Hanı bu yolun “zebra”sı?

574

Mənə deyirlər ki, niyə danışmırsan? Mən də deyirəm ki, nədən ötrü danışım, kimdir mənə qulaq asan? Məgər it hürər, karvan keçər məsəlindən xəbərsizsiniz? Deyirlər, sənə qulaq asan yoxdur deyə, ömrün boyu susacaqsanmı? Ay bədbəxt, belə getsə, vallah-billah, dəli-divanə olub çöllərə düşəcəksən, qurd-quşa yem olacaqsan… Deyirəm, görünür, sizin bizim məmləkətimizdən xəbəriniz yoxdur.

Axı indi kimdir məni çöllərə yaxın düşməyə qoyan? Nədən ki, çöllərimiz də çoxdan özəlləşib. İndi hər qarışın öz sahibi var. Elə bu səbəbdən də son illər Məcnunlar peyda olmur da… Nə yazıq ki, bizim bəzi oxumuşlarımız hələ də bu incə məsələdən xəbərsizdirlər. Elə bu səbəbdən onlar gənclərimizin Məcnun yolu ilə getmədiklərini alayı nəsnələrlə əlaqələndirmək üçün dəridən-qabıqdan çıxırlar. Bu da, təbii ki, gənclərimizi dünənimizdən uzaqlaşdırır. Yazıqlar olsun onlara! Adi həqiqətləri də dilə gətirməyə çəkinirlər. Odur ki, artıq Məcnun da xatirələrdən silinməkdə, hansısa Valentin gündəmi zəbt etməkdədir.

Dənizin kənarı da elə hasara alınıb ki, onu aşmağı xəyalıma belə gətirə bilmərəm. Bu mənada bu yaxınlarda xəyallar aləminə də dalmağın bir əmması olacağına əsla şübhə etmirəm. Sizi bilmirəm, amma mən artıq bunu hiss etməkdəyəm. Uzaqgörən bir şəxs kimi deyə bilərəm ki, sabah xəyallar aləminə dalanlardan da lisenziya-filan tələb olunacaq… İndi haralara, nələrə əl qoyulmur ki?

Hə, hətta iş o yerə çatıb ki, başıma salmağa bir daş belə tapa bilmirəm. Əslində daşdan çox daş var ha… Amma onlardan bircəciyini almağa mənim ailə büdcəm imkan vermir. Yəni aldığım məvacibimin bir manatını o yan-bu yan eləsəm, Aşqabad batan kimi batmağıma yüz faiz əminəm. Buradan da belə bir mətləb hasil olur ki, gərək mən ömrümün sonunadək lal-dinməz qalam. Təbii ki, belə yaşamaq da, mənim fikrimcə, zülmün bir formasıdır.

Mənə deyirlər ki, niyə danışmırsan? Mən də deyirəm ki, nədən ötrü danışım, kimdir mənə qulaq asan? Deyirlər, sənə qulaq asan yoxdur deyə, ömrün boyu susacaqsanmı? Ay bədbəxt, belə getsə…

Elə mən bu xəyallarla iş yerimizin qarşısındakı, daha doğrusu, Nəqliyyat Nazirliyinin böyründəki yolun “zebra”lı yerindən, daha doğrusu, piyadalar üçün nəzərdə tutulmuş keçiddən keçirdim ki, bir sürücü idarə etdiyi maşınını qəfildən saxlayıb, ünvanıma bir neçə “xoş” söz yağdırmağa başladı:

– Korsan? Məgər görmürsən ki…

Onun bu sözləri, təbii ki, məni istər-istəməz dilləndirdi:

– Mən ki yolu nəzərdə tutulmuş yerdən, yəni piyada keçidindən keçirəm. Amma sən “zebra”ya məhəl qoymaq istəmirsən.

Bu sözlərimlə: “Kor sənsən” dediyimi başa düşən sürücü lap özündən çıxdı:

– A kişi, gəl sən səhər-səhər mənim qanımı qaraltma… Xatanı məndən uzaq elə…

O bu dəfə mənim korluğumu sübut etmək üçün əli ilə yolu göstərərək dedi:

– Hanı bu yolun “zebra”sı? Mənə göstər görüm…

Diqqətlə yola baxdım. Doğrusu, başımdan tüstü çıxdı. Çünki, həqiqətən də, “zebra” adlandırdığımız piyada keçidi işarələri maşınların keçməsindənmi, yağışın-günün təsirindənmi pozulmuşdu. Hətta “zebra”nın bəzi xətləri görünməz hala düşmüşdü.

Sürücü mənim xəyala dalmağımdan istifadə edərək dilləndi:

– Sənin bir addımlığından görmədiyin “zebra”nı bəs mən uzaqdan necə görüm?

Sürücünun bu haqlı iradından sonra dinmədim. Mənə deyirlər ki, niyə danışmırsan? Mən də deyirəm ki, nədən ötrü danışım, kimdir mənə qulaq asan? Məgər it hürər, karvan keçər məsəlindən xəbərsizsinizmi? Deyirlər, sənə qulaq asan yoxdur deyə, ömrün boyu susacaqsanmı? Neçə illərdir ki, bu suala cavab verməyə hələ də çətinlik çəkirəm. Allah, özün kömək ol, mənim kimi bəndələrinə!

Qvami