Hamısından yaxşısı budur ki…

0
428

(Futbol üzrə millimizin baş məşqçisi Robert Prosineçkinin monoloqu)
– O gün Çingiz müəllimə – “Neftçi”nin Müşahidə Şurasının sədrinə dedim ki, bəs yenə komandandan milliyə oyunçu cəlb etmək istəyirəm. Dedi, cəlb elə də, məgər əlindən tutan var, istəyirsən, heç sən zəhmət çəkmə, özüm seçib bir neçə nəfəri göndərim qulluğuna? Dedim yox e… mən camaatın içində biabır olmaq istəmirəm. Bir baxım görüm həmin oyunçular necə oyunçulardir (Axı millidəki fəaliyyətimə görə qurbanı olduğum AFFA mənə bir ətək pul verir). Mənim istədiyim budur ki, layiqli oyunçular olsunlar, onların komandaya bir xeyiri dəysin. Üstəlik, Çingiz bəyin xətrinə dəyməsin deyə ərz etdim ki, bəs mən millidə sənin komandanın varlığını özüm üçün böyük bir fəxr bilirəm. Ona görə də oyundan sonra balaca şadyanalıq da edərik. İnsafən, Çingiz müəllim sözümün üstünə söz qoymadı. Dedi ki, Robert, heç sözüm yoxdur, özün bilən məsləhətdir.
Odur ki, yaxınlarımla birgə üz tutdum Tofiq İsmayılov adına Suraxanı qəsəbə stadionunda keçirilən “Qarabağ”-”Neftçi” oyununa baxmağa… Deyəsən, çaşdım axı… Nədən ki, bu stadionun adına iki namizəd varmış. Yəni bu tur öncəsi stadionun adını dəyişib ediblər “Azərsun Arena”. Bilmirəm, niyə belə ediblər. Amma mənim fikrimcə, heç yaxşı iş görməyiblər. Bununla da o boyda kişinin ruhunu narahat ediblər. Sözün düzü, bir qədər “abrazavannı” olduğumdan belə şeyləri həzm-rabedən keçirməkdə çətinlik çəkirəm. Çox düşündüm ki, görəsən bu məsələdə mənim kimi düşünən var, ya yox? Amma diqqətim oyuna yönəldiyindən bu sualı unutdum. Yəni mənim üçün elə sual olaraq qaldı. Bir də mənim nəyimə gərək e… belə şeylər. Bu gün buradayam, sabah başqa ölkədə… Bunu dilimə gətirb niyə pis kişi olum… Deyəsən, mətləbdən uzaqlaşdım axı. Məşədi İbadın sözü olmasın, heç hənanın yeri idi? Bu yerdə deyiblər də, Allah şeytana lənət eləsin. Hə, onu deyirdim axı.
Elə yerimdə təzəcə oturmuşdum ki, bir də gördüm, “Qarabağ”ın azarkeşlərinin alqış sədaları stadionu lərzəyə gətirdi. Dedim, görəsən nə baş verib? Dedim, yəqin ki, belə coşğu mənim şərəfimədir. O saat ayağa durub onlara təşəkkürümü bildirmək istədim. Amma bir də gördüm onlar “qol” deyə qışqırırlar. Sən demə, oyunun 8-ci dəqiqəsində Samuel Armenteros qol vurubmuş. Bunun da əsas səbəbi nə olsa yaxşıdır? “Neftçi”nin oyunçularının daha çox fərdi oyuna üstünlük vermələri. Elə bu səbəbdən 2:0 hesabı ilə başa çatan həmin matçdan sonra komandanın baş məşqçisi Əsgər Abdullayev deyibmiş ki, bəzi oyunçuların başına ağıl qoymaq lazımdır. Onu bunu bilmirəm, amma Əsgər bəy üzərinə çox böyük öhdəlik götürüb. Heç bilmirəm, o bunu bacaracaq, ya yox? Amma öz aramızdır, adam bu barədə fikirləşəndə az qala ağlına itirə. Nə isə…
Bu oyundan sonra məni fikir götürüb: ağlı üstündə olmayan belə bir komandadan axı mən kimi milliyə dəvət edim? Hərgah Ruslan Qurbanovu dəvət etsəm, onda millisevərlər elə bilərlər ki, mən aqressivliyi sevən baş məşqçiyəm. Əgər Araz Abdullayevi çağırsam, onda lap məndən ürkərlər. Elə bilərlər ki, mən də ad çıxarmış “avtoşam”. Hərgah Kamal Qurbanovu cəlb etsəm, onda millisevərlərin məndən zəhləsi gedər. Elə bilərlər ki, “yaxşı oynadıq, amma alınmadı” deyənlərin tərəfindəyəm. Bəs nə tövr eləyim ki, çox hörmətli Çüngiz müəllim məndən inciməsin? Vallah, bu kişinin xətrinə risk edərdim a… amma qorxuram ki, kimisə götürüm sonra da hansısa azarkeş desin ki, ay Robert müəllim, siz onu milliyə gətirəndə bir baxmadınız görək, bu oyunçudur, yoxsa…? Onda mən ona nə cavab verərəm, hə? Hamısından yaxşısı budur ki, milliyə “Neftçi”dən bir kimsəni dəvət etməyim, çünki onların heç biri mənim düşündüyüm formada deyil, onda yəqin ki, bu, azarkeşlərin xoşuna gələr, üstəlik mənə “sağ ol” da deyərlər.
QVAMİ MƏHƏBBƏTOĞLU