Hansı ölkələrin Azərbaycanda kitabxanaları fəaliyyət göstərir?

615

Kitab xalqın mənəvi sərvətidir, onun tarixidir. Onları qoruyub saxlamaq isə kitabxanaların vəzifəsidir. Kitabxana işi cəmiyyətin inkişafının ən əsas göstəricilərindən biridir. Ümummilli liderimiz Heydər Əliyev deyib: “Kitabxana elə bir yerdir ki, gərək daim onun fondu genişlənsin. Çünki dünya dəyişir, yeni əsərlər, kitablar yaranır. Bunlar insanlara yeni biliklər, yeni məlumatlar gətirir”.

Biz də Azərbaycandakı yerli kitabxanalarla yanaşı, xarici kitabxanaları da araşdırdıq. Mədəniyyət və Turizm Nazirliyinə müraciət etdik. “Bu, bizim mövzumuz deyil” deyən nazirliyin mətbuat katibi Zöhrə Əliyeva əlavə etdi ki, lazım olduğu təqdirdə, hansısa bir xarici ölkənin səfirliyi ilə əlaqə saxlayır, kitab alıb-veririk: “Ancaq xarici ölkələrin Azərbaycandakı kitabxanalarının fəaliyyəti haqqında heç bir məlumat verə bilmərik. Çünki bu bizim mövzumuz deyil”.

Bir neçə xarici ölkənin səfirliyi ilə əlaqə saxladıqdan sonra məlum oldu ki, Azərbaycanda xüsusi xarici kitabxanalar sayca çox azdır. Səfirliklərlə əlaqədən sonra aydın oldu ki, bəzi konsulluqların tərkibində və ya hansısa universitetlərin nəzdində, balaca da olsa, kitabxanalar mövcuddur. Əlaqə yarada bildiyimiz  səfirlikləri sıralayaq:

1. Qardaş ölkənin Azərbaycandakı Səfirliyindən Aysel Karacanın verdiyi məlumata görə, konsulluqda kitabxanalar var, ancaq sırf özlərinə aiddir, kənar şəxslərin girişinə icazə yoxdur.

2. Almaniya Səfirliyinin Mətbuat və siyasət şöbəsinin əməkdaşı Elvin Axundovdan aldığımız məlumata görə, Azərbaycan Dillər Universitetinin tərkibində alman dili oxu zalı fəaliyyətdədir.

3. Çex Respublikası Səfirliyindən Cəfərova Ülviyyənin verdiyi məlumata görə, Slavyan Universitetinin tərkibində Çex Mərkəzi fəaliyyət göstərir. Qeyd edək ki, Slavyan Universitetinin tərkibində eyni zamanda Yunan Mərkəzi də fəaliyyətdədir.

4. Fransa Səfirliyindən alınan məlumata görə, Fransız İnstitutunda Fransa mədəniyyətinə aid hər şey, kitablar da daxil, tapa bilərsiniz. Bilməyənlər üçün qeyd edək ki, Fransız İnstitutu Füzuli küçəsi – 67 ünvanında, Heydər Əliyev Sarayının yaxınlığında yerləşir.

Bəlkə də xüsusi xarici kitabxanaların olmaması Azərbaycanda kitaba marağın az olmağındandır. Bunun əsas səbəbi kimi internetin geniş yayılması, elektron kitabları əldə etməyin daha asan olması göstərilir. Ancaq internetdən istifadə imkanları nisbətən məhdud olan bölgələrdə də kitaba maraq yox dərəcəsindədir.

Yeri gəlmişkən, qeyd edək ki, dünyada ən çox kitabxana Avropadadır. Belə ki, Beynəlxalq Kitabxanalar Assosiasiyasının məlumatına görə, dünyada 570 min kitabxana var. Onların əksəriyyəti, yəni təxminən 440 mini Avropadadır.

Bakıda fəaliyyət göstərən Rus Kitab Evi

UNESKO-nun Statistika İnstitutunun məlumatına görə, adambaşına düşən kitabxana kitablarının sayına görə Gürcüstan lider ölkədir. Deməli, interneti, elektron kitabları kitabdan soyumağımıza görə bəhanə gətirməməliyik. Onu da qeyd edək ki, əgər Mədəniyyət və Turizm Nazirliyinin şəbəkəsində 4500 kitabxana var idisə, ötən ilin sonuna onların sayı 4000-ə qədər azalıb. Hesab olunur ki, bir neçə kitabxanadansa, fəaliyyəti gücləndirilmiş bir kitabxananın olması daha yaxşıdır.

Bundan başqa, ölkəmizdə elə kitab evləri, mağazalar var ki, orada istənilən tipdə kitab tapmaq mümkündür. İstər xarici ədəbiyyat olsun, istər milli ədəbiyyatımız. Bunlara misal olaraq, Bakı şəhərində yerləşən Rus Kitab Evini göstərə bilərik. 2009-cu ilin 23 noyabrından fəaliyyət göstərən kitabxanada rus ədəbiyyatına aid istənilən kitab tapmaq olar. Bundan başqa, sözügedən kitab evində xarici, milli ədəbiyyatımıza aid rus dilinə tərcümə olunmuş bir çox müəllifin kitabları mövcuddur. Rus Kitab Evinin direktoru İsrafil İsmayılovun dediyinə görə, Rus Kitab Evinin yaradılmasında məqsəd Rusiya ilə siyasi, iqtisadi, mədəniyyət sahələrində əlaqələrin inkişafı və iki ölkə arasında sıx əməkdaşlığın qurulmasıdır.

Bir sözlə, ölkəmizdə kitab həvəskarları və kitab oxumaq istəyənlər üçün kitab əldə etmək artıq çox asandır. Təki kitab oxumaq vərdişimizi itirməyək. Ümummilli liderimiz Heydər Əliyevin də söylədiyi kimi: “Kitabxana xalq, millət üçün, cəmiyyət üçün müqəddəs yer, mənəviyyat, bilik, zəka mənbəyidir. Ona görə də kitabxanalara daimi hörmət xalqımızın mədəniyyətini nümayiş etdirən amillərdən biridir”.

Nərmin Haqverdiyeva