Hande Harmancı: Qarşıdakı üç ay çox kritik olacaq

0
29

Qışın gəlməsi ilə bütün Avropada COVID-19-a yoluxma sayında sürətli artım müşahidə olundu. Azərbaycanda da oktyabrın ortalarından koronavirusa yoluxmada sürətli artım qeydə alındı. Əvvəlki dövrlərə nisbətən yoluxma sayları təxminən on dəfə artdı. Amma son 10 gündə gündəlik yoluxma sayı 4 min hal ilə nisbətən stabilləşib. Bu, yaxşı haldır.

AZƏRTAC xəbər verir ki, bunu Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Səhiyyə ilə bağlı Ehtiyacların Qiymətləndirilməsi Missiyasının yekunlarına dair media brifinqdə ÜST-nin Azərbaycandakı nümayəndəsi Hande Harmancı bildirib.

H.Harmancının sözlərinə görə, karantin rejiminin sərtləşməsi ilə bağlı qərar insanları qorumaq üçündür: “Hökumət hər qərarında həm insanların sağlamlığını və həm də iqtisadi vəziyyəti nəzərə alır. Bu, bütün dünyada belədir. Pandemiya əvvəldən onu göstərdi ki, dərman və vaksin olmadığına görə, yoluxmanın azaldılması üçün ictimai səhiyyə tədbirlərinin tətbiqindən başqa “silahımız” yoxdur. Sərt karantin rejimi yoluxmanın azaldılmasına tez bir zamanda təsir edir. Ortalama inkubasiya dövrünü nəzərə alsaq, sərt karantin qərarından təxminən 1 həftə keçəndən sonra yoluxmanın sayı azalmağa doğru gedir. Səhiyyə üzərindəki yükü, gərginliyi azaltmalıyıq. Bu səbəbdən yoluxma sayının azalması lazımdır”.

H.Harmancı əlavə edib ki, qarşıdakı 3 ay çox kritik olacaq: “Yaz aylarında peyvəndləmənin tətbiq olunması yoluxma saylarının azalmasına səbəb olacaq. Gənc insanlar peyvənd olunduqca yoluxma da azalacaq”.azərtac