrildi”. O, varlığın özü ilə yaradıcı qüdrəti birləşdirir. İnsanın şərəfi, zövqü və əzabı da bu birlikdən qaynaqlanır. Mövlana bununla bağlı deyir: “Sən cahanın xəzinəsisən, sənsiz cahan yarım arpaya dəyməz. Sən cahanın təməlisən. Cahan sənin üzündən təptəzədir.”
Mövlana “mömin möminin aynasıdır” hədisini izah edərkən deyir ki, Allahın adlarından biri də elə mömindir. İman edən qula da mömin deyilir. “Mömin möminin aynasıdır” söyləmək, “Allah o aynada təcəlli etdi” deməkdir. O halda Haqqı insanda görmək gərəkdir.
İnsanla bağlı düşüncələrində: “Murad sənsən. Niyə ora-bura qaçırsan? O, sən deməkdir. Amma sən çəkin, heç vaxt “mən” demə, həmişə “sən” söylə. Gözlərin dürüst görürsə, sən O olacaqsan, O da sən olacaq. Ey Tanrı kitabının örnəyi insan oğlu. Ey gözəllik şahının aynası olan xoşbəxt varlıq. Aləmdə nə varsa səndən kənarda deyil ki… Sən nə axtarsan, onu özündə axtar, Çünki “hər varlıq səndədir”deyir. İnsanın belə bir şərəfə və yüksək mərtəbəyə nail olması təsadüfi, boş-boşuna deyil. Bu şərəfin və yüksək mərtəbənin gətirdiyi sorumluluq və iztirab da böyükdür. Mövlana deyir: “Tanrı ululuq sirrini insanda gizlətmişdir. İnsanın önündə canla, könüllə, bədənlə gerçəkdən bir səcdə edəndən sonra hansı tərəfə dönsən, o tərəf sənin üçün Kəbə olacaqdır”. Mövlana başqa bir beytində:” Bədəninin hər zərrəsindən bir fəryad duy, inilti eşit – çünki böyük bir şəhərsən, bəlkə də bir şəhər deyil, minlərcə şəhərsən. Hər şey sənsən, hər şeydən oyana nə varsa yenə də sənsən. O da səndən ibarətdir”. Mövlana təəssüflə deyir ki, insan bu qədər qiymətli bir xəzinə olmasından və özünün heç nə ilə ölçülə bilməyən dəyərindən xəbərsizdir. Mövlanaya görə, Adəm oğlu dünya sandığının üzərində oturan bir aslandır. Sandıq qapalıdır, kilidlənmişdir. Sandığın üstündə oturan aslan yorğundur və sandığın içərisində nələrin olduğunu bilmir. Amma günün birində aslan birdən-birə kükrəyərək coşur və sandığı qırıb-parçalayaraq hansı gücə malik olduğunu göstərir. Mövlana insanın nəyə qadir olduğunu sübuta yetirmək üçün deyir: “İnsanların daş ürəklərində elə bir atəş vardır ki, qatı zülmətlərin pərdəsini belə kökündən yaxar. Pərdə yandımı, insan sanki yenidən doğular”. Mövlana insanın böyüklüyünü, ucalığını anlatmaq üçün ona xitabən deyir ki, sən Tanrı nurusan. Sən günəşlərin günəşisən”.
Bir sözlə, Mövlana ona könül verənləri əsl həqiqətə qovuşduran, həm də içində yaşadığı zəmanəyə uyğun şəkildə yetişdirən əvəzsiz, dəyəri bu dünyada ölçülə bilməyən bir müəllim, ustad və övliyadır.
Mövlananın insanın həyatı ilə bağlı baxışları
Mövlana yaradılmışların ən şərəflisi olan insana səcdə edirdi. O, insanlıq və sevgi dininin qurucusu idi. O, Birliyi, Xalqı və Müqəddəs Kitabı doğma övladı kimi bağrına basmışdı, özünü də onlardan ayrı hesab edə bilmirdi. O, dünyanı bir müvəqqəti yaşayış meydanı olaraq qəbul edir və ölümü də çox təbii qarşılayırdı. Mövlanaya görə, ölüm ağızdan çıxan bir dişdən başqa bir şey deyil. O deyir ki, məzarımın torpağı bir içim şərab kimidir. Bədənimi içincə canım göylərin üstünə çıxar. Başqa bir şeirində Mövlana yazır: “Mən görünən və görünməyənəm. Yuxudakı göz kimi açığam və gizliyəm. Varam və yoxam. Gül suyundakı qoxu kimiyəm. Kitabdakı yazı kimi söyləyən və susanam”. Bu sözlər Mövlananın nə qədər böyük bir insan olduğunu, onun ululuğunu, övliyalığını göstərir. Mövlananın kimliyini anlamaq üçün onun bir kəlməsini, bir sözünü oxumaq, eşitmək yetərlidir. Belə ki, Mövlana: “Mən həm aşiqəm, həm də məşuqam; mən həm aynayam, həm də gözələm, həm də gözəlliyi seyr edənəm”,-deyir.
Həzrəti Əli sevgisi
Mövlananın İslam dünyasının ən müqəddəs şəxslərindən olan Həzrəti-Əliyə böyük sevgisi olub və o, bu sevgini həmişə büruzə verib. Mövlana Həzrəti-Əli haqqında deyir: “O hər şeyi bilən bir imamdır. Tanrı vəlisi, səfa əlinin vücud günəşidir. Yerdə, göydə, məkanda, zamanda Haqla olan o imamın zatı içi və təmizliyi ancaq və ancaq təriflərə layiqdir. Çünki o küfrdən, ikiüzlülükdən qurtarıb, təmizlənib, saflaşıb. Onun torpağı bilik aləmidir, o insanın həqiqəti, canı kimi idi. Hər şey fanidir, fəqət can yaşar, ölməz. Onun hərəkətləri özündən daha çevik olan varlıqdandır.
Haqqın yüksək sifətləri Həzrəti-Əlinin vəsfidir. Onda haqqın bütün sifətləri toplaşıb. O, Tanrının zatına yapışmış, “O” olmuşdur.
Haqqın hikmətini ondan başqa, heç kim bilməz. Zira o hakimdir, hər şeyi biləndir. Peyğəmbərlərə yardım edən o idi, vəlilərin görən gözü, həqiqətin özü də odur. Üzünün nurunun parıltısı onun özünü bir günəşə çevirdi. O, Haqq ilədir, Haqq onda görünür, o, Haqq ilə əbədidir. Adəmin yarandığı torpaq onun nurundan idi, bu səbəbdən də mələklərin tacı oldu.
Allah yolunu tutaraq gedənlər nə isə ondan istəyənlərdirlər, Əli isə istəniləndir. Bunu bilənlər bilərlər, bilməyənlər susarlar. O isə susmaz həqiqəti söylər, həqiqət nuru ilə hamını işığına qərq edər. Əbədi olan elm onun köksündən bir günəş kimi doğdu. Vəhy olunanların sirlərini, o həqiqət olaraq bildi və bildirdi. O, ümmətlərə var səsi ilə səsləndi:
“Allah yolunda Əli sizin bələdçinizdir”.
Allaha bütün qəlblərini açanlar üzlərini ona çevirdilər. Zira o şahdır, doğru yolu göstərəndir, əfəndidir.
O, bütün peyğəmbərlərin ən yaxını, onların sirdaşı idi. Dində əvvəl də, axır da O, idi. Ey Adəm oğlu, sən anla, başa düş ki, əsl həqiqətdə uca olan “O”dur. Ona görə də heç kim mənimlə bu barədə boş-boşuna qovğa etməsin. Həqiqət budur ki, hamımız bir zərrəyik, O isə Günəşdir. Biz hamımız damlayıq, O dənizdir. Ey Şəmsi-din, bir halda ki, sən aşiqsən, onda Mövlana üçün canını fəda et. Belə olsa, canın canana qovuşacaq və eşqə aparan yolda bir bələdçi olacaqsan”.