Hamı kimi, biz də kəmərimizi sıxırıq

0
415

Dünyada baş verən iqtisadi böhranın təsirləri artıq Azərbaycanda da ciddi şəkildə hiss olunmağa başlayıb. Manatın ikinci dəfə devalvasiyasından sonra ölkədə baş verən bahalaşma bir çox sahələrə təsir edib. Manatın məzənnəsinin dollarla müqayisədə aşağı düşməsi vəziyyəti daha da ciddiləşdirdi. Ölkə vətəndaşlarının müəyyən hissəsi banklara olan borclarını ödəyə bilmir; iş yerlərində ixtisarlar gedir; bir sözlə, vəziyyət get-gedə pisləşir. İşindən, peşəsindən asılı olmayaraq, hər kəsə fərqli təsir edən böhran əsasən də sahibkarlıq sahəsinə ciddi təsir göstərib. Bahalaşma sahibkarların müştərilərini azaldıb, sadə insanların isə vəziyyətini bir qədər də çətinə salıb. Mövzunun aktuallığını nəzərə alıb, müsahiblərimizə “böhran sizə necə təsir edib?” sualı ilə müraciət etdik.

“Xərclərimiz artıb, gəlirlərimiz azalıb”

Həkim Habil Hüseynov  bildirdi ki, böhran ona da mənfi təsir edib: “Hazırda istifadə etdiyimiz bütün alətlər, aparatlar hamısı xarici ölkələrdən gətirilir. Bunların hamısı da xarici valyuta ilə alınır. Bundan başqa, artıq xaricdən gətirilən bəzi avadanlıqları tapmaqda çətinlik çəkirik. Hələ ki vəziyyət belədir. Bir müddətdən sonra alətlərin yenilənmə vaxtı gəlib çatacaq. Çox güman ki, əsas problemlər o vaxt başlayacaq. Çünki alətləri əvvəl aldığımız qiymətdən iki, üç qat artıq qiymətə almaq məcburiyyətində qalacağıq. Bir sözlə, xəstələri müayinə qiymətlərimiz artmasa da, xərclərimiz xeyli artıb. Bunun qarşılığında həm də gəlirimiz azalıb. Ümumiyyətlə, böhran hər birimizin həyatına təsir edib. Hələlik, stabil olaraq yaşamağa davam edirik. Çünki bu, ilk gündən özünü göstərən bir şey deyil. Zamanla görəcəyik, nəyi ala bilirik, nəyi ala bilmirik. Normal yaşamaq üçün qənaət etməyə məcburuq. Məsələn, mən artıq konfranslara əvvəlki qədər gedə bilmirəm. Xarici jurnalları, ədəbiyyatları istədiyim kimi ala bilmirəm. Çünki xərclədiyimizin çoxunu dollarla edirik. İstər konfrans qeydiyyatı, istərsə də otel xərclərimiz, hər biri dollarla hesablanır. Hazırda biz inkişafımıza əngəl olacaq vəziyyətlə qarşı-qarşıyayıq. Vəziyyətin gələcəkdə düzəlib-düzəlməyəcəyini isə bilmirik. Onu deyə bilərəm ki, hal-hazırda olan praqnoz heç də ürək açıcı deyil. O vaxtı vəziyyət düzələcək ki, ətrafda da düzələcək.

“Hamı kimi, biz də kəmərimizi sıxırıq”

Böhranın hər kəsə təsir etdiyini deyən “Tumurcuq” qəzetinin redaktoru Səməd Məlikzadə bildirdi ki, ölkədə baş verən böhran onların da işinə mənfi təsir edib: “Həm qəzetə, həm də bizə. Bildiyiniz kimi, qəzetin çap olunması üçün lazım olan bütün ləvazimatlar xaricdən gətirilir. Buna görə də maddi cəhətdən sıxıntılı günlər keçiririk. Abunəçilərin də vəziyyətini nəzərə alaraq, qəzetimizin qiymətində heç bir artım etmədik. Maaşlarda 10 faiz artım olsa da, bu heç nəyə çatmır. Çünki ərzaq məhsullarının qiyməti qalxıb. Əvvəllər ayda 5, 6 kiloqram ət alırdıqsa, indi 3 kiloqram alırıq. Hamı kimi, biz də kəmərimizi sıxırıq. Qənaət etməyə çalışırıq. Vəziyyətin düzəlməsini gözləyirik. Sahibkarları da qınamaq olmur. Hamı dolanmağa çalışır. İndən sonra vəziyyətin yaxşılaşacağına ümid edirəm”.

“Marketlərdən daha çox apteklərə üz tuturam”

Böhranın ona çox ciddi təsir etdiyini deyən ziyalılarımızdan biri də Əməkdar jurnalist Məzahir Süleymanzadədir: “Böhranın mənə çox ciddi təsiri olub. İlk olaraq, iş yerim bağlanıb. Çox təəssüf ki, kirayə evdə yaşayıram. Kirayə pulunu verə bilmirəm. Oğlum da iş yerindən ixtisara salınıb. Ümumiyyətlə, böhran bizim ailəyə çox pis təsir edib. Ümid edirəm ki, nəzərdə tutulan islahatlar vəziyyəti yaxşılaşdırar. Ancaq bunlar hələlik ümiddir. Mən bunu son vaxtlar bir çox radio proqramlarında da demişəm. Mən həmişə sevgidən, məhəbbətdən yazmışam. Ancaq indi mən bu problemlər qarşısında bunu bacarmıram. Düşünürəm ki, insanın nə qədər imkanı, pulu olursa olsun, o, qənaət etməlidir. Ümumiyyətlə, qənaətsiz yaşamaq mümkün deyil. İsrafçılıq bütün hallarda yolverilməzdir. Ancaq bu yaşda mən necə qənaət edim? Artıq yaş öz sözünü deyir. Marketlərdən daha çox apteklərə üz tuturam. İynə-dərmana ehtiyacımız olur. Bütün bunları almaq üçün də maddi vəsaitə ehtiyacımız var. Ümid edirəm ki, tezliklə vəziyyət yaxşılaşar. İqtisadi islahatlar nəticəsində problemlərimiz həll olunar. Ancaq düşünürəm ki, ilk olaraq, kadr islahatları aparılmalıdır. Çünki köhnə kadrlarla nəzərdə tutulan islahatları həyata keçirmək mümkün olmayacaq. Yeni kadrlar təyin olmalı, gənclər irəli çəkilməlidir. Öz bacarıqlarını göstərmək üçün onlara şərait yaradılmalıdır”.

Nərmin Haqverdiyeva