Hakimlərimiz dünya çempionatlarına niyə dəvət almırlar?

618

Ötən həftə Azərbaycan Televiziyasında 2015-ci ildə Bakıda keçiriləcək Avropa oyunlarına həsr olunmuş bir tok-şouya baxdım. Öncədən onu qeyd edim ki, bu, Azərbaycan teleməkanında tamaşa etdiyim ən səviyyəli idman verilişi idi. İştirakçılar arasında yüksək rütbəli rəsmilərin olması verilişə əlavə rəng qatmışdı. Veriliş Avropa oyunlarına həsr olunsa da, Braziliyada yenici başa çatan futbol üzrə dünya çempionatına da toxunuldu və oradan da Azərbaycan futboluna körpü salındı. Təəssüf ki, nə AFFA prezidenti Rövnəq Abdullayev, nə də PFL prezidenti Ramin Musayev bu tok-şouda iştirak edirdilər. Bu verilişdə onların cavablandırmalı olduqları çox sual səsləndirildi.

Tok-şouda Azərbaycan futbolunun problemlərini özündə ehtiva edən bir neçə məsələ müzakirə olundu. Mənim diqqətimi çəkən ən maraqlı sual isə Azərbaycan hakimliyi barədə aparıcının səsləndirdiyi: “Bizim hakimlər nə vaxt özbək Ravşan İrmatov kimi dünya çempionatının final mərhələsində görünəcəklər?” sualı oldu. Veteran hakim Rüstəm Rəhimov bu suala cavab verməyə cəhd etdi və dedi ki, 2018-ci ildə Rusiyada keçiriləcək dünaya çempionatında da bizimkilər olmayacaqlar. O fikrini belə izah etdi: “Dünya çempionatına təyinat almaq üçün hakimlər uzun bir yol keçirlər. Onlar FİFA-nın müəyyənləşdirdiyi 4-cü kateqoriyadan başlayaraq birinci kateqoriyaya qədər yüksəlməli, sonra top-qrupa düşməlidirlər ki, belə yüksək səviyyəli yarışlara dəvət edilsinlər. Bizdə isə hələ heç ikinci qrupa düşən hakim yoxdur”.

Bu izahla razılaşmaq olar. Doğrudan da, burada aparıcının sualına cavab verilib. Amma bu cavab nəticə üçün kifayət edir. Niyə bizim hakimlər indiyə qədər top-qrupa düşə bilmirlər? Əslində bu suala cavab vermək lazımdır. Axı Azərbaycan hələ SSRİ dövründə beynəlxalq arenaya Tofiq Bəhramov, Eldar Əzimzadə, Rüstəm Rəhimov kimi hakimlər verib. O vaxt həm əngəllərin, həm də rəqabətin böyük olduğu SSRİ kimi bir ölkədə dünya arenasına hakimlər çıxara bilmişiksə, indi niyə çıxara bilmirik? Bizdə istedadlar yoxdurmu? Əlbəttə, var. Sadəcə, onların qarşısında süni maneələr yaradılır. Zənnimcə, yadımda qalan bir neçə faktı saysam, fikrimin doğruluğuna şübhə yeri qalmaz.

Müstəqilliyimizin ilk illərində Azərbaycan futbol hakimləri arasında Xaqani Məmmədov və Tahir Süleymanov kimi istedadlı gənclər peyda oldu. Onlar beynəlxalq arenalarda uğurlu matçlar idarə edirdilər. Xaqani Məmmədov istedadının imkan verdiyi çərçivədə uğurlar qazandı, təəssüf ki, FİFA-nın 4-cü kateqoriyasından irəli gedə bilmədi. Daha sonra o, AFFA Hakimlər Komitəsinin sədri təyin olundu. Bundan sonra Tahir Süleymanovla onun münasibətləri pisləşdi. 1995-ci ildə Tahir Süleymanov 31 yaşında idi və mütəxəssislər onun imkanlarını yüksək qiymətləndirirdilər. FİFA hakimi idi. O, Avropa miqyaslı yarışlarda uğurlu matçlar idarə etməklə yeni cığır açırdı. Amma gözəgörünməz əllər onun yolunu bağladı. Tahir Süleymanov gənc yaşlarında hakimlikdən uzaqlaşmalı oldu.

Babək Quliyevin başına gələn hadisələr barədə yəqin ki, uzun-uzadı danışmağa ehtiyac yoxdur. O, FİFA-nın “istedadlar qrupu”na düşdükdən sonra “pis oğlan” oldu. AFFA Hakimlər Komitəsi heç bir səbəb göstərmədən onu və Anar Niyazovu hakimlikdən ömrülük uzaqlaşdırdı. Sonradan cəzasını susmaqla keçirən Anar Niyazov bağışlansa da, “dilini dinc qoymayan” Babəkin “qapısı” açılmadı. Halbuki, Babək Quliyev perspektiv vəd edirdi. İndiyə qədər qalsaydı, kim bilir, bəlkə də, Ravşan İrmatov kimi, o da Braziliyaya gedəcək, Azərbaycanı təmsil edəcəkdi. Görəsən, onu bu yüksəlişdən məhrum edənlər daha ağır zərbəni Azərbaycana vurduqlarını fərqindədirlərmi?

O vaxt Babəkin yolunu kəsənlər onun rüşvət qalmaqalına qarışdığını altdan-altdan söyləyir, guya yalnız hakimlikdən uzaqlaşdırmaqla ona yaxşılıq elədiklərini bildirirdilər. Əgər bu dedikləri doğrudursa, onlar yenə rüşvət hadisəsini ört-basdır etməklə Azəraycana zərbə vurduqlarını anlamalıdırlar. Rüşvəti ört-basdır etmək, ona rəvac vermək deməkdir və cinayətdir.

Daha bir istedad – Anar Salmanov da analoji vəziyyətlə üz-üzədir. O artıq xeyli müddətdir ki, Premyer Liqa oyunlarına təyinat almır. Anar Salmanov cəzalandırılıbmı? Bunu Hakimlər Komitəsindən başqa bilən yoxdur. Anar Salmanov Premyer Liqa oyunlarına niyə təyinat almır? Mən istəyirəm ki, bu suala  Hakimlər Komitəsinin sədri Xaqani Məmmədov cavab versin. Amma 100% əminəm ki, verməyəcək, verə bilməyəcək. Bu suala lap Ramin Musayev də cavab versə, məqbuldur. Onsuz da, Xaqani Məmmədovun cavab verməli olduğu sualları adətən, Ramin Musayev cavablandırır. Kim cavablandırır cavablandırsın, təki biz bu sualın cavabını bilək.

Bəli, biz “Neftçi” – “Qarabağ” oyununda Anar Salmanovun səhv etdiyinin şahidi olmuşuq. Amma bir oyuna görə ömürlük cəzalanma hadisəsinə dünya praktikasında rast gəlməmişik. Əslində Anarı cəzalanmış da saymaq olmur. Çünki o, birinci divizionun oyunlarına təyinat alır. Belə başa düşmək olar ki, Anar oyunları əvvəlki kimi yüksək səviyyədə idarə edə bilmədiyindən birinci diviziona göndərilib. Amma bu versiyanı da alt-üst edən fakt mövcuddur. Anar Salmanov oyunları aşağı səviyyədə idarə etsəydi, UEFA ona ard-arda təyinat verərdimi? Deməli, məsələ onun səviyyəsində deyil. Sadəcə, Azərbaycan hakimi kiminsə şəxsi qərəzinin qurbanıdır.

Son vaxtlar Hakimlər Komitəsinin sədri Xaqani Məmmədov Anar haqqında xoş sözlər deyir, amma ona Premyer Liqada təyinat verilib-verilməyəcəyi barədə suallardan yayınır. Bəllidir ki, Anarın təyinat alması Xəqani Məmmədovdan asılı deyil. Görünür, sehrli çubuq hələ Anarın xeyrinə olan jestini etməyib.

Hazırda Azərbaycan hakimlik məktəbində daha bir istedad parlamaqdadır. Bu, Əliyar Ağayevdir. Hələlik onun yolunu kəsən yoxdur. Hələlik Əliyar da sakit-sakit öz işi ilə məşğuldur. Amma sona qədər belə olacağına heç kim zəmanət verə bilməz.

Hakimlər Komitəsi AFFA-nın bir strukturudur. Onun PFL-dən heç bir asılılığı yoxdur. Amma nədəsə, hakimlik haqqında suallar, adətən, PFL prezidenti Ramin Musayevə ünvanlanır, hakimlərin oyunlarda buraxdıqları səhvlər Ramin Musayevin kabinetində müzakirə olunur. Hakimlərin xaricdəki təlim-məşq toplanışlarına Ramin Musayev rəhbərlik edir. Ramin Musayevin eks-hakim Elçin Məmmədov barədə dediyi “onsuz da, göndəriləsi idi, amma özü getmək istədiyini bildirdi və getdi” sözləri də düşündürücüdür. Mən klublarda Ramin Musayev-hakimlik tandemi barədə xeyli söz eşitmişəm. Amma əlimdə faktlar olmadığı üçün onlar barədə burada yaza bilmirəm. Hər halda “od olmayan yerdən tüstü çıxmır”. Bu barədə ən çox düşünməli olan Xəqani Məmmədovdur. Məncə, o öz-özünə belə bir sual verməlidir: “Niyə Hakimlər Komitəsinin sədri mən ola-ola hakimlik haqqında ən sanballı suallar Ramin Musayevə ünvanlanır?” Xaqani müəllim təkcə sual verməklə kifayətlənməyib, həm də bu sualın cavabını verməlidir.

Mən uzun illər apardığım müşahidələr nəticəsində belə qənaətə gəlmişəm ki, bizdə hakimliyin səviyyəsi futbolumuzun səviyyəsindən üstündür. Amma bu üstünlük Hakimlər Komitəsinin işinin nəticəsində deyil, ayrı-ayrı hakimlərin fərdi istedadlarının hesabına yaranıb. Təəssüf ki, həmin istedadların daha da inkişaf etməsinə yardım etmək əvəzinə Hakimlər Komitəsi (və ya ona drijorluq edənlər) parlayanların qarşısına süni əngəllər çıxarmağa çalışır. Hər halda, son 20 ildə 3 FİFA hakimi belə əngəllərlə qarşılaşıb. Düşünürəm ki, məhz bunun nəticəsində bizdə artıq Tofiq Bəhramovlar, Eldar Əzimzadələr, Rüstəm Rəhimovlar yoxdur.

ÜRFAN MƏMMƏDLİ